Bia.Az

HAQQ VƏ ƏDALƏT...

KÖŞƏ YAZARLARI
 12-03-2021, 12:15     726

Sadiq Qurbanov, Milli Məclisin üzvü

Yaşadığımız dünya insanların qarşılıqlı ünsiyyəti əsasında təşəkkül tapmış və formalaşmışdır. Bütün insanlar bir-birinin dayağıdır və dayağı da olmalıdır. İnsanların birliyi Uca Tanrının mərhəmətli və ədalətli istəyidir.
Uca Tanrının bu istəyinin arxasında insanlardan nəyi isə ummaq deyil, əksinə, onlara bütün gözəllikləri və zəruri nemətləri vermək dayanır. Həmin nemətlərdən biri də ƏDALƏTDİR!
Deməli, Tanrı insanın və bütün insanlığın xoşbəxt yaşayışının möhtacıdır. O, insanı saf və günahsız xəlq etmişdir ki, bu xoşbəxt həyatı məhz onun özü qursun, ədalət yaratsın və öz həmnövünün qayğısına qalsın.
Bu xoşbəxt həyatı qurmaq üçün insanlar bütün tarix boyu ədalət axtarışına çıxıblar və bu axtarış hələ də davam edir.
Ədalətə baxış bir qiymətli deyil. Məsələn, onun ilahidən gəldiyini, insanın əməli fəaliyyətinin nəticəsi olduğunu və ya fəlsəfi düşüncənin yaratdığı fenomen kimi də qəbul edənlər var.
Bəs nədir bu ədalət? Əvvəl-axır axtarılan bu ədalət tapılacaqmı?
Mənim düşüncəmə görə, ədalət düşüncə tərzidir, məndən kənarda baş verənlərə psixoloji baxışdır. “Mən”lərin çoxluğundan və düşüncəsindən asılı olaraq tam ortaq məxrəcə gəlinməsi mümkünsüzdür. Buna görə də, biz lokal mənada bəzi məqamlarda ədalətli, bəzi məqamlarda isə ədalətsiz oluruq. Gəlin, bir anlıq düşünək: Biz hər hansı vəziyyətdə ədaləti harada axtarırıq?
Hadisəyə subyektiv olaraq başqalarının münasibətini qiymətləndirməklə, yəni maraq və mənafeləri nəzərə almaqla. Məsələn, bəzən sevmədiyimiz bir insanın fəlakətlə üzləşdiyi anda belə bunun ilahi bir ədalət olduğunu düşünürük.və.s.
Deməli, ədalətsizlik o zaman baş verir ki, daxili maraq və mənafelər ədalət hissini üstələyir. Bəs insan nə vaxt ədalətli olur? Yəqin ki, bu dediklərimizin əksi olanda, yəni ədalət hissi maraq və mənafedən yüksəkdə dayananda, insanın özünün mənsub olduğu mənəvi məkanla başqasının mənəvi məkanı arasındakı sərhəddə anlaşma yarada biləndə...
Hüquq elmində bəzən ədalət anlayışı sənin hüquqlarının harada bitdiyini, başqasının hüquqlarının isə harada başladığını sona qədər dərk edilməsi ilə şərtləndirilir. Bəzi filosoflar isə bu anlayışı yüksək kamillik zirvəsi adlandırır. Dini düşüncəyə görə isə ədalətin baş düşmənı nəfs və tamahdır. Dinimiz bunlara nifrət etməyi, düşmən olmağı tələb edir. Tamahkar olmaq insanın haqq yolundan dönməsinə şərait yaradır. O, ədalətə aparan yolda mühüm əngəldir. Uca Yaradan tamahkarlıqla qazanılan hər nə varsa, hamısını haram elan edir. Ona görə də, insan bu dünyada harama rəğbət göstərməməli, nə mala, nə də şöhrətə meyil etməməlidir. İnsan özünü yalnız haqq və yaxşı amallar uğrunda fəda etməlidir. Haqq ilə yaşayanların dostu və sirdaşı isə həmişə ədalət olmuşdur.
Deməli, haqqdan uzaq düşmək - ədalətdən uzaq olmaq deməkdir...скачать dle 12.1