Bia.Az

Erməniləri təriflədi, “mən türk deyiləm, qırğızam” dedi…

Siyasət
 19-04-2023, 14:30     382

Bu gün görkəmli ədəbiyyatşünas alim, tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun anım günüdür günüdür. 19 aprel 1991-ci ildə Aydın Məmmədov ədəbiyyatşünas, alim, deputat Dilarə Əliyeva ilə birgə Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında həlak olub.

Kult.az professor, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin Aydın Məmmədovla bağlı bir xatirəsini təqdim edir:

1990-cı ilin Qara Yanvarında mən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini, Aydın (Aydın Məmmədov – red.) isə "Sovetskaya tyurkologiya" jurnalı baş redaktorunun birinci müavin idi.
EA-nın əsas binasındakı otaqlarımız demək olar ki, yan-yana idi. Gündə bir neçə dəfə görüşürdük. Xalqımızın başına gətirilən faciə hər ikimizi dərindən dərinə sarsıtmışdı. Nə isə bir iş görmək istəyirdik. Axırda qərara gəldik ki, Yanvar qırğını və Qarabağdakı erməni separatizmi ilə ilə bağlı mümkün qədər çoxlu şəkil, şahid ifadəsi və s. götürüb nisbətən yaxşı əlaqələrimiz olan Qazaxıstana və Qırğızıstana gedək. Məqsədimiz həm 20 Yanvar, həm də Qarabağda günü-gündən genişlənməkdə olan erməni işğalı haqda bacardığımız qədər çox məlumat yaymaq idi. Hər iki ölkənin Yazıçılar İttifaqında, EA-larda, universitetlərdə, redaksiyalarda görüşlər keçirib türk qardaşlarımızı faciəmizdən hali etmək istəyirdik.
Getdik. Oljas Süleymenovla, Çingiz Aytmatovla, Mar Bayciyevlə və digər tanınmış ziyalılarla görüşdük. Oljası çıxmaq şərti ilə o birilərdən isti münasibət görmədik. Mətbuatda, TV-də çıxış planlarımız da baş tutmadı. Geniş auditoriyalarda görüş üçün imkan yaradılmadı. Bəzi görüşlərdə isə hətta ruslara, ermənilərə qarşı çıxmaq fikrinə düşdüyümüzə görə bizi danladılar. Nöqtəni isə qırğız filosofu, akademik Mövlud Junusov qoydu.
- Uşaqlar, səhv yoldasınız, - dedi. - Bugünkü inkişafımıza görə SSRİ-yə, ruslara borcluyuq. Ermənilər isə dünyanın qədim, mədəni, gerçək yazılı tarixi olan xalqlarından biridir. Erməni fəlsəfəsinin 3 min il yaşı var. Qırğız fəlsəfəsinin tarixi isə mənimlə başlayır, yəqin mənimlə də qurtaracaq.
- Bəs “Manas”? - deyə soruşdum.
- “Manas” nağıldır. Siz gedin Narekatsini oxuyun.
- Narekatsi XI əsrdir. Əgər o da doğrudursa. “Manas”ın isə kim bilir, neçə min il yaşı var.
Aydın söhbətə müdaxilə etdi:
- Əgər siz türksünüzsə və bizə belə məsləhət verirsinizsə, onda doğru deyirsiniz - gedib ermənilərlə dostluq eləməkdən başqa yolumuz yoxdur.
Akademik hürkmüş halda:
- Mən türk deyiləm. Mən qırğızam, - dedi.
“Yəqin həm də manqurtun prototipisən!” - deyə düşündüm.
Beləcə, səfərdən əliboş, hətta bir az da ümidsiz döndük...
Amma indi sanki bir az ümidlənməyə imkan yaranıb.
Aydının ruhu şad olsun!скачать dle 12.1