Zəngəzur dəhlizi üçün yeni model: Azərbaycanlılar belə keçəcək

“Ermənistanın xaricdən silah alışını artırması sülh danışıqlarından imtina etməsi ilə nəticələnə bilər. Fransadan Ermənistana silah tədarük edilir. Məsələ təkcə İrəvana verilən silahlar deyil, əcnəbi hərbi təlimatçılar bu silahların tətbiqi, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş aparmaq təlimləri keçirlər”.
Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistanın son zamanlar sürətlə silahlanması və regionda gərginliyin artma ehtimalları haqda danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan təkcə Fransa deyil, həmçinin Hindistanla 600 milyon dollarlıq silah alışı müqaviləsi imzalayıb:
“Ermənistanın hücum silahları alması, milyard dollarlar xərcləməsi Rusiyanın orbitindən çıxmağa hədəflənməyib. Rəsmi İrəvan bir tərəfdən sülh deyir, digər tərəfdən silahlanır. Azərbaycan və Türkiyə ilə normallaşma prosesində maraqlı olan bir ölkə silahlanmalıdır”.
Politoloq deyib ki, N.Paşinyanın hakimiyyətdə uzun illər qalması sual doğurur:
“Gürcüstandakı kimi hakimiyyət dəyişikliyi olarsa, Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlərin daha da kəskinləşməsi mümkündür. Ona görə də Ermənistana təzyiqlər artırılmalıdır. Türkiyənin də burada fəal siyasət yeritməsinə ehtiyac var.
Rəsmi Bakının hərb planı yoxdur və ölkəmiz sülhün əldə edilməsində maraqlıdır. Bunu da öz addımları ilə dəfələrlə sübuta yetirib. Lakin İrəvan hər vəchlə sülhdən yayınır. Əgər Ermənistan yenidən silahlı təxribata əl atsa, ərazimizə hücum etsə, Zəngəzurda “bufer zona” yaratmağa ehtiyac ola bilər”.