Bia.Az

Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi PLANI: üç ölkə işə qarışdı – Sabiq nazir müavinindən SENSASİYA

Siyasət
 22-05-2023, 15:27     342

“Qərb ona görə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyir ki…”

Globalinfo.az Azad Demokratlar Partiyasının sədri (AzDP), AXC iqtidarında milli təhlükəsizlik nazirinin 1-ci müavini olmuş Sülhəddin Əkbərlə müsahibənin ikinci hissəsini təqdim edir. 

Əvvəlki hissə burada: “Çin Rusiya qarşısında tələb qoyurdu ki, Azərbaycanın işğaldakı torpaqları azad edilməlidir” – Sülhəddin Əkbər

– Qeyd etdiniz ki, bütün bunların hamısı böyük bir geopolitik planın tərkib hissəsidir. Bəs bu planda Azərbaycanın yeri nədən ibarətdir?
–  Rusiya məsələni siyasi, diplomatik yol ilə həll edə bilmədiyi üçün və Ermənistan təklif edilən variantı qəbul etmədiyi üçün müharibə məsələsi gündəmə gəldi. Rusiya müharibə mərhələsində Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməsini istəyirdi. Beləliklə, müharibəni öz ssenarisi ilə aparıb siyasi, diplomatik istəyini, həm də nəzərdə tutduğu proyekti həyata keçirməyi planlaşdırırdı. Amma burada artıq Azərbaycanın dostları Böyük Britaniya, İsrail, Türkiyə kəşfiyyatı işə qarışdı, Rusiyanın bu planlarını pozdu.
Müharibə öncəsini yada salın. Azərbaycanda hansı dəyişikliklər baş verdi? Ramiz Mehdiyevin və Nəcməddin Sadıqovun vəzifədən uzaqlaşdırılması bu geopolitik kontekstdə baş verdi. Məhz biz buna görə deyirik ki, artıq Rusiya proyektindən kənar çıxmalar oldu. Misal üçün, Şuşanın, Hadrutun işğaldan azad edilməsi, qoşunların Xankəndinin qapısında dayanması da buna misal ola bilər.
Prosesin sonu isə rusların Naxçıvan istiqamətində təxribatlar törətməsi, Bakıya və Şuşaya raketlər atması, 10 noyabr bəyanatının imzalanması və rus qoşunlarının Qarabağa gəlməsi ilə yekunlaşdı. Onu da deyim ki, rus silahlı qüvvələri saziş imzalanmadan Azərbaycanda idi. Rusiya xüsusi təyinatlıları oktyabrın 25-də artıq Dığ kəndində çadırlarını qurub, şəkil çəkib, sosial şəbəkələrdə yaymışdı.
– Sülhəddin bəy, bir çox ekspert belə hesab edir ki, Rusiya sülhməramlılarının bu gün Qarabağda olması daha ciddi və təhlükəli proseslərin qarşını aldı. Siz necə düşünürsünüz, bu həqiqətdə belədir?
– Əgər Azərbaycanda geopolitik analiz aparanlar varsa, onlar yaxşı bilməlidir ki, İlham Əliyev hər zaman deyir ki, nəyi nə zaman, necə etmək lazım olduğunu bilir. Bu o deməkdir ki, prezident çox şey haqda məlumatlıdır. Bütün gedən proseslərdən məlumatlı olan bir şəxsin şübhəsiz ki, Putinin də planlarından xəbərinin olması istisna deyil.
Bu gün Rusiyanın imperiyanı bərpa etmək proyekti ilə paralel Qərbin də buna imkan verməmək proyekti var. NATO tərəfindən “Ukrayna 2020” planı hazırlandı. Bu plana əsasən 2020-ci ilə qədər bütün Ukrayna Silahlı Qüvvələri döyüşə hazır vəziyyətə gətirildi. Bu plan əsasında Ukraynaya 250 minlik döyüş qabiliyyəti olan aktiv silahlı qüvvə, 150 minlik isə ehtiyat qüvvə hazırlandı.
