Türkiyədə Paşinyana qarşı bu rəftar Ermənistanı qarışdırdı

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə qarşılandığı zaman ayağının altına qırmızı xalça sərilməməsi diqqət çəkib. Bu, Ermənistanda narazılıq yaradıb. Bildirilir ki, xarici qonağın qarşılanmasında qırmızı xalça hörmət və yüksək hörmətin simvolu hesab olunur.
Qırmızı xalçanın diplomatiyada istifadəsi qədim dövrlərə gedib çıxır. Folklorumuzda, filmlərimizdə də “qırmızı xalça” amili tez-tez hallanır.
Bəs bu jestin edilməməsi Ermənistana və Paşinyana ünvanlanan bir mesajdırmı? Diplomatik baxımdan bu, “hələ tam barışıq olmayıb” siqnalı kimi dəyərləndirilə bilərmi?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Həsən Həsənov deyib ki, görüşün rəsmi və ya qeyri-rəsmi olmasına nəzər yetirmək lazımdır.
Həsən Həsənov
Onun dediklərinə görə, qarşılanma mərasimi həm də qəbul edən ölkənin protokolundan asılıdır:
“Məndə olan məlumata görə, Paşinyanın Türkiyəyə gəlişi rəsmi səfər deyil. Ona görə də qeyri-rəsmi səfərlər üçün müəyyən edilmiş protokol səviyyəsində qarşılanıb. Adətən, qəbul edən ölkənin protokolu rəsmi səfərlər üçün fərqli, qeyri-rəsmi səfərlər üçün isə başqa qaydalarla tənzimlənir. Bu, şəxsə münasibətlə bağlı deyil, tamamilə prosedur qaydalarından asılıdır. Paşinyanın qəbulu iki dövlət arasında mövcud olan protokola tam uyğundur”.
Tarixçi alim Zaur Əliyevin sözlərinə görə, əksər araşdırmaçı hesab edir ki, qırmızı xalça haqqında ilk dəfə eramızdan əvvəl 458-ci ildə qədim yunan dramaturqu Esxilin “Aqamemnon” faciəsində bəhs olunub:
“Qırmızı xalçanın qonağın qarşılanması təcrübəsinə dair məlum olan ilk istinad məhz bu pyesdədir. Burada kralın qalib gələndən sonra evə qayıtması təsvir olunur və onun ayaqları altına qırmızı xalça salınır. İngilis dilində “red carpet treatment” – yəni “xüsusi hörmətlə davranmaq” və ya “qonağı ailə üzvü kimi qarşılamaq” mənasında istifadə olunan ifadə məhz buradan yaranıb.
Qırmızı xalça ilk dəfə 1821-ci ildə ABŞ prezidenti Ceyms Madisonun qarşılanması zamanı açılıb. Bu ifadənin 20-ci əsrin əvvəllərində, Hollivudda yox, Nyu-York stansiyasında meydana gəldiyi güman edilir. Belə ki, 1902-ci ildə Nyu-Yorkdan Çikaqoya məşhur ekspress qatar işə salındıqda, qatarın sürəti sinif və elita simvolu kimi qəbul edilirdi. Buna görə də Nyu-Yorkun Grand Central Stansiyasında xüsusi qatara gedən sərnişinlər üçün qırmızı xalça salınırdı”.
Zaur Əliyev
Tarixçi əlavə edib ki, bu gün qırmızı xalça rəsmi və qeyri-rəsmi tədbirlərin ayrılmaz tərkib hissəsidir:
“Qırmızı xalça yüksək vəzifəli şəxslə görüş zamanı ilk növbədə hörmət əlaməti sayılır. Çox vaxt xarici nümayəndə heyətləri hava limanında və ya mühüm qonaqlar binanın girişində qarşılanarkən qırmızı xalça sərilir. Həmçinin mükafat mərasimləri və təqdimatlarda da qırmızı xalçanı demək olar ki, həmişə görmək mümkündür”