Kimlərinsə cəmiyyətdə qarşıdurma yaratmaq istəyi... - Elbariz Məmmədli yazır
İki gün öncə baş vermiş Xankəndi hadisəsi deyəsən, heç kimi narahat etmədi. Bir daşnak tullantısının əli ilə törədiləcək cinayətin arxasında kimlərin dura biləcəyi haqda müzakirələr açılmadı. İkiyə bölünmüş cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarımız sosial şəbəkələrdə bir-birini söyüş, təhqir və ittiham atəşinə tutdular. Obyekt isə aydındır-Səidə Bəkirqızı. Onun nə dediyindən və niyə dediyindən artıq hamımız məlumatlıyıq.
Doğrusu mən, bu xanımı şəxsən tanımıram. Amma onun efir mədəniyyətinə, fikri və hadisəni ifadə (şərh) etmək qabiliyyətinə həmişə yüksək dəyər vermişəm. Vətən və vətəndaşlıq mövqeyinə həsəd aparmışam. Əlbəttə ki, çıxışlarında razılaşmadığım çoxlu məqamlar da olub. Hərçənd ki, bütün bunlar onun jurnalistlik istedadına kölgə sala bilməz. İndi keçək, cəmiyyətimizi qarşı-qarşıya qoyan əsas məsələyə. Açığını deyim ki, Səidə Bəkirqızının narazılıq doğuran fikirlərinə cəmiyyətin elit təbəqəsindən cüzi istisnaları nəzərə almasaq, səs çıxmadı. Əslində burda fövqəladə bir hadisə baş verməmişdi və belə də olmalı idi. Çünki özünün təbirincə desək, el üçün ağlayan bir Azərbaycan xanımını hansısa fikrinə görə bu qədər təhqir edib aşağılamaq, bizim mental dəyərlərimizdə nə qədər ciddi aşınmanın baş verməsinin göstəricisidir. Hətta özünü Bütöv Azərbaycan ideyasının təmsilçisi kimi təqdim edən bəzi dostlarımızın da bu söz-söhbətin mərkəzində olması, bizim nə qədər bədbəxt duruma düşməyimizdən xəbər verir.
Məni Zəngilan, Cəbrayıl, Füzuli və Kəlbəcərdən olan məcburi köçkünlər arasında tanıyanlar çoxdur. Onların haqqı üçün apardığım işlərdən məlumatlıdırlar. Uzun illər doğma adamlar kimi qonşuluqda yaşayıb, bir-birimizin qayğılarına şərik olmuşuq. Qarabağ savaşı haqqında ən çox yazan qələm adamlarından biri olduğumu təvazökarlıqdan uzaq olsa da, səmimiyyətlə dilə gətirirəm. Bu yazılarımda məcburi köçkünlərin müəyyən qisminə irad bildirdiyim məqamlar da olub. Eynilə başqalarına bildirdiyim kimi. Burda nə var ki?
Hamı səndə görür günahı, suçu,
Kaş ki, gəlməyəydin, zavallı köçkün.
Ağzıgöyçəklərə söz olduğunu,
Duyub bilməyəydin, zavallı köçkün…
Bu sətirləri də mən yazmışam, 90-cı illərin əvvəllərində. Çünki o vaxt hamımızın üzərində bir utanc varıydı-işğal utancı. Şükrlər olsun, minlərlə Vətən oğlunun canı bahasına olsa da, o torpaqlar indi azaddır. Nə vaxtsa bu yurdlara kütləvi qayıdış da olacaqdır. Çoxları infrastrukturun qurulması proseslərini yaxşı bilmirlər. Bütün bunları təmin etmədən əhalini yurd yerlərinə köçürmək əlavə problemlər yarada bilər. Əlbəttə, Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin sürəti vətəndaş olaraq, məni də qane etmir. Bütün bunlar haqda danışarkən, səmimi və obyektiv olmaq lazımdır. Özü də belə hallar cəmiyyətdə bölücülüyə xidmət etməməlidir.
Dünən sosial şəbəkədə ürək ağrıdan bir kadra rast gəldim. Hansısa dələduz məcbiri köçkün qadının qeyri etik ifadələrini çəkib paylaşmışdı.
“Qadın deyir:
-Bizə deyirlər, niyə köçüb getmirsiniz?
-Bəli.
- P.x yeyirlər.”
Bu da bizim min illərlə qoyuduğumuz milli dəyərlərimizin nəticəsi. Azərbaycan qadınını tərbiyəsiz ifadələrlə danışdırıb, kimlərəsə cavab vermək. Başqasının evinə soxulanlar da, insanları öz yöndəmsiz davranışları ilə bezdirənlər də bax, belələridir. Belə tərbiyəsizliyi bütöv bir topluma aid etmək olmaz. Heç Səidə Bıkirqızı da aid etməmişdi. Sadəcə onun emosiyası bəzi adamlarda qıcıq yaratdı. Və kişilər bir Vətənpərvər xanımın tapdanıb sıradan çıxarılması üçün bütün söyüşləri dilə gətirdilər. Etməyin. Sabah hansısa sosial ədalətsizliyə qarşı çıxıb cəmiyyətin önündə dayanmaq təpəri olan tək-tək insanlarımızdandı-Səidə. Yeri gəldikdə, biz ona lazım deyilik, özünün cəsarəti, ağlı və üsyankarlığı ilə o bizə lazımdır. O ki, qaldı bəzilərinin ifadə etdiyi kimi, cəmiyyətdə qarşıdurma yaratmaq istəyi, hamımız yaxşı bilirik-o Səidə deyil. Gəlin haqqıın yanında olaq ki, haqqımızı əlimizdən almasınlar. Xalqımız və dövlətimiz var olsun!
Elbariz MƏMMƏDLİ,
Şair, publisist.