Rusiyanın isə Ukraynaya hücuma başlayarkən cəmi 150 min döyüş qabiliyyəti hərbçisi var idi. Ukraynanın döyüş qabiliyyətli silahlı qüvvələrinin sayı Rusiyanın döyüş qabiliyyətli silahlı qüvvələrinin sayından iki dəfədən də çox idi.
Rusiyanın həmin 150 minlik qüvvəsinin əksəriyyəti bu gün demək olar ki, yoxdur. Yəni bu müharibə soyuq savaşın qalibi və uduzan tərəfi arasında ikinci toqquşması oldu. Soyuq savaşdan sonra növbəti toqquşma Ukrayna torpaqlarında baş verdi.
Gördüyünüz kimi bir imperiya proyekti, bir də antiimperiya proyekti var. Həmçinin Azərbaycanda toqquşan maraqlar var. Azərbaycanda toqquşan maraqlar ondan ibarətdir ki, antiimperiya proyektini həyata keçirən ABŞ və kollektiv Qərb Rusiyanın bütün dünyadakı nüfuz dairələrini bitirmək istəyir. Necə ki, SSRİ zamanında buna nail oldular, indi də Rusiya üçün etmək istəyirlər.
SSRİ dağılandan sonra Şərqi Avropa ölkələrinin NATO və Avropa İttifaqına qatılmalarını Rusiya əngəlləyə bilmədi. Əslində Putinin hakimiyyətə gətirilməsinin başlıca səbəbi də rus dərin dövlətinin bu prosesi dayandırmaq istəyi idi. Putin rus dərin dövlətinin imperiyanın bərpa proyekti üçün gətirdiyi bir şəxsdir. Yəni onun missiyası elə bundan ibarətdir.

– Amma Vladimir Putin 20 ildən artıqdır hakimiyyətdədir və görünən budur ki, bu planı tam icra edə bilməyib…
– Əslində bu çox normal, gözlənilən bir haldır. Nəzərə almaq lazımdır ki, Rusiya SSRİ-nin küllərindən doğulub və gücü də bütün parametrlərdə onunla bir deyil. SSRİ-nin edə bilmədiyini Rusiya necə edə bilər? Buna görə də demək olar ki, Rusiya imperiyasının bərpası planı əvvəldən məğlubiyyətə məhkum olmuş bir plan idi. Həm də rusların son bir çırpınış cəhdi idi.
Bu gün Rusiya-Qərb maraqlarının Cənubi Qafqazda toqquşması da bu məsələ ilə bağlıdır. Harada ki Rusiya var, orda maraqlar toqquşacaq. Hər yerdə, Arktikadan Asiyaya, Afrikayadək bu belədir.
Qərb bu gün buna görə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Yalnız belə olan təqdirdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını minimuma endirmək mümkün olacaq.
– Siz dediniz ki, Qərb və Rusiya arasında bir geopolitik mübarizə gedir. Bu mübarizə fonunda Azərbaycanın strateji, uzunmüddətli milli maraqları nəyi tələb edir? Rəsmi Bakı bu mübarizədə hansı tərəfi seçməlidir?
– Azərbaycan geopolitik, geostrateji konyukturaya görə bir addım atırsa, elə düşünməyin ki, bu, strateji hədəfə yönəlik addımdır. Yəni Azərbaycanın konyunktura ilə bağlı taktiki, operativ səviyyədə atdığı addımlarla, strateji istiqamətdə atdığı addımlar arasında uyğunsuzluq ola bilər. Taktiki, operativ və strateji istiqamətdə atılan addımların üçünü bir yerdə qiymətləndirmək doğrudur, lakin onlar arasındakı incə, lakin mühüm fərqi də nəzərə almaq lazımdır.
