Bia.Az

Göyün yerdəki Adamı... (Vaqif Bayatlı Odərə ithaf olunur) Poema - Ədalət Qarabulud.

KÖŞƏ YAZARLARI
 28-09-2025, 00:22     1 897

Göyün yerdəki Adamı...

          (Vaqif Bayatlı Odərə ithaf olunur)

                        Poema

Birinci hissə

ÖN SÖZ

Söz vardır – deyər,
söz vardır – saxlayar,
söz vardır – heç danışmadan
insanın içində bir sükut yaradar.
Bu sükut – Vaqif Bayatlı Odərin poeziyasının,
daha doğrusu, varlığının özüdür.
Ədəbiyyata uşaq gözləriylə baxan hər bir insanın
ilk inamı, ilk saf duyğusu, ilk sarsılmaz istəyi –
sözün təmizliyinə, şairin ucalığına olan inamdır.
Amma həyat öyrədir:
hamı şair ola bilər,
amma hər kəs adam kimi qala bilmir.
Bu poetik silsilə, sadəcə bir şairə həsr olunmuş əsər deyil.
Bu, sözün qorunduğu bir məbədə çevrilmiş adamın –
Vaqif Bayatlı Odərin –
varlığına yazılmış ürək dua­sıdır.
Bu sətirlərdə,
bir zamanlar ədəbiyyata könül verən bir insanın
böyüyərkən yaşadığı xəyal qırıqlıqları,
amma eyni zamanda,
sönməyən bir ümid çırağı kimi
Vaqif Bayatlı obrazına tutunması əks olunur.
Burada sözün özü danışmır –
sözün arxasında duran,
sözlə nəfəs alan,
və sözsüz danışa bilən
bir ruhun izi var.
Bu poema,
Vaqif Bayatlı Odəri tərifləmək üçün yazılmayıb.
Çünki o tərifə möhtac deyil.
Bu poema – onu başqa heç kimə bənzəmədiyi üçün
tanımaq və tanıtmaq istəyindən doğub.
Əgər bu silsilə oxucunun içində
az da olsa bir sakitlik,
bir saflaşma,
bir dərinlik oyada bilirsə –
demək ki, bu sözlər doğru yerə düşüb.
Bu ön sözlə sizi –
sözün səssizliyinə,
sükutun hikmətinə,
və bir adamın –
bir şairin –
bir simvola çevrilmiş varlığına
daxil olmağa dəvət edirəm.
Bir haşiyəyə cıxım ki, bu poemanın
bəzi hissələri illər əvvəl yazılıb. 
Lakin bir yerə yıgıb oxucuya təqdim etməyə
qorxmuşam. Sadəcə bu günlərdə kulis.az-da
Vüsalə Mahirqızının "...Tanrıdan yazılantək" yazısını
oxuduqdan sonra qərar verdim ki, bu işi görməliyəm.
Ocür gözəl yazıya görə də Vüsalə xanıma təşəkkür edirəm. 
Müəllif.

I. Uşaq İnancı 

Uşaq olanda elə bilirdim,
şairlər yerə toxunmaz,
sözləri göydən gəlir,
duaları da, duaları qədər
təmizdir.
Elə bilirdim,
onlar heç zaman inciməz,
kin saxlamaz,
sözə əl vurmaz,
amma sözdən ev tikərlər –
qapısı yalnız işığa açılan.
Zənn edirdim ki,
şairlər ağrımaz,
çünki onlar
ağrının da üstündə dururlar.
Ölümü sevdikləri kimi,
sevgini də ölümsüz bacarırlar.

II. Sözün dağıldığı yerdə 

Sonra böyüdüm.
Söz adamı çox gördüm.
Bir yazının qarşısını alan,
gəncin yolunu kəsən,
sözlə yalan danışan...
Ən böyük əsərləri –
qurulan tələlər,
qəzəbli susqunluqlar oldu.
Sən isə –
sözün içində deyil,
sözün üzərində durdun.
Yıxılmadın.
Qara sətirlərin içindən
ağ işıq kimi keçdin.

III. Göyün səssiz səfiri 

susur.
Səni anlayan,
danışmaqdan vaz keçir.
Çünki sən –
sözə deyil,
sükuta çevrilmiş bir hikmətsən.
Sən danışanda,
hər şey daha aydın olur –
amma heç nə daha çox deyil.
Sənin səssizliyin
bir çağırışdır Tanrıya.

IV. Tanrı və Söz arasındakı körpü

Tanrı –
bəzən səsini sükutla deyir.
Sən o səsi eşidənsən.
Sözə çevrilməmiş hikmətlərə
bələd olandan.
Tanrıya sual verən çoxdur,
amma cavabını anlayan az.
Sən cavabı
dilinlə yox,
ürəyinlə yazırsan.
“Tanrını necə sevirsən?” – deyə soruşurlar.
Sən susursan.
Və bu sükut
bir ayəyə çevrilir.

