Bia.Az

Gizli polad zavodu

KÖŞƏ YAZARLARI
 10-02-2021, 10:29     561

“Hər kəs öz taleyinin dəmirçisidir”
(latın məsəli)

Heyf, daha uca millət-sevgili xalq Vaqif Mustafayevin efir hoqqalarına həsrət qalacaqdır. Ünlü rejissorumuzu uzun illər prezidentlik elədiyi (kimsə mövzu açılmışkən bu telekanalizasiya müdirlərinə “prezident” adı qoyulmasına da etirazını açıqladı - deyir ölkədə bir dənə prezident olar) “Speys” kanalından atdılar. Eksperiment heppi-end olmadan bitdi. Ümumiyyətlə sonluq olmadı. Zəhləmgetmiş kino tənqidçiləri demişkən, filmin sonu açıq qaldı, tamaşaçıların ixtiyarına buraxıldı. Biz bilmədik “Amaci” axırda yaramaza çevrildi, yoxsa efirdə bişən boşbaşı ərinə qonşu ilə xəyanət edən qadının başına tökdülər. Azərbaycanda efirin dibi Vaqifin müəllimin kanalı idi, ancaq eyni zamanda ora bir zirvə sayılmalıydı. Çünki bizim cəmiyyəti ondan yaxşı kimsə göstərə bilməzdi. “Speys” Vaqif müəllimin “Yaramaz”, “Fransız”, “Hər şey yaxşılığa doğru” kimi möhtəşəm etnoqrafik epopeyasının sənədli, real tok-şou tipində davamıydı.

Əlbəttə, müqəddəs yer boş qalmayacaq, bizim efirdə həmişə “Hətəm” də olacaq, “Əlibala” da. Xalqımız istedad baxımından dünya camaatının heç birisindən geri qalmır. Məsələn, bugünlərdə bir poladəritmə maqnatı tutublar, hansısa oliqarxlar üçün zavod işlədirmiş, eyni zamanda özünə də şəxsi, “ümumi qazandan” qıraqda... zavod açıbmış. Elə başlıq da bu cür qoyulmuşdu xəbərdə: “Filankəs müəllimin gizli poladəritmə zavodu aşkara çıxdı”.

Təsəvvür elə. Sanki hardansa göbələk tapıblar. Ən yaxşı halda leş ət sexi. Soruşan yoxdur ki, ay qardaş, axı bu poladəritmə zavodunda ən azı eşşək boyda bir soba olur, metal əridəndə tüstü-zad çıxır, bunun içinə maşınlarda, tonlarla dəmir-dümür gəlməli, əriyib armatura, boruya-filana çevrilməli, harasa daşınmalı, satılmalıydı və sairə. Yəni, bir fırıldaqçı bütün bu uzun iqtisadi zənciri necə gizli saxlaya bilib? Tutalım bunun ağası, “krışası” xəbərsiz qalıb, bəs vergi orqanları hara baxırmış? Prokurorluq, polis və sairə niyə gizli zavodu görməyib? Sən darvazanın qabağına kisədə üç dəstə keşniş, bir banka qatıq qoysan yetmiş idarə tökülüb gələr. Zavodu isə görən olmayıb. Əsl möcüzədir.
Burada akademiklərimizin də günahı az deyil. Vaxtında xalqın gözünü açmırlar, xalq oyananda isə yatırtmağa çalışırlar. AMEA şefi Ramiz müəllim təzəlikcə bir siyasi bəyanat yaymış, orada iqtidar qarşısında keçmiş xidmətlərini sadalamışdı, hazırda isə haqsız tənqidlərə tuş gəldiyini bildirmişdi. Mən deyə bilmərəm onun keçmiş xidmətləri nədən ibarətdir. İqtidar özü yaxşı bilər - bu mənada Ramiz müəllim haqlıdır. Ətlə dırnağın arasına girən iylənər çıxar - necə deyərlər. Biz araya girməyək. Ancaq keçmiş xidmətin öz yerində, bu günə görə cavab ver. Haqverdiyevin ünlü əsərində deyilən kimi, “Həsən ağanın qohumusansa” boynumuza minməlisənmi?

Oktyabrda Ramiz müəllimin AMEA şefi qoyulmasından 2 il ötəcək, bəs bu müddətdə idarə hansı keyfiyyətiylə yadda qalıb? Yüksək Texnologiya Parkına 5 dəfə müdir qoymaqlamı? Ya elmi idarənin saytını şəxsi mətbuat xidməti kimi istifadə etməkləmi? Başqa nəsə varsa, deyin bilək.
AMEA dövlət büdcəsindən maliyyələşir, yoxsa nə vecimizəydi? Xalqın pulunu yeyib-içirsənsə, o xalqa zəhmət çək hesabat ver. Sözgəlişi, AMEA-nın uğursuz fəaliyyətini bu il yanvarın 21-də akademik Adil Qəribov da etiraf eləmişdi: “Ötən illər ərzində dövlət büdcəsindən AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib. Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər. Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır... AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil”.

Bu problemləri həll etmək yerinə bizə keçmişdən nağıl danışır. Keçmişi uzun zaman xərcləmək olmur. Vaqif müəllimdən soruşsa, bunun kinosunu göstərər.
Zamin HACIскачать dle 12.1