Bia.Az

"Ermənistan Qərbdəki havadarlarından qopsa, Zəngəzur yolu ilə qazanclı "gələcək" üçün yol aça bilər"

Siyasət
 18-12-2023, 15:18     295

"Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq niyyətlərini təsdiqləyərək, sülhə nail olmaq üçün imkanların olması barədə razılığa gəldiklərini bəyan etdilər. Azərbaycan Prezident Adminstrasiyası və Ermənistan Baş Nazirliyinin birgə bəyanatında bildirilib ki, Bakı və İrəvan arasında keçirilən görüşlər nəticəsində iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə olunub. Bəyanatda deyilir ki, “Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin olması ilə razılaşırlar. Hər iki dövlət suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri tənzimləmək və sülh müqaviləsi imzalamaq niyyətini təsdiqləyir”. Sülhə doğru mühüm addım atılıb".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli jurnalist-yazar Muhammet Kutlu danışıb. O, qeyd edib ki, Azərbaycan həmişə problemin həllini, sülhü istəyən tərəf olub. Ermənistan həmişə Qərb dövlətlərinin və erməni diasporunun maddi yardımı və mənəvi dəstəyi ilə özünə həddən artıq arxayın olan və barışmaq istəməyən tərəf olub. Amma İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi.

Jurnalist hesab edir ki, əslində, bu qələbənin gəlişində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafı və yüksəlişi, eləcə də dünyada tarazlıqların dəyişməsi böyük təsir göstərmişdir.

“Bildiyiniz kimi, Azərbaycanı 30 il Minsk qrupunun "fəaliyyətsizliyi" ilə məşğul edənlər də Ermənistanı Azərbaycana qarşı qoyan imperialist qərb ölkələri olub. Lakin pandemiya ilə dünya iqtisadiyyatı və qərb iqtisadiyyatları böyük ziyan gördü. İngiltərə, Fransa, İtaliya və Almaniya kimi ölkələrdə yanacaq və xüsusilə, ərzaq məhsulları qıtlığı başladı. Market rəfləri tamamilə boşaldı. Avropada və ABŞ-da insanlar sözün əsl mənasında ac qaldılar. Bunun səbəbi, pandemiyanın tədarük zəncirini qırması və Qərbə məhsul göndərən Çinin bağlanması idi. Pandemiyadan sonra baş verən Rusiya-Ukrayna müharibəsi və onun ardınca ABŞ və Aİ-nin Rusiyaya qarşı embarqoları və təbii qaz təchizatının kəsilməsi Avropanı çox, çox çətin vəziyyətdə qoydu.

Ermənistanın ənənəvi qaz döyüşçüləri və onların havadarları, son beş ildə ciddi problem yaşayıblar. Bu, təbii ki, bu ölkədə sülhdən başqa yol qoymur. Çünki artıq nə silah, nə də pul tapmaq o qədər də asan deyil”-deyə jurnalist əlavə edib.

Ermənistan da İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycanın imzaladığı və bütün dünyaya elan edilən Şuşa Bəyannaməsində özünə aid olan “zeytun budağı”nı qəbul etmək yolundadır. Qərbli havadarlarının iqtisadi və siyasi böhranının yaxın və orta perspektivdə bitməyəcəyini anlayan Ermənistan Türkiyə və Azərbaycanın sülh və ticarət təklifini qəbul etməli oldu. Bu yolla özü üçün çox düzgün addım atdı. Çünki Çindən gəlib Londona qədər uzanan dəmir ipək yolu keçdiyi marşrutlara iqtisadi dinamizm və qazanc gətirir.

Kutlu qeyd edib ki, Ermənistan əslində Zəngəzur dəhlizinin açılmasından ən çox faydalanacaq ölkələrdən biridir. Burada Ermənistan Qərbdən gələn üç-beş milyard dollarla yarı ac və ya yarı tox həyatdansa, dünya ticarətinin ortasında qalmaqla iqtisadiyyatını gücləndirib milyardlarla dollar qazanmağa üstünlük verməlidir.

“Sülh dövrünün hər iki ölkə və region üçün faydalı olmasını arzulamaq bizim borcumuzdur”-deyə Kutlu vurğulayıb.


BİA.az
скачать dle 12.1