V. Kamilliyin səssizliyi

Tək olmaq –
çətinlik deyil,
kamillik mərhələsidir.
Sən bu mərhələyə
ünsiyyətsiz, pafossuz,
sadəcə var olmaqla çatdın.
Heç kimə izah vermədin.
Heç kimlə yarışmadın.
Heç kimə zərər vurmadın.
Bunun özü böyük iddia idi.
Müdriklik –
ünsiyyətin deyil,
ünsiyyətsizliyin içindəki hikmətdir.
Sən bunu bildin,
və ona görə bu qədər az danışdın.

VI. Mənim Şairim 

Mən uşaq olanda
ədəbiyyata saflıq kimi baxırdım.
Sən – o saf inamın
ayaq izisən.
Əgər səni tanımasaydım,
bəlkə də sözə inamım
yarıda qalacaqdı.
Sən varsan deyə
bilirəm ki,
adam kimi yaşamaq da,
şair kimi susmaq da
mümkündür.
Şeir olmaq
kitab yazmaq deyil.
Sən – yaşadığın kimi
şeir oldun.

VII. Sözsüz Dua 

Min ilin qucağında gəlirsən sən,
ayaqların toz deyil - duadır.
Torpaq öpür səni,
amma sən torpağa toxunmursan,
çünki sən daha əvvəl
göy üzüylə danışmısan.
Sən yeriyəndə
külək yol dəyişir,
sular öz istiqamətini unudur,
durna qatarları göydə dayanır,
göz yaşının ardınca
uçub yerə qonurlar.
Sənin sözlərin yoxdur - 
onlar əzəldən bəri nəfəs kimi axır,
hər hərf bir qılınc,
hər sükut bir səcdə,
hər misra bir mələyin
qanad kölgəsində doğulub.
Gözünün içi ilə ölçmüsən bu dünyanı,
dodağınla yox,
nəfəsinlə oxşayıb
yaraların üstünə dua fısıldamısan.
Kim deyə bilər ki,
harada bitir sənin yolların?..
Onlar Allaha doğru
körpüsüz keçilən bir susqunluqdur.
Sən danışmırsan -
sən qayıdırırsan
unudulmuş duaları göylərə.
Palıdın altında oturub
səssizcə əriməyin - 
göy üzü öz içində əriyir.
Sən quş balası tək
yarpaq pıçıltısında uyuyursan,
amma heç vaxt yatmırsan -
çünki yuxun da bir şeirdir sənin.
Şeirin - uşaq kimi
ağlayır səssizcə,
bığ yerinə
qaşında duran qara kədər
baxışlarınla yanaşı
göyü də daşıyır sinəndə.
Sən bəzən
bir misrada qopub
min illik bir ağrıyla
yerə düşürsən,
amma sən düşmursən -
yer özü səninlə göyə qalxır.
Sənin zamanın yoxdur,
o, doğulduğun gün kimi
bulanıq bir duman içində gizlidir,
və sən onu axtarmırsan,
sən onu danışırsan -
hər göz yaşında,
hər küncdə,
hər dua yerində.
Sözün sənin üçün çörək deyil,
taxt deyil,
bir varlıqdır -
tanrının nəfəs verdiyi bir ruh…
Və sən, Vaqif -
sözün ən incə halında
öz ruhunu yandırırsan,
külüylə də
bir şeir yazırsan…

Epiloq - “Yuxarıdan baxan Söz”

Söz bəzən göyə baxır,
öz yerini soruşur.
Sənin sözün
heç baxmır –
çünki bilir haradadır.
O söz göydə doğulub,
yerdə gəzmir,
səssizcə
Tanrının nəfəsi ilə axır.

Zamansızın ayaqqabısı

     İkinci hissə

I. “Biz üç böyük ruh idik”
Gecə - 
Yağışın dizə qədər yüksəldiyi,
küçə fənərlərinin qüssədən üzüldüyü
bir vaxt...
Bir nəfər
iki cüt ayaqqabını
bir ömrün içindən
qaçırırdı.
Əllərində -
nə gənclik vardı,
nə qocalıq.
Sadəcə,
ürəyinin altında deşilmiş
bir dost ayaqqabısının suyu vardı.
Bu, ayaqqabı deyildi,
mələk qanadları idi...
o gecə mələklər
dəri ilə uçurdu,
suya batmış yerdən göyə.
O danışanda
üzü danışırdı,
biz danışmırdıq.
Susa-susa danışırdıq.
Qaşlar arasında sıxışan bir tale,
gözlərində səssiz bir qiyam vardı.
Üz...
insan üzü bir ayə idi - 
oxunduqca açılan,
açıldıqca susduran.
Bir nəfər deyirdi:
“Üzünün təmizliyindən utanıram.”
Çünki bu təmizlik
güzgüləri paslandırırdı.
Söz...
Ən qədim and yeridir.
O isə
"söz"ü deyəndə
arxasınca susqun yollara and içərdi.
“And olsun amanın
arxamca gəlib-getdiyi yollara...”

