İki ölkə “tələyə düşdü”: İrəvan üçün geridönüş yoxdur, Bakı isə…

Avropa İttifaqının (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması üçün danışıqlara başlaması bəzi siyasi dairələrdə birmənalı qarşılanmayıb.
Rusiya Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets Aİ-nin postsovet ölkələrinə dəstəyinin əsassız olduğunu deyib. Onun sözlərinə görə, İttifaqın Gürcüstan, Ukrayna və digər “dostlarına” verdiyi vizasız rejim vədləri siyasi manipulyasiyadan başqa bir şey deyil.
Gürcüstanın artıq yavaş-yavaş Rusiyaya doğru yönəlməsi, həmçinin müəyyən vədlər verilən Ukraynada müharibənin davam etməsi də Qərbə inamı azaldan amillər kimi dəyərləndirilir. Hazırda eyni vədlərin Ermənistan üçün də səsləndirilməsi müşahidə olunur.
İrəvan ziyanın yarısından qayıda biləcəkmi
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Aİ bu kimi addımlarla Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışır:
“Məsələ ondadır ki, Aİ-nin iki Cənubi Qafqaz ölkəsi ilə bağlı sualları var. Söhbət Gürcüstan və Azərbaycandan gedir. Rəsmi Tbilisin qəbul etdiyi sonuncu “xarici agentlər haqda” qanun Aİ ilə Gürcüstan arasında narazılıq yaradıb. Halbuki bu yanaşma absurd idi. Çünki sözügedən məsələ Tbilisinin daxili işidir.
Aİ-nin vaxtaşırı verdiyi qərəzli açıqlamalar, Ermənistana edilən yardımlar Azərbaycanı narazı salır. Rəsmi Bakı bu kimi addımları ayrı-seçkilik olaraq dəyərləndirir”.
Elxan Şahinoğlu
Politoloq hər şeyə rəğmən Bakının Aİ ilə münasibətlərinin yaxşı olduğunu bildirib:
“Azərbaycan Avropanın etibarlı enerji təminatçısı olan ölkədir. Lakin Bakı Aİ-nin Ermənistana yardımlarından narazıdır. Xüsusilə indiki məqamda viza rejiminin sadələşdirilməsi bu narazılığı artıracaq.
Ermənistanın bundan sonra Qərbə inteqrasiyadan geri dönməsi inandırıcı deyil. Yəni İrəvan Qərbdən asılıdır, Rusiya ilə münasibətlərin bu qədər pisləşdiyi zamanda belə bir şey mümkün görünmür”.