Bia.Az

İrəvanın Bakı ilə Moskvanı üz-üzə qoymaq niyyəti - ŞƏRH

Siyasət
 1-01-2024, 19:19     232

Nikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib.

Bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.

“Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib.

Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq:

“Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək".

Erməni politoloq Argişti Kiviryanın sözlərini "Sherg.az" üçün şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Rusiyanı təqsirkar sayan Ermənistan, acı məğlubiyyətinin məsuliyyətindən yaxa qurtarmağa cəhd edir:
"İrəvan hər dəfə bəyən edir ki, Rusiya müharibə zamanı Ermənistanı dəstəkləməli idi. Bilavasitə bununla Ermənistan dövləti etiraf edir ki, Birinci Qarabağ müharibəsində də Rusiyanın onlara böyük dəstəyi olub və bu dövlət öz gücünə deyil, havadarlarının köməyi ilə ayaqda qalır.
Müharibədən sonra isə Ermənistan dövlətinin Qərbə meyillənməsi ölkə daxilində də anti-Rusiya abı-havasını gücləndirməyə başladı. Erməni ictimaiyyətinin Rusiyadan bu qədər tez inciməsinin səbəbləri də müharibədəki nəticələrlə birbaşa bağlıdır.
Postmüharibə dövründə də Ermənistan hərbi-siyasi rəhbərliyi və erməni ictimaiyyəti Moskvadan istədiklərini ala bilmədiyi üçün bu soyuqluq daha da dərinləşdi. Beləliklə, Ermənistan dövləti media vasitəsilə anti-Rusiya təbliğatını gücləndirdi.
Bundan sonra isə rəsmi Kreml müxtəlif rəsmi kanallarla Ermənistana xəbərdarlıqlar etdi. Bildirdi ki, onların Türkiyə və İranla sərhədlərin ruslar qoruyur, Gümrüdə 102-ci hərbi bazası yerləşir, Ermənistandakı dəmir yolları Rusiyaya aiddir, Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtiyazlar əldə edilir, Rusiyadan ucuz qaz alınır".
E.Səftərov həmçinin Ermənistanın iqtisadi, hərbi və təhlükəsizlik cəhətdən Rusiyadan asılı olduğunu vurğulayıb:
"Ermənistan isə öz növbəsində Rusiyanı bir növ yenidən sınağa çəkərək 2022-ci ildə sərhəddə təxribatlara başladı və önəmli strateji yüksəklikləri itirdi. Nəticədə isə yenidən Rusiyanı və KTMT-ni günahlandırdı. Hətta üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında keçirilən təlimlərə qoşulmadı, ölkəsində ABŞ-la birgə təlimlərə başladı.
Bundan əlavə, Azərbaycan Ordusu Fərrux yüksəkliyini nəzarət götürəndə, ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirəndə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulanda da Ermənistan Rusiyanı günahlandıraraq bütün məsuliyyəti onun üzərinə atdı. İrəvan belə fikir formalaşdıraraq, özünə haqq qazandırdı ki, artıq Rusiya onların tələbələrinə cavab vermir. Ermənistan dövləti üçün əsas məsələ onun təhlükəsizliyidir. Buna görə də biz Qərbə güvənsək, onlar bunu təmin edə bilərlər. Bu məqsədlə Ermənistan Avropa İttifaqının (Aİ) monitorinq missiyasını ərazisində yerləşdirərək təhlükəsizlik məsələlərini digər bir gücə həvalə etdi.
Hadisələrin xıranologiyası onu deməyə əsas verir ki, Ermənistan Rusiyanı ittiham etməklə, onu günahlandırmaqla bilavasitə Bakını Moskva ilə üz-üzə qoymaq niyyəti güdür.
Qərbin direktivlərini yerinə Ermənistan region ölkələri arasında da sabitliyi pozmaq üçün Azərbaycanla Rusiyanı və Moskva ilə Ankaranı öz oyunlarına cəlb etmək istəsə də, bunu bacarmır".
скачать dle 12.1