Bia.Az

Paşinyan sülh sazişindən imtina edir:İrəvana prosesi “dondurmaq” təlimatı verilib

Siyasət
 12-08-2023, 17:18     308

Rəsmi İrəvan Ermənistanın sülh prosesindən uzaqlaşma variantları üzərində düşünür, ancaq Paşinyan hakimiyyəti bu niyyətini birbaşa bəyanlamağa da cəsarət etmir… Hər halda, rəsmi İrəvan sülh sazişindən açıq mətnlə imtina ediləcəyi təqdirdə, Ermənistanı növbəti dağıdıcı savaşda ağır məğlubiyyətin gözlədiyini hamıdan yaxşı bilir…

Cənubi Qafqazda sülh prosesi olduqca ciddi təhlükə qarşısında qalıb. ABŞ və Qərbin israrlı cəhdlərinə baxmayaraq, regional sülh prosesinin pozulma ehtimalı indi daha inandırıcı görünür. Cənubi Qafqazda bir çox dünya nəhənginin geopolitik maraqlarının kəskin şəkildə toqquşması bu regionda sülhün və sabitliyin bərpasına əsas əngəl rolunu oynayır. Və bu baxımdan, regionda hərbi-siyasi situasiyanın hər ötən gün daha da gərginləşməsi qətiyyən gözlənilməz deyil.
Yenixeber.org: Təbii ki, regional sülh prosesinin pozulmasına yönəlik cəhdlərdə məhz Ermənistan “geopolitik alət” rolunu oynayır. Rəsmi İrəvanın müstəqil siyasət yürütmək, qərarlar qəbul etmək imkanları demək olar ki, mövcud deyil. Hazırda Paşinyan hakimiyyəti daha çox Ermənistanın maraqlarına cavab verən sülh sazişinə imza atmaq şansından da uzaqdır. Və bu səbəbdən də, rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarının təlimatlarına uyğun davranmaqda davam edir.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda eyni vaxtda iki xətt üzrə paralel hərəkət etməyə çalışır. Rəsmi İrəvan anlayır ki, sülh prosesindən açıq şəkildə imtina Ermənistan üçün böyük fəlakətlər vəd edir. Ona görə də, bir tərəfdən, Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu bəyanlayır.
Digər tərəfdənsə, Paşinyan hakimiyyəti sülh prosesinin mümkün qədər uzadılması məqsədilə Azərbaycana qarşı ardıcıl təxribatlar törədir. Buna misal olaraq, Laçın postuna Ermənistan hərbçiləri tərəfindən atəş açılmasını, rəsmi Bakıdan icazə almadan Azərbaycanın Qarabağ regionundakı erməni azlığına “hümanitar yük” keçirilməsinə cəhd göstərilməsini və s. göstərmək olar. Və rəsmi İrəvanın belə təxribatlarının fonunda sülh prosesinin uğur qazanma ehtimalına ciddi yanaşmaq sadəlövhlük olardı.
Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə rəsmi İrəvanın sülh gündəminə hələ də sadiq qalmaqda davam etdiyini bildirib. Üstəlik, erməni baş nazir rəsmi İrəvanın hərbi-siyasi təxribatlar törədən tərəf olmasına baxmayaraq, Azərbaycanı regionda sülhün bərqərar olması səylərini puça çıxarmamağa çağırıb. Yəni, rəsmi İrəvan təxribat törədir, sülh prosesini əngəlləyir, ancaq bunun günahını Azərbaycanın üzərinə atmağa çalışır. Və belə xəstə təxəyyüllü erməni zehniyyəti ilə hansısa məsələ ətrafında anlaşmaya cəhd etmək də çox ağır prosesdir.
Məsələ ondadır ki, sülh gündəminə sadiq olduğunu təkrarlayan baş nazir Nikol Paşinyan mövcud situasiyadan çıxış yolu üçün Azərbaycanı “Laçın dəhlizi”nin “qeyri-qanuni blokada”sının aradan qaldırılmasına və beynəlxalq mexanizmlər çərçivəsində Xankəndi-Bakı dialoqunun başlandılmasına da çağırıb. Elə bu “çağırış” da göstərir ki, erməni baş nazir nəinki sülh gündəminə sadiq deyil, əksinə, bu barədə hər hansı düşüncəsi belə, yoxdur. Və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi ilə situasiyanı daha da gərginləşdirməyə çalışır.
Birincisi, “Laçın dəhlizi” artıq yoxdur, rəsmi İrəvan bunu həmişəlik unutmalıdır. Laçın yolu var və onun Ermənistanla sərhəd başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. İkincisi, Laçın postunun yaradılması Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş suveren hüququdur. Yəni, rəsmi Bakının Azərbaycan ərazisinə nəzarət etməsi “blokada” kimi izah edilə bilməz. Üstəlik, Laçın postundan hər gün Qarabağın erməni azlığını təmsil edən şəxslər sərbəst şəkildə hərəkət edirlər.
Nəhayət, beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Orada yaşayan erməni azlığının hüquq və təhlükəsizliyi də məhz Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməslidir. Hər hansı dövlət öz ərasində olan hər hansı etnik azlığa xüsusi imtiyazlar tanımaz. Rəsmi Bakı da Qarabağdakı erməni azlığına Azərbaycan Konstitusiyasında bütün vətəndaşlara aid olan hüquqlardan daha artığını verməz. Və bu məsələ də birmənalı şəkildə Azərbaycanın daxili işdir.
Ancaq göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyan “beynəlxalq mexanizmlər çərçivəsində Xankəndi-Bakı dialoqu” istəyi ilə Azərbaycanın daxili işlərinə qarışmaq istiqamətində uğursuz cəhd göstərir. Əslində, rəsmi İrəvan da anlayır ki, 2020-ci ildə Ermənistanın biabırçı məğlubiyyətə uğradığı 44 günlük savaşdan öncəki situasiyanı bundan sonra heç vaxt geri qaytarmaq mümkün olmayacaq. Ancaq Paşinyan hakimiyyəti sülh prosesinin əngəllənməsi üçün məhz bu “mövzu”dan maksimum səviyyədə istifadə etməyə çalışır.
Məsələ ondadır ki, rəsmi İrəvanın son davranışları Ermənistanın sülh prosesindən imtina etmək variantları üzərində düşündüyünü biruzə verir. Ancaq Paşinyan hakimiyyəti bu niyyətini açıq mətnlə bəyanlamağa da cəsarət etmir. Ona görə də, sülh prosesini heç olmasa, qeyri-müəyyən müddətə “dondurmaq” şansı qazanmaq üçün dolayısı yollardan getməyə üstünlük verilir.
Yəni, erməni baş nazir bir tərəfdən, sülh gündəminə sadiqliyini bəyan edir. Digər tərəfdənsə, rəsmi İrəvan Ermənistanın xarici himayədarlarından aldığı təlimatlara uyğun olaraq, sülh prosesinində dərin böhran yaratmaq ümidilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. Əsas məqsədsə, həm sülh sazişinin imzalanmasından yayınmaq, həm də savaş təhlükəsini minimuma endirməkdən ibarətdir. Hər halda, rəsmi İrəvan sülh prosesindən açıq şəkildə imtina ediləcəyi təqdirdə, Ermənistanı növbəti dağıdıcı savaşda ağır məğlubiyyətin gözlədiyini hamıdan yaxşı bilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
скачать dle 12.1