Azərbaycan anlayır ki, hələlik Rusiyanın regionda real hərbi gücü var. Rusiyanı buradan hələ tam çıxaracaq gücdə deyil. Və yaxud, konflikt başlayacağı halda Azərbaycan geopolitik savaş meydanına çevrilə bilər. Buna da yol verməmək lazımdır. Nə üçün? Ukrayna bu suala ən gözəl cavabdır. Amma qlobal güclər Azərbaycanın dağılmasını istəmirlər. Azərbaycanın strateji maraqları ilə bağlı güclər bir-birindən fərqlidir. Azərbaycanın strateji maraqları, uzunmüddətli maraqları, milli və perspektiv inkişaf maraqlarına görə bizim təbii müttəfiqlərimiz var. Bunların başında qardaş Türkiyə və türk respublikaları dayanır. Bu məqsədlə Türk Dövlətləri Təşkilatı qurulub. Bu təşkilatdakı ölkələrin maraqları bizimlə üst-üstə düşdüyü üçün bizim təbii müttəfiqlərimizdir. Lakin bu ölkələr, Türkiyə istisna olmaqla, həm də yetərli gücü olmayan müttəfiqlərdir. Xüsusən də Rusiyaya münasibətdə.
Bizim təbii və eyni zamanda rəsmi olan tək müttəfiqimiz isə Türkiyədir. Qardaş Türkiyə NATO üzvü olan və hər sahədə güclənən, yüksələn bir ölkədir.
İsrailə gəldikdə isə Azərbaycan rəsmi Təl-Əviv ilə strateji əməkdaşlıq edir, amma müəyyən məsələlərdə, hətta strateji tərəfdaş kimi davranır. Məsələn, hərbi-texniki, kəşfiyyat sahəsində, İranla münasibətlərdə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, lobbiçilik və digər məsələlərdə iki ölkə strateji tərəfdaş kimi davranır. Yəni İsraillə müəyyən məsələlərdə əməkdaşlıq edirik, müəyyən məsələlərdə isə strateji tərəfdaşıq.
İsrail dedikdə yalnız İsrail dövlətini düşünmək lazım deyil. Bu gücə həm də ümumdünya yəhudi gücü kimi baxmaq lazımdır. Bizim İsrail kimi nüvə gücü olan, xüsusən də İranla münasibətlərdə strateji tərəfdaşımız var.
Bundan başqa, qeyd etmək lazımdır ki, bizim Böyük Britaniya kimi bir geopolitik tərəfdaşımız da var. Breksit qərarı sonrası rəsmi London “Qlobal Britaniya” proyektini elan etdi. Britaniya özü üçün əsas strateji tərəfdaş kimi də Türkiyəni seçdi.
Qardaş Türkiyənin əsas geopolitik proyekti isə bu gün Türk Dövlətləri Təşkilatıdır. Bu proyektin əsas birləşdirici ölkəsi isə Azərbaycandır.
Bu gün həm də böyük iqtisadi maraqları bizimlə üst-üstə düşən Çinlə müsbət əlaqələrimiz mövcuddur. Çin nüvə dövlətidir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Yeri gəlmişkən, Böyük Britaniya da BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri və nüvə ölkəsidir. Çin bu gün Orta dəhlizin açılması üçün Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsini istəyir. Beləliklə, rəsmi Pekin də bizim təbii müttəfiqimiz olur. Göründüyü kimi, hazırda bizim bir yox, bir çox təbii müttəfiqimiz var. Bunun kökündə isə Azərbaycanın coğrafi mövqeyi, geostrateji, geoplitik, geoekonomik amillər dayanır.
Bu gün Böyük Britaniya Azərbaycana ən böyük investisiya qoyan bir nömrəli ölkədir. Bu gün ingilis kəşfiyyatı Mİ6-nın bp şirkəti üzərindən hərəkət etdiyini nəzərə almaq lazımdır. Bu gün bp Azərbaycandadır. Deməli, ingilis kəşfiyyatı bu gün aktiv şəkildə Azərbaycandadır. Hazırda müttəfiqlərimiz, tərəfdaşlarımız var, bir də məcburi tərəfdaşlıq etdiyimiz ölkələr var.
– Məcburi əməkdaşlıq etdiyimiz ölkələr deyərkən yəqin ki, Rusiyanı nəzərdə tutursunuz…
– Bəli. Azərbaycanın məcburiyyəti Rusiyadan yanadır. Çünki Türkiyəyə hələ ən azı 2027-ci ilədək vaxt lazımdır. Türkiyə bu müddətə kimi öz geopolitik proyektini həyata keçirə bilmək üçün ilk növbədə bir sıra sahələrdəki, xüsusən də hərbi-texniki sahədəki layihələrini reallaşdıra bilməlidir. Bu səbəblə, hazırda Türkiyə çalışır ki, tərəflərin hamısı ilə oynasın. Beləliklə, öz geopolitik proyektini ərsəyə gətirmək üçün vaxt qazanmaq istəyir.
