Bia.Az

"Bu suala rəsmi cavab verilmədi: Rusiya niyə Laçın şəhərini...?.. - 2023-cü il də bitdi..."

Siyasət
 3-01-2024, 00:19     198

Dünya həyatımızdakı daha bir il -2023-cü təqvim ilimiz də tarixə döndü... Allaha bir daha şükürlər olsun ki, bu il Azərbaycan xalqını yenə də Yuxarı Qarabağ və Şərqi Zəngəzurla bağl sevindirən xəbərlər çox oldu. Allah şəhidlərimizə rəhmət eləsin!.. Qazilərimizə isə Yaradandan şəfa və cansağlığı diləyirik... Dövlətimiz, ordumuz məhz onların şücaəti, canı-qanı sayəsində yalnız 8 anklav kəndimiz istisna olmaqla Quzey Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdi... 2023-cü ildə ölkə başçısının Xocalıya, Xankəndinə, Əsgərana, Xocavəndə, Ağdərəyə və s. üçrəngli bayrağımızı sancmasının sevincini yaşadıq... Yuxarı Qarabağda separatizmi də məhv etdik. Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda torpaqlarımızda dinc və təhlükəsiz yaşamlarına şərait yaradacağımız haqda rəsmi vədimizə rəğmən 32 ildən çox Kremlin himayəsində bəslənmiş separatçı rejimin tör-töküntüləri ilə birgə on minlərlə mülki erməni sakini də ərazimizi tərk etdi...

Ancaq təəssüf ki, iki yüz ildən çox hər iki xalqın yaşadığı faciələrin əsil baiskarı olan Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti 10 noyabr üçtərəfli bəyanatı “əsas” tutaraq Yuxarı Qarabağ və Şərqi Zəngəzurun “dəhliz” adlanan hissəsində qaldı... Ümid edək ki, işğalçı ölkə hərbçiləri də, uzağı, 2025-ci ilin noyabrında torpaqlarımızı bir dəfəlik tərk edəcəklər..

Bu minvalla 2023-cü il Azərbaycan xalqı üçün də bitdi... Fəqət, əvvəlki illərdə olduğu kimi, həm dünya, həm ölkəmiz üçün bir sıra suallar yenə də cavabsız qaldı...

Həmin sualların çoxu məhz Qarabağ və Zəngəzurla, işğaldan azad edilmiş torpaqlarımızla bağlıdır... Məsələn: 32 “yaşlı” separatçı-terrorçu rejimin və onun üzdəniraq “müdafiə ordusu”nun bir sutkada çökdürülməsi ilə nəticələnmiş 19-20 sentyabr lokal əməliyyatlarından sonra Həkəri çayı üzərindəki “Laçın” keçid məntəqəsini cəmi neçə erməni tərk etdi?.. Azərbaycanın müvafiq rəsmi qurumları bu suala rəsmi cavab vermədi. Halbuki, müasir texnologiyalar hesabına həmin məntəqədən keçən hayların sayını dəqiq şəkildə söyləmək mümkün idi... Əvəzində ermənilər bütün dünyaya car çəkdilər ki, Azərbaycan “100 mindən çox ermənini Qarabağdan zorla çıxardı, etnik təmizləmə apardı” və s.... Və bu rəqəm və qondarma olsa da, “fakt” “Domokl qılıncı” kimi başmızın üzərindən asılı qaldı... Əslində isə Qarabağda işğal dövründə və son günlərədək uzağı, 40-50 min erməni yaşayıb...

2023-cü ildə cavabsız qalan İkinci və daha çox maraqlı sual isə Azərbaycan dövlətinin suveren(!) ərazisindəki Rusiya hərbi kontingenti ilə bağlıdır:

“Rusiya “sülhməramlı”ları 2022-ci il avqustun 26-dan rəsmən Azərbaycanın nəzarətinə keçmiş və artıq 408 keçmiş məcburi köçkün ailənin, yəni 1555 nəfərin daimi məskunlaşmasının təmin edildiyi Laçın şəhərini niyə bu günədək virtual “işğal” altında saxlayır?..”

Bu sual 2022-ci il avqustun 26-dan bəri, demək olar ki, hər həftə meydana çıxıb və bəndəniz tərəfindən Moderator.az və digər saytlarda verilib. Ona görə də bu mövzuda dekabrın 4-də təqdim etdiyim sonuncu yazımı bur daha təkrarlamağa məcburam:

“Rusiyanın “sülhməramlı” sayılan hərbi qüvvələri Qarabağın dağlıq hissəsində, yəni suveren(!) ərazimizdə qalmaqla dövlətimizə qarşı ən azı virtual təxribatlarını davam etdirirlər.

