Bia.Az

Putindən yeni Qarabağ “ağlaşması” – Oxlar həm Bakını, həm də İrəvanı göstərir

Siyasət
 20-12-2023, 02:25     307

Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında yenidən Qarabağ məğlubiyyətinə görə Ermənistanı, daha doğrusu, Ermənistan hakimiyyətini günahlandırıb. “Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır”, - deyən Rusiya lideri bildirib.

O, Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib, ermənilərə isə mesaj ünvanlayıb: “Ermənistanda Qarabağla bağlı sadə proseslər getmir. Bunu hamımız başa düşürük. Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan İrəvandır. Onlar əslində bunu öz təşəbbüsləri ilə ediblər və bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Bu, bir faktdır. Yaxşı, belə olsun, orada daxili siyasi proseslər mürəkkəbdir”.

Bununla yanaşı, “MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir”, deyən Putinin sözləri, ekspertlərin qənaətincə, rəsmi İrəvana hədə-xəbərdarlıqdır.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən sonra Rusiya tərəfindən Putinin son açıqlamasına bənzər bəyanatlar verilib. Bir neçə dəfə Putinin özü, bir neçə dəfə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri Paşinyanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərə görə ittiham ediblər.

Mövzu ilə əlaqədar AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladıb ki, 10 noyabr 2020-ci ildə Üçtərəfli Birgə Bəyanat imzalanandan sonra açıqlamalarında Putin birmənalı şəkildə bildirirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir:

- Amma Rusiya lideri müxtəlif vaxtlarda ikibaşlı bəyanatlar verməyə başladı. Ötən ilin oktyabrında Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşündən sonra Ermənistan Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bundan sonra sanki Rusiyanın Ermənistana təhriki ilə, İrəvandan tələbi ilə sülh danışıqları dayandı. Putin bundan sonra çıxışlarında Ermənistanı şantaj etməyə başladı. Hətta Rusiya XİN də Putinin sözlərini təkrarlayan bəyanatlar verirdi, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə Paşinyanı günahlandırmağa başladılar.

Hadisələrin inkişafı, danışıqlarda Qərb platformasının üstünlük qazanması prosesi o istiqamətə gətirdi ki, Putin vəziyyətin dəyişdiyini gördü. Anladı ki, Qərbin təşəbbüsü Moskvanı üstələyir, Azərbaycan isə tələblərində israrlıdır, mövqeyindən və maraqlarından geri çəkilmir. Paşinyan hökumətinin də anti-Rusiya addımları, KTMT sammitindən imtinası, “Roma statutu”nun Ermənistan tərəfindən qəbulu Rusiyanı qıcıqlandırdı. Bu addımlar Putinin imperiya ambissiyaları baxımından qəbul edilmədi. Ermənistanda yaranan anti-Rusiya əhvalını bir növ kompensasiya etmək məqsədilə indi Putin belə açıqlamalar verir.

- Putinin dediyindən belə anlaşılır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsəydi, Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaqdı...

- Əlbəttə, tanıyacaqdı, tanıyırdı. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, qəbul edir. Eləcə də Rusiya Prezidenti bir neçə dəfə Qarabağın Azərbaycana aid olduğunu bildirmişdi. Dəfələrlə ermənilər Putinin bu bəyanatlarını dilə gətirib, bunu “Rusiyanın Ermənistana xəyanəti” adlandırırdılar. Sadəcə olaraq Putin, ümumilikdə Rusiya günahı Ermənistan hakimiyyətinin üzərinə qoymaq istəyir, bununla da erməni cəmiyyətində anti-Rusiya mövqeyinin aradan qalxmasına, yenidən Ermənistan cəmiyyətində itirilmiş mövqelərinin bərpasına çalışır.

Hesab edirəm ki, Putinin bu sözləri Azərbaycana yox, Ermənistan cəmiyyətinə yönəlikdir, ermənilərə mesajdır. Ermənilərə demək istəyir ki, Paşinyandır günahkar. Onsuz da üç ildir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Belə qıcıqlandırıcı açıqlamalar verməklə Putin həm də düşünür ki, bəlkə, Ermənistanda xalqı Paşinyana qarşı ayağa qaldıra bildi.

- Amma həm də Azərbaycana hörmətsizlik deyilmi?

- Təbii ki! Rusiya Prezidenti belə ifadələrlə Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycana hörmətsizlik edir. Bu isə qəbulolunmazdır. Amma rəsmi Bakı bu məsələnin üzərinə ona görə çox getmir ki, burada Azərbaycana qarşı xüsusi təhdid yoxdur. Əksinə, Putin Ermənistanı təhdid etdi, “yumşaq hücum” etdi. Məsələn, bildirdi ki, Ermənistanın KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxması İrəvanın özü üçün yaxşı deyil. Bu sözlərin arxasında başqa mənalar dayanır. Putinin ardınca Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Ermənistan ciddi təhlükəli risklər edir. Demək istəyirəm ki, Putinin çıxışı Azərbaycana yox, Ermənistana yönəlmişdi. Amma əlbəttə, ermənilərin könlünü almaq, erməniləri Paşinyana qarşı qaldırmaq niyyəti naminə Azərbaycana hörmətsizlik qəbulolunan deyil.

- Rusiya Ermənistana təhdidlərindən, xəbərdarlıqlarından sonra hansı addımları ata bilər?

- Rusiyanın Ermənistana təsir imkanları həddən çoxdur. Həm siyasi, həm diplomatik, həm hərbi, həm iqtisadi rıçaqlar var. Məsələn, bir neçə gün əvvəl “Yuxarı Lars” keçid məntəqəsində Ermənistan məhsulları daşıyan yük maşınları fitosanitariya yoxlanışından sonra geri göndərildi. Bu, Ermənistanı çox çıxılmaz vəziyyətdə qoydu. Çünki iqtisadi cəhətdən Ermənistanın məhsullarını Rusiyanın qəbul etməməsi İrəvan üçün fəlakətə bərabərdir. Rusiya bununla bir növ İrəvana xəbərdarlıq etmiş oldu. Ermənistan iqtisadiyyatının 48 faizi əmlak olaraq Rusiyanın əmlakı sayılır.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın enerji məsələlərində Ermənistana kifayət qədər təzyiq imkanları mövcuddur. “Metsamor” AES faktiki olaraq Rusiyanın zənginləşdirilmiş uranı ilə işləyir. Bu dayandırılsa, Ermənistan üçün katastrofik vəziyyət yaradar. Üstəlik, Rusiya Ermənistana qazı ucuz qiymətə tədarük edir. Putin, rəsmi Moskva “Ermənistan üçün ciddi təhlükələr” dedikdə bunları nəzərdə tutur.

- Üstəlik hərbi təsirləri də var...

-Tamamilə doğrudur. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası hər an Ermənistan üçün təhlükə deməkdir. Düzdür, hərbi bazanın Ermənistanda hərbi çevriliş etmək ehtimalı aşağı qiymətləndirilir, amma sui-qəsdlər həyata keçirilə bilər. Həm də bu aktlar ermənilərin özlərinin əli ilə həyata keçirilə bilər. Necə ki, 1999-cu ilin 27 oktyabrında Rostovdan göndərilən erməni Ermənistan Parlamentində terror törətdi, əsas siyasi fiqurlar öldürüldü.

Bütün bunlarla yanaşı, onu da unutmayaq ki, Rusiya üçün bunları bir anda həyata keçirmək çətindir. Çünki Qərb Paşinyanın həm fiziki təhlükəsizliyini qoruyur, həm informasiya ilə təmin edir. Qərbdən Ermənistana iqtisadi yardımlar edilir. Məsələn, Avropadan Qarabağdan gedən ermənilərə yardım adı altında İrəvana milyonlarla dollar göndərilir. Yəni Ermənistan üzərində Qərb-Rusiya qarşıdurması yaşanır. Amma nəzərə almaq lazımdır ki, hələ də Rusiya Ermənistanda güclüdür.
скачать dle 12.1