Bia.Az

İran dayanmır: Bakıya qarşı inanılmaz təxribat - Video

Siyasət
 20-12-2023, 15:07     243

Azərbaycana qarşı mövqeyi ilə seçilən iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb. Maraqlıdır ki, bu “təhlil” İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” (İran Diplomacy) analitik portalında yerləşdirilib. Başqa cür desək, bu mövqe həm də İran XİN-in yanaşmasıdır.

Axar.az sözügedən məqaləni təqdim edir:

“Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, münaqişələrə və tərəflərin ziddiyyətli bəyanatlarına baxmayaraq, elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır.
Amma sual olunur ki, Azərbaycan “qisas” dedikdə nəyi nəzərdə tutur?
Azərbaycan Prezidenti İlham Əliyevin hökumətinin məqsədi, ilk növbədə, təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bakı bilir ki, ermənilər Ermənistanın suveren ərazilərinin itirilməsi (? – red.), ermənilərin etnik təmizlənməsi (? – red.), “Artsax xalqı”nın (? – red.) deportasiyası və Artsaxın Bakı tərəfindən işğalı (? – red.) ilə heç vaxt barışmayacaqlar.
Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə aşağıdakı bəndləri daxil etmək niyyətindədir:
1. Bütün Artsaxın işğalı (? – red.) və Ermənistan Respublikasının (işğal edilən) hazırkı suveren ərazilərinin “Bakı hökuməti”nin (? – red.) ərazisinə verilməsi haqqında yazılı və sənədləşdirilmiş razılaşma;
2. Ermənistanı Gürcüstan və İranla birləşdirən əsas logistik yolların suverenliyinə nəzarət. Bu məqsədlə Naxçıvan sərhədinə yaxın Tiqranaşen (Kərki kəndini nəzərdə tutur – red.) və Gürcüstan yaxınlığındakı Tavuş bölgəsində kəndlərinin işğalı gündəmdədir;
3. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kəskin ixtisar edilməsi və Bakının Ermənistan silahlı qüvvələrinin sayına, eləcə də silahların kəmiyyət və keyfiyyətinə nəzarət etmək hüququnun təmin edilməsi;
4. Əliyev hökuməti tərəfindən yüz minlərlə və daha çox bakılının (? – red.) Ermənistanın əsas rayon və şəhərlərinə köçürülməsi;
5. Ermənistanın ərazi bütövlüyünün nominal tanınmasına baxmayaraq, Türkiyə və Bakının Ermənistanın cənub hissəsi və ya qondarma “Zəngəzur dəhlizi” üzərində ikitərəfli nəzarətinin asanlaşdırılması; yəni Ermənistan hökumətinin bu dəhliz üzərində suverenliyi hüququ olmasın, nəticədə Ermənistanın cənub hissəsi bu ölkədən ayrılsın;
6. Artsax Respublikasını (? – red.), 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” ilə bağlı bölmələri və “Qərbi Ermənistan” ifadəsini çıxarmaqla Ermənistanın Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsi, Ermənistanın gerbində erməni kimlik rəmzi Ağrı dağının təsvirinin çıxarılması ilə düzəliş edilməsi.
Bu müddəalar əslində Bakının Ermənistandan tələb etdiyi sülhün qiymətidir.
Ola bilsin ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərtərəfli təzyiqin tətbiqi ilə İrəvanla Bakı arasında mümkün sülh sazişini imzalasın və yuxarıda qeyd olunan bəndlər imzalanacaq məxfi protokollara salınsın. Ermənistan hakimiyyətinin Bakıya hansı təminatlar verdiyini göstərməyən saziş dərc olunacaq və ya heç olmasa sülh müqaviləsinin bəzi müddəaları gizli saxlanılacaq.
Buna görə də İran İslam Respublikası bu qondarma sülh danışıqlarına qarşı sayıqlığını maksimum dərəcədə artırmalı, qeyri-münasib müddəaların, xüsusən də yuxarıda qeyd olunan 2 və 5-ci bəndlərin İrəvanın üzərinə qoyulmasının qarşısını almaq üçün mümkün razılaşmanın müddəalarını almalı və öyrənməlidir”.
Məqalədə istifadə edilən “terminlər”, hadisələrin təhrifi, Azərbaycanın işğalçı kimi göstərilməsi, Azərbaycan hakimiyyətinin “Bakı hakimiyyəti”, azərbaycanlıların “bakılılar” adlandırılması, “artsax xalqı” ifadəsi, keçmiş, qondarma və özünü buraxan qurumdan “respublika” kimi danışılması, Azərbaycanın xəritələrdə təsbit edilən, hər kəsin qəbul etdiyi, Ermənistanın özünün belə 29,8 min kv.km-ə daxil olmadığını etiraf etdiyi 8 kəndinin – eksklavının geri tələb edilməsinin “Ermənistanın işğalı” adlandırılması, Ermənistanın Türkiyəyə ərazi iddiasının əks olunduğu rəmzlərin “erməni kimliyi” olaraq göstərilməsi və s. bu məqalənin yalnız erməni mövqeyindən yazıldığını göstərmir, həm də İranın Ermənistanı Azərbaycana qarşı təhrik etməsinin nümayişidir. Əks halda İran XİN-in saytında belə bir məqalənin dərci mümkün olmazdı.
Eyni zamanda, bu məqalə Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinə təzyiq formalaşdırmaq və sülhü pozmaq məqsədi daşıyır.
İran olduqca təhlükəli oynayır.
скачать dle 12.1