Moderator.az-ın son araşdırmasından bəlli olur ki, əvvəlki aylarda olduğu kimi, Silahlı Qüvvələrimizin 19-20 sentyabr əməliyyatlarından sonra da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə təxminən bir həftəni çıxmaq şərti ilə qalan günlərə aid dislokasiya xəritələrində Laçın şəhəri bu ölkənin hərbi qüvvələrinin məsuliyyət zonasına daxil edilir. Bu, 3 dekabr 2023-cü il tarixindəki sonuncu xəritədə də belədir. Dəqiq araşdırma aparmaq çətindir. Çünki Rusiya MN-in saytının həmin bölməsində bir neçə dəqiqə izləmə apardıqdan sonra sayta giriş bloklanır. Lakin biz gündəlik olaraq bəhs edilən saytın xəbər bülletenləri və dislokasiya xəritələrini izlədiyimizdən deyə bilərik ki, maksimum 7-8 gün istisna olmaqla son 3 aya yaxın (bu gün artıq 3 ay 12 gündür- 01.01. 2023) müddətdə Rusiya Müdafiə Nazirliyi Laçını öz “məsuliyyət zonası”dan çıxarmayıb...

Ümumiyyətlə, dəfələrlə qeyd etdiyimiz kimi, Laçın şəhəri 2022-ci il avqustun 26-dan, yəni qanunsuz məskunlaşdırılmış ermənilər həmin rayon mərkəzi, eləcə də rayonun Zabux və Sus kəndlərini tərk etdikdən və Ali Baş Komandan İlham Əliyev özü şəxsən bu şəhərə daxil olaraq həmin məkanın da Azərbaycan dövləti və ordusunun bilavasitə nəzarətinə daxil olduğunu elan etdikdən bəri keçən müddətdə də hansı səbəbdənsə Rusiyanın “hədəf”ində olub. Və Kreml 1 il 3 aydan çox müddətdəki günlərin böyük əksəriyyətini Laçını virtual “işğal” altında saxlayıb. Artıq bunun səbəbini təsadüf, texniki səhvlə və ya Rusiya MN-in həmin xəritələri tərtib edən Moskvadakı əməkdaşlarının sərxoş vəziyyətdə olmasıyla izah etmək çox gülüncdür. Təəssüf ki, bəhs edilən vaxt ərzində bu haqda yazdığımız xəbər və araşdırmalara, həmçinin Müdafiə Nazlirliyinə müraciətlərimizə rəğmən hərbi ekspertlər Üzeyir Cəfərov və Ədalət Verdiyev istisna olmaqla hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin bu məsələ haqda ciddi açıqlama verməsinə rast gəlməmişik. Halbuki, Rusiya MN-in belə uzun bir müddətdə Laçın kimi hərbi strateji və hazırda güclü və geniş bərpa və yenidənqurma işlərinin getdiyi, böyük maliyyə və insan resurslarının xərcləndiyi bir şəhəri virtual “işğal”da saxlamasını yalnız müstəqil(!) Azərbaycan dövlətinə və xalqına müəyyən bir mesaj kimi dəyərləndirmək mümkündür...”
Unudanlara və ya bilməyənlərə onu da xatırladaq ki, artıq 2022-ci il avqustun 31-dən etibarən Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri də daxil olmaqla 2020-ci ilin noyabrından yaradılmış və Rusiya hərbçilərinin nəzarət etdiyi "Laçın dəhlizi" Azərbaycan dövləti hesabına çəkilmiş alternativ Xankəndi-Şuşa-Gorus yolu ətrafına keçirilib...

Qarabağ və “sülhməramlı”lar haqda Rusiya başçısı V.Putinin son canlı mətbuat konfransında söylədikləri, həmçinin Rusiya müdafiə Sergey Şoyqunun bu günlərdə işlətdiyi çoxbaşlı ifadələr bizləri Kremlin dediyi hər bir kəlməyə, atdığı hər bir həm real, həm də virtual addıma qarşı maksimum diqqətli olmağa vadar etməlidir.

Ümid edirik ki, 2024-cü ildə, nəhayət, Laçın şəhəri ilə bağlı bu sualın rəsmi cavabı veriləcək...

Müəllif: Sultan Laçın - Mənbə: moderator.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1