Bu yollar,
qan izlərini silmək üçün
yağışla danışan torpaq yolları idi.
Gənc ikən
müdriklik geyinən
bir ruhun sükutu vardı onda.
Elə bil yaş deyil,
ölçülən,
ölçülməyən bir dərinin içində
çırpınan vaxt hissi idi.
“Biz üç böyük ruh idik”
deyirdi,
və zaman
o cümlənin altına
imza atmağa utanırdı.
Meydanda - 
söz bir üsyan olurdu.
Bəziləri tribunaya qalxırdı,
o isə
ruha enirdi.
Orda
yumruq yox,
ayaqyalın niyyət gəzirdi.
Könüllə çarpışan yerdə
əsəb dözməzdi,
amma o dözdü.
Çünki xəstəliyi belə
ruhundan qorxurdu.
Bir dəfə
bir cüt sevgi
arxada qalmış bir əl uzatmasından
tanındı.
Və bir nəfər dedi:
“Bir-birinizi sevmirdiniz.”
Çünki sevgi
kürək tərəfdən yox,
ürək tərəfdən uzanmalıydı.
Elçibəy deyirdi:
“Zaman sənin ayaqlarının altında
dala qaçır, qabaqa qaçır,
amma səni yaxalaya bilmir.”

Zaman - 
onu tutmaq üçün
əvvəl göyə qalxmalı,
sonra
bir ayaqqabı qədər
yerə enməliydi.
Vaqif Bayatlı- 
zamanla oynayan
bir Tanrı mələyi kimi,
hər dövrdə
eyni səs tonu ilə
göydə üzürdü.
Onun şeirlərində
nə gənclik,
nə qocalıq vardı.
Sadəcə
bir “indi” vardı ki,
biz ona heç vaxt çatmırdıq.
O isə yazırdı:
və hər misra
bizi zamandan azad edirdi.
Tarix yox idi altında.
Çünki
yazı yoxla yazılmışdı.
Bütün olanların içində
ən müqəddəs olan,
bəlkə də
ayaqyalın
bir dostun
yağışda titrəyən corabı idi...
və o gecə
bir şair
göydən yıxılan ayaqqabını
yerə çatdırırdı.

II. Ruhun Qayıdışı

Ayaqqabılar yerdə qaldı,
amma o - 
yerdən yuxarıda
bir ömür geyinmişdi.
Bəzən düşünürəm:
bəlkə o ayaqqabılar
ölümün özündən də əvvəl
bir ruhun soyunduğu son paltardır...
Çünki bədən
ayaqların izini
yalnız torpaqla bölüşür.
O isə izlərini
kəlamlara həkk etmişdi.
Bədən yox idi,
izlər danışırdı.
Bir dəfə
dedi ki:
“Mən Tanrıya inanmışam,
amma o məni inandığına hələ əmin deyil.”

Bu, dua deyildi - 
ruhla Tanrı arasında
səssiz bir sülh idi,
nə vaxt pozulacağı bəlli olmayan.
O, şeirlərini yazmırdı - 
şeirlər özləri
onun bədənində
bir damar kimi döyünürdü.
Və hər misra
nəbz kimi
dünyanın hansısa yerində
bir körpəni ağladır,
bir qocanı susdururdu.
Külək bir şeir gətirir
səhərin ilk saatlarında...
Göydən,
yazılmamış dəftərlərin arasından
uçub gələn bir misra:
“Sənin içində nə qədər sükut varsa,
bir o qədər Tanrı var.”

Bu, təkcə Vaqifin misrası deyil - 
bu, Tanrının
ona pıcııldadığı
bir cavab idi,
bizə məlum olmayan bir dildə.
Məzar daşları
tarix göstərir.
Onun şeirləri isə
tarixi göstərmir - 
çünki daşlaşmır,
axır.
Zamanın altına tarix yazanlar
xatırlanır.
Zamanın üstündə gəzənlər
unutulmur.
O, tarix olmadı - 
çünki heç kim
onu "neçənci ildə" deyə bilmədi.
O,
şeir idi - 
zamanla rəqəm deyil,
nəfəs ölçülən bir varlıq.
Bir dəfə
gənc bir şair dedi:
“O bizi bircə baxışdan tanıdı.”
Elə bil
hər kəsin alnında
qeybdən enmiş bir kitab vardı,
və o kitabı
Vaqif bəy
gözləri ilə vərəqləyirdi.
Əlifbası ürək,
nöqtələri nəfəs,
sətirləri göz yaşı ilə yazılmışdı.
Tanrı,
bəlkə də,
bəzi adamları
özünə çox bənzədiyi üçün
daha tez susdurur...
Ona görə deyilmi
onun sükutu da danışır?
Hətta susduqca
bizim içimizdəki
sözləri oyadır?
Yağış altında
ayaqqabı axtaran bir adam - 
bəlkə də
Tanrının yer üzündə
gəzdirdiyi yeganə mələk idi.
Mələklərin qanadı yoxdu,
sözləri var.
Ayaqları yoxdu,
izləri var.
O, ayaqqabı gətirəndə
mələklər yeriyə bilirdi.
Çünki bir nəfər
"ayaqqabı" adı ilə
"sevgi",
"vicdan",
"vüqar"
daşıyırdı