Türkiyənin icra etmək istədiyi proyektlərin əleyhinə olan ölkələr çoxdur. Rusiya da, Çin də, Böyük Britaniya da, Avropa Birliyi də, ABŞ da bunun əleyhinədir. Amma bu ölkələr həm də Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur. Baxın, geopolitik savaşın mürəkkəbliyi də məhz bundadır. Bu oyunda iştirakçı dövlətlərdən hansının çəkisi nə qədər çox olarsa, digərlərinin ona olan ehtiyacı da bir o qədər artır.
– Belə qəliz və mürəkkəb bir vəziyyətdə Zəngəzur dəhlizinin açılması nə dərəcədə real görünür?
– Çinin “Bir kəmər, bir yol” layihəsi istehsalçı (Çin) ilə istehlakçı (Böyük Britaniya, Avropa İttifaqı) arasında bir yoldur. Lakin bu gün bu yolun açılmasını istəyən qüvvələr də var, istəməyən qüvvələr də.  Baxın, Çin dəhlizin açılmasını istəyir. Çünki “Bir kəmər, bir yol” layihəsi üçün bu yol olduqca vacibdir. Zəngəzur dəhlizinin açılmasını, təbii, Azərbaycan, Türkiyə və digər türk ölkələri də istəyir. Burada əsas diqqətçəkən ölkə şübhəsiz Çindir. Çin 2030-cu ilə qədər ABŞ-ı üstələmək istəyir. Əslində bu fakt belə özlüyündə Zəngəzur dəhlizinin Çin üçün nə qədər vacib olduğunu göstərir.
Bundan başqa Böyük Britaniya və Avropa İttifaqı da Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir.

– Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasın dəstəkləyir?
– Bəli. Mən bayaq dedim, biri var niyyət, biri də var məcburiyyət. Avropa İttifaqı məcburiyyətdən Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Aİ ola bilər ki, Türkiyənin, Azərbaycanın güclənməsini istəməsin, lakin öz maraqlarına görə əməkdaşlıq etməyə, Zəngəzur dəhlizinin açılmasını istəməyə məcburdur.
Baxın, biri var real təhlükə, aktual hərbi təhdid olan Rusiyanın günü-gündən güclənməsinə göz yumsunlar, bir də var ki, güclənməkdə olan və gələcəkdə onlar üçün təhdid ola biləcək bir gücün yaranmasına müvəqqəti göz yumsunlar. Seçim etməlidilər. Yəni bir tərəfdə aktual, real təhlükə var, digər tərəfdə isə böyüyən bir potensial təhdid var.
Avropa Birliyinin 2022-ci ildə Çinlə ticarət dövriyyəsi 850 milyard dollar olub. ABŞ-ın isə bu göstəricisi 690 milyard dollar təşkil edib. Bəzən münasibətləri anlamaq üçün rəqəmlərə, statistik göstəricilərə baxmaq lazımdır. Yəni ABŞ və Aİ heç özləri də Çini sevmirlər. Və ya əksinə. Lakin maraqları naminə əməkdaşlıq edirlər.
Nəticə etibarilə Aİ aktual Rusiya hərbi təhdidinə görə məcburdur ki, Zəngəzur dəhlizinin açılmasında bizə, xüsusən də Türkiyəyə güzəştə getsin. Burada Aİ-nin enerji təhlükəsizliyi məsələsinin rolunu da nəzərə almaq lazımdır.
– Bəs İranın bu proseslərdəki rolunu necə qiymətləndirirsiniz? Sizcə, rəsmi Tehran Zəngəzur dəhlizinin açılmaması ilə bağlı mövqeyini sona qədər qoruyub saxlaya biləcək?
