Bia.Az

Elə bir qərar ki…

KÖŞƏ YAZARLARI
 12-03-2021, 15:03     758

Azər Mehtiyev
Yenə əhalini təşvişdə qınayırlar ki, camaat əlində olan pulunu (məbləğindən asılı olmayaraq) dollara çevirməyə cəhd edir. Nə imiş? Sən demə, əhali bu cür davranışla gərginliyi artırır və böhranı dərinləşdirir. Necə deyərlər, günah xalqın “adi şeyləri” anlamamasında imiş. Rəsmi şəxslər xalqı təmkinli davranmağa dəvət edirlər…
Heç zaman unutmadığım iki hadisə var.
Yaponiyada sunami fəlakəti zamanı dəhşətli məhrumiyyətlərlə baş-başa qalmış insanların heç bir basabas və dava salmadan təmkinlə növbə gözləyib onlara çatacaq yanacaq və ərzaq paylarını alması (və heç kimin bundan artıq tələb etməməsi) səhnəsi.
Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara göndərilən yardımların paylanması zamanı baş verən basabas, qırğın və hər kəsin bacardığı qədər çox götürməyə cəhd etməsi səhnəsi.
Bəlkə kimsə bunları mentalitetlə əlaqələndirəcək. Amma belə davranışların açıqlamasını həmin dövrdə sadə bir yapon belə izah etmişdi: “Mən dövlətimin bizim heç birimizi darda qoymayacağına əminəm! Mənə çatası payı mütləq çatdıracaqlar!”
Bu sözlər dövlətə olan etimadı, vətəndaşın dövlətinə nə qədər güvəndiyini göstərir. Belə vətəndaşın təmkinli davranışı gözlənəndir.
Amma zəlzələnin qurbanı olmuş türk o zaman belə bir güvənə sahib deyildi. O görürdü ki, fəlakətin qurbanlarına gətirilən yardımların bir hissəsi oğurlanır, ya da gətirilən yardımlar hamıya çatmır, kim nə qədər götürə bilir – qamarlayır. Heç nə qamarlaya bilməyən isə qalır çarəsiz.
Etimadın olmadığı yerdə insanların güvəni olmaz. Güvənsiz insanların təmkinli davranması mümkün deyil (xırda istisnalarla).
İndi biz, çox uzaq demirəm, cəmi dörd-beş il bundan əvvəlki hadisələri yaşamış insanlarımızı təmkinli davranmağa çağırırıq. Onları hansısa dəlillərlə inandırmağa çalışırıq ki, narahat olmayın, əmlakınıza (pulunuza, əmanətinizə və s.) heç bir təhlükə yoxdur, valyuta ehtiyatımız boldur, devalvasiya olmayacaq, ağıllı olun, anlayışlı olun, daha nələr, nələr…
Camaat bu nağıllara daha inanmaq istəmir, çünki o vaxt verilən vədlər və bəyanatlar yalan çıxmışdı. O vaxt əhalinin nə qədər əmanəti (və digər vəsaitləri) dəyərsizləşdi, borclar artdı… Amma Mərkəzi Bank valyuta satışından əldə etdiyi mənfəətini əhalinin və bankların üzləşdiyi problemin həllinə yox, Dövlət Neft Şirkətinin borclarının ödənməsinə yönəltdi. İnsanlar yiyəsiz qaldılar və hələ də o ağrıları yaşayırlar…
İndi insanların rəsmilərdən gözlədiyi vədlər və bəyanatlar yox, real hərəkətlərdir. “Bizim B planımız var” deməklə kimdir sizə inanan? Nədir axı o qapalı B planınız? Vətəndaşı maraqlandıran sizin neçə planınızın olması deyil. Lap sizin bir əlifbalıq planınız olsun, bundan vətəndaşa nə xeyir? Əgər vətəndaş hər addımda məmurun ona tapşırılan əmlakı qorumaq əvəzinə oğurladığını görürsə, məmurun vətəndaş üçün yox, hər zaman özü üçün çalışdığını görürsə, belə məmurlara necə güvənə bilər?
“Narahat olmayın, hər şey nəzarətimizdədir. Bizim hər cür planlarımız var” deməkdənsə davranışlar və güvən gətirə biləcək qərarlarla insanları təşvişdən çəkindirmək mümkün olar. Bunun üçün çox vacib və təxirəsalınmaz bir məsələ var: hökumət manatın hər hansı bir dəyərsizləşməsinə (devalvasiyaya) gedərsə, vətəndaşa dəyən zərəri necə kompensasiya edəcək. Bunu göstərsin. Bu barədə rəsmi qərar versin.
Elə bir qərar versin ki, camaat ona güvənsin…
скачать dle 12.1