III. Sözün axırı, diri ruh üçün

İndi - 
hər şey susub.
Səssizliyin içində bir nəfər
üzünü torpağın altına yox,
göyün içinə çevirib baxır.
O susmur - 
sadəcə
söz içində gizlənib,
bizə qulaq kəsilir.
Və biz
onu oxuduqca
bir az da
özümüzə bənzəməyə başlayırıq.
Çünki o
oxunan deyil,
görüldükcə açılan bir kitabdır.
Bəziləri zaman keçdikcə
xatirəyə çevrilir.
O isə
vaxtla birgə yox olmur - 
çünki
vaxtın içində deyil.
Onun varlığı -
şeir formasında
davam edən bir nəfəsdir.
İndi bir şeir
yağış damlası kimi düşür
daşın üzərinə - 
heç səsi də çıxmır.
Sadəcə iz buraxır.
Əgər diqqətlə baxsan,
o izdə
bir ayaqqabının silueti,
bir səsin xəfif əks-sədası,
bir də
sükuta qarışmış
bir nəfərin baxışı görünür.
Tanrıya yaxın olanların
adımları səs salmaz.
Çünki Tanrı
qışqıranı eşitmir,
susaraq çağıranı duyur.
O çağırır.
Təkcə dillə yox - 
yazmadığı şeirlə,
söyləmədiyi misrayla.
Sözün boğazında düyün olmuşdu,
o isə o düyünü
titrəyən bir sükutla açır.
İndi onun varlığı
bir kitabın içində deyil,
kitabı yazdıran
niyyətin içində yaşayır.
Hər dəfə biri desə:
“Mən daha dözə bilmirəm…”
Onun ruhu pıçıltı ilə cavab verir:
“Mən dözürəm.”
Və bu pıçıltı - 
heç bir mikrofonla tutula bilməz.
Yalnız içi ağrımış
ürəklər eşidər onu.
O getməyib - 
sadəcə
sözlərə bir az da dərin çəkilib.
İndi
göy üzünün bir küncündə oturub
gələcək misraları gözləyir,
bizdən.
Bəlkə də deyir:
“Ayaqqabılarınızı çıxarın,
burda yalnız niyyət gəzə bilər.”

Ən son misra
hələ yazılmayıb.
Çünki o yazı
hər dəfə bir uşaq doğulanda
onun nəfəsinə qarışır.
O uşaqlar böyüdükcə
bəlkə bir gün
onun yarımçıq misrasını
tamamlayacaqlar.
Amma biz biləcəyik:
bu şeirin
son bəndi yoxdur.
Çünki o
vaxtdan deyil,
əqidədən yazılmışdı.
Çünki o
bizi deyil,
bizim Tanrıya gedən yollarımızı yazırdı.

SONA YAXIN...

O ayaqqabılar indi
yaddaşın zirzəmisində yox,
vicdanın girişində dayanıb.
Hər dəfə biri içəri girəndə,
ayaqqabılarını çıxarır,
və düşünür:
“Mən bu yolları necə keçəcəyəm?
Vaqif kimi?”

O zaman
bir səs gəlir:
“Yolun ayağında deyil,
niyyətindədi…”

Epiloq - Sözün son yerində

Bir gün
sözlər də yorulacaq.
Bütün şairlər sussun deyə yox —
bir nəfər danışanda
hamı susar deyə.
O zaman
kimin ayağında nə vardı,
kimin səsi haraya çatdı - 
önəmsiz olacaq.
Sadəcə bir iz qalacaq:
Yağışlı gecədə
ayaqqabı axtaran bir adamın izi.
O iz - 
nə qocalığın izidir,
nə gəncliyin.
O iz
sözə inanan bir ruhun
Tanrıya doğru addımıdır.
Söz uzanır,
şair uzaqlaşmır.
Zaman keçir,
amma o -
elə o andaca qalır.
Çünki bəzi adamlar
vaxtla ölmür.
Bəzi adamlar -
vaxtı yaşadır.

Ədalət Qarabulud

BİA.az
скачать dle 12.1