Bia.Az

Gərək mən bir kiçik Allah olaydım... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ...

KÖŞƏ YAZARLARI
 12-09-2025, 01:18     1 623

Mən Olmayan...
Gərək mən bir sükut olaydım,
danışmayan, amma hər şeyi bilən - 
bir baxışda ömrü oxuyan,
bir nəfəsdə günahı silən...
Gərək mən daş olaydım - 
amma içi nurla dolu bir qaya,
baş qoyan hər kəsin yuxusuna
ilahi bir rahatlıq axıdan...
Gərək mən külək olaydım - 
gözə görünməyən,
amma qapını çırpan,
vicdanı oyadan,
tanrının nəfəsi tək
boşluğa yazı yazan...
Mən harda unutdum özümü?
Hansı ağacda qaldı kölgəm?
Hansı uşaq gülüşüylə
çıxdı içimdən tanrılıq?
Mən yıxıldım...
amma torpaq yuxumu dinlədi,
məni səssizliyə əmanət etdi
və dedi: "Oyananda, artıq sən olmayacaqsan..."
Gərək mən bir dua olaydım - 
dodaqlarda yox,
ürəkdə pıçıltı tək
tanrının da unutduğu bir nida…
İçimdə bir boşluq var,
yerlə göy arasında ilişmiş,
necə ki yağmursuz bulud - 
ağlamağa belə halı yox...
Gərək mən göz yaşı olaydım - 
bir yetimin yanağında,
bir ananın səcdəsində,
bir qapısı örtülü sevdanın
axırıncı cavabı...
İndi mən nə səsəm, nə söz...
bir ruhun külə çevrilmiş hissəsiyəm,
hər damlada, hər toxumda mən varam
amma yenə də yoxam...
Gərək mən bir kiçik allah olaydım - 
amma sevgi ilə,
amma sükunətlə,
amma insanlığın içində...
gərək mən heç nə olaydım -
amma hər şeyə yetən bir heç nə...
Səssiz dua
Bir gecə, sükutun içində itdiyim an,
qərib bir pıçıltı oyatdı məni –
Sanki ulduzlar danışırdı,
sanki külək dua edirdi
bir unutqan bəndənin yerinə...
Dedim:
— İlahi, bu nə oyundu?
Nəfəs alıram, amma yaşamaq deyil,
gülürəm, amma içimdə bir boşluq
uçurum tək böyüyür hər səhər.
Sən bu dünyanı
torpaqla göy arasında
niyə belə yorğun saxlamısan?
Bir az işıqdan ver,
bir az yuxusuz mələklər göndər,
bu duman içində
qəlbim yol tapa bilmir…
Bəzən sənə inanıram –
özümü unutduğum qədər.
Bəzən şübhə edirəm –
özümü çox xatırladığım qədər.
Səssiz ağrılar var içimdə,
adını çəkməyə qorxduğum.
Sənə yönəlmir,
amma sənə çırpılır hər düşüncə.
Qorxuram, ilahi,
səni ancaq ehtiyac olanda çağırmaqdan.
Qorxuram,
səni sadəcə dərdimin gölgəsində tanımaqdan.
İstərdim bir gün –
səni sevinclə axtarım,
bir gülüşlə danışım adını,
bir səadət səssizliyində
susaraq ibadət edim.
Bilirsən,
bəzən səmaya baxıb dua etməyə utanıram –
çünki göy də yorulub cavabsız səslərdən.
Amma yenə baxıram...
çünki sən orda olmaya da bilərsən,
amma oraya baxanda –
səni içimdə tapıram.
Yağış gözlüm...
yağış içdim -
doymadım.
sənli damlalar
boğazımda ilişib qaldı,
keçmişin acı dənələri kimi,
hər udumda sən -
amma heç vaxt tamam deyilsən.
göz yaşını içdim sonra -
öz göz yaşımı tanımadım,
səninkilə qarışmışdı,
elə bil bu şəhərin üstünü
sən ağlamışdın,
mən susmuşdum.
mənə elə baxma
o köhnə buludlarla,
baxışların -
ildırım kimi çaxır
ürəyimə.
hər dəfə baxırsan,
bir damla keçmiş
yenidən isladır məni.
yağış gözlüm...
hərdən yağ.
necə ki, susuz torpaq
göy üzünə əl açır - 
mən də səni gözləyirəm.
heç olmasa
səssizcə yağ.
nə olar...
səbrimin üstünə
bir az mərhəmət tök,
bir az səssizlik.
qəbrimin üstünə yağ -
amma sağ ikən.
ölümdən əvvəl
bir az səninlə ölmək istədim.
buludlarımız toqquşsun...
qəzəbli göylər kimi,
içimizdə illərlə
dilənmiş kəlimələr
bir anda göyə çatsın.
çünki biz - 
iki kədərli buluduq,
bir-birini axtaran,
amma heç rastlaşmayan.
yağış olaq,
ikimiz bir damla.
küləyə söz verməmiş,
yerə çatmağı gözləyən.
bəlkə bir damla düşər
elə o ilk baxdığın yerə,
bəlkə sən tanıyarsan məni
torpaqda, suda, yaddaqalan bir buxarda.
yağış gözlüm...
yağ...
bir az sənsizliyə,
bir az özümə.
bu şəhər bilmir,
amma hər küncündə