– Təbii ki, sonadək müqavimət göstərməyə çalışacaq, ancaq gücü yetəcəkmi? Yumşaq desək, əmin deyiləm.
Bilirsiniz, bu məsələdə təhdidlərin strukturuna baxmaq lazımdır. Təhdid strukturca düşməncə niyyət (1), qüvvə, vəsait, imkan və qabiliyyət (2), siyasi iradə (3) olmaqla, üç tərkib hissədən ibarət olur. Hazırda İranın Azərbaycana yönəlik həm düşməncə niyyəti, həm bu niyyəti həyata keçirmək üçün qüvvə, vəsait, imkan və qabiliyyəti, həm də siyasi iradəsi mövcuddur. Yəni, hazırda İran Azərbaycana qarşı aktuallaşmış təhdiddir. Hesab edirəm, İranı küçümsəmək lazım deyil. İran güclü regional dövlətdir. Lakin İran bu niyyətini Azərbaycan təkbaşına olsa idi həyata keçirə bilərdi. Azərbaycan isə təkbaşına, yalnız deyil.
İran müstəqil Azərbaycan dövlətinin varlığını özü üçün potensial təhdid hesab edir. Tarixi baxımdan Azərbaycan Qacarlar dövlətinin tərkib hissəsidir. Yəni bugünkü İran ərazisi əslində bizim torpaqlarımızıdr. İran düşünür ki, Azərbaycan dövləti uğurlu olarsa, bu, gələcəkdə keçmiş Qacarlar dövləti ideyasının – böyük dövlətçilik ideyasının yenidən oyanmasına səbəb ola bilər. Hər halda keçmiş Qacarlar dövlətini bərpa etmək mümkün olmasa da Bütöv Azərbaycan ideyası gerçəkləşə bilər.
Azərbaycanın dünyəvi dövlət olması, İran teokratik rejimi üçün eyni xarakterli təhdiddir. Azərbaycanın ən azı konstitusiyasına görə demokratik inkişaf yolu seçməsi, antidemokratik İran üçün təhdid hesab olunur. Öz ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını bərpa edən və uğurlu inkişaf yoluna çıxan Azərbaycan çəkici bir güc mərkəzinə çevrilə bilər. Bu təməl səbəblərə görə Tehran Azərbaycanı ümumiyyətlə İran üçün bir nömrəli, ontoloji, eqzistensial, həyati təhdid hesab edir.
İran yaxşı başa düşür ki, Azərbaycan qısa zamanda inkişaf edib bir çəkici güc, cazibə mərkəzinə çevriləcək. Bu isə öz növbəsində İranda yaşayan, əzilən xalqlar üçün ilk növbədə də Azərbaycan türkləri üçün xilas yolu kimi görünəcək.
Onu da unutmayın ki, İranın da təbii müttəfiqləri var. Misal üçün Fransa, Hindistan, Ermənistan İranın təbii müttəfiqidir.
– Sizcə, kollektiv Qərb üçün indiki məqamda daha təhlükəli rəqib hansıdır: İran, yoxsa Rusiya? Bu iki ölkədən hansında rejim və iqtidar dəyişikliyinə getməyi planlaşdırır?
– Əlbəttə ki, hazırda Rusiya real təhlükə, aktual hərbi təhdiddir, yəni daha kəskin, öncəlikli təhdiddir. İranı da iki şey Rusiya ilə yan-yana gətirir. Birincisi, Rusiya-Ukrayna müharibəsində Rusiyaya açıq şəkildə dəstək verməsi. İkincisi, öz hərbi nüvə proqramını gizli şəkildə yenidən işə salması. Yanaşma fərqinə gəldikdə ABŞ, Böyük Britaniya, NATO və Avropa İttifaqı üçün, təbii ki, Rusiya daha kəskin, öncəlikli təhdiddir. İsrail üçün isə İran. Burada fikir ayrılığı yaranır. Əgər Rusiya İrana hərbi nüvə texnologiyası verərsə, ya da İran hərbi nüvə proqramında qırmızı xətti  keçərsə, bu, onu Rusiya ilə birlikdə tam hədəf taxtasına gətirər.скачать dle 12.1