Bia.Az

İran, Rusiya və Azərbaycan birləşir – Üç ölkə arasında sensasion razılıq

Siyasət
 19-12-2023, 17:46     248

İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacağını açıqlayıb.

Zəngəzur dəhlizi layihəsinin Ermənistan deyil, İran ərazisi vasitəsilə həyata keçirilməsi ilə bağlı qərardan sonra Ş.Əfəndizadənin açıqlaması diqqət çəkib. Artıq çoxdandır gözlənilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin rəsmən açıqlanması Bakı və Tehran arasında gərginliyin başa çatması, münasibətlərin tənzimlənməsi kimi qiymətləndirilir.
Beləliklə, Tehranla Azərbaycan arasında siyasi münasibətlər düzəlir deyə bilərik? Bu yol Zəngəzur dəhlizinə alternativ olaraq nəzərdə tutulub? Layihə Azərbaycana hansı üstünlükləri qazandıracaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov Zəngəzur dəhlizi ilə Rəşt-Astara yolunun tikintisinin fərqli istiqamətləri əhatə etdiyini deyib:
“Zəngəzur dəhlizi layihəsi Azərbaycan, Türkiyə və İran üçün çox əhəmiyyətlidir. Avrasiya məkanındakı bir çox dövlətlər ondan Şərq-Qərb nəqliyyat marşrutunun vacib tərkib hissəsi kimi yararlana bilərlər. Rəşt-Astara dəmir yolu isə əsasən Şimal-Cənub dəhlizinin nəqliyyat xətti kimi nəzərdən keçirilir. Gələcəkdə Zəngəzur dəhlizinin Şimal-Cənub nəqliyyat xəttinə birləşdirilməsi amili də real görünür. Ümumilikdə isə Rəşt-Astara dəmir yolu Rusiya, İran və Azərbaycanı əhatə edən, yəni Avropanın şimalı ilə Asiyanın cənubunu birləşdirəcək nəqliyyat dəhlizinin tərkib hissəsidir. Bu, kifayət qədər mühüm layihədir. Çünki layihə Şimali Avropadan Cənubi Asiyaya, yaxud əks istiqamətdə yüklərin daşınmasında vacib rola sahibdir”.
Politoloq: Fransanın Ermənistanı himayə etməsi onun beynəlxalq hüququn normalarını kobudcasına pozduğunu göstərir - AZƏRTAC
Sultan Zahidov
Politoloq rəsmi olaraq Rəşt-Astara-Qəzvin adlanan layihənin reallaşması üçün bir sıra maneələrin yarandığını bildirib:
“Hələ 2005-ci ildə Azərbaycan, Rusiya və İran arasında bu nəqliyyat xəttinin təmin edilməsi ilə bağlı razılıq əldə edilmişdi. Şimal-Cənub kommunikasiya xətlərinin təkmilləşdirilməsi nəzərdə tutulurdu. 2009-cu ildə bu dəmir yolunun Rəşt-Qəzvin hissəsi tikilməyə başladı və 2018-ci ildə tamamlandı. Geri Rəşt-Astara hissəsinin tikilməsi qalmışdı ki, bu məsələ xeyli yubandı. Onun da əsas səbəblərindən biri Azərbaycan və İran arasında vaxtaşırı yaşanan gərginliklər idi. Tehran layihənin icrasını hər vəchlə gecikdirməyə çalışırdı. Layihənin icrası üçün İrana həm də Rusiya təzyiq göstərirdi. Çünki tamamlanma üçün bircə bu hissə qalmışdı. Sözügedən layihənin marşrut xətti İranın Qəzvin şəhərindən başlayaraq oradan Rəştə, daha sonra İranın Astara bölgəsinə, sonra isə Azərbaycanın Astara rayonuna, buradan şimala və Rusiyaya uzanır. Nəticədə üç ölkənin kommunikasiya xətləri birləşir”.
S.Zahidov layihənin Azərbaycana həm İran qarşısında, həm də geosiyasi baxımdan üstünlüklər qazandıracağını deyib:
“İran tərəfinin dekonstruktiv mövqeyi və əsassız iddiaları səbəbi ilə Rəşt-Astara hissəsinin tikintisi xeyli yubadıldı. Yaxın zamanda Rusiyadan bu xəttin təmin edilməsi üçün razılığın əldə edildiyi elan olundu. Son olaraq isə iranlı nazir yolun tikintisinə başlanacağını rəsmi şəkildə açıqladı. Bu məsələ həm də regionun geosiyasi konyukturuna təsir edəcək. Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirəcək, bir sıra iqtisadi və siyasi dividentlər gətirəcək. Artıq İran Azərbaycanla bağlı hər hansı kəskin addım atmamışdan öncə iki dəfə düşünməli olacaq. Tehran Moskva ilə ticari əlaqələrində Bakının əhəmiyyətini anlamalıdır. Burada əsas məsələ İranın mövqeyinin sona qədər sabit qalması, dəyişməməsidir. Düşünürəm ki, hər hansı maneə olamayacağı təqdirdə dəmir yolunun tikintisi 2027-2028-ci illərdə başa çatacaq”.скачать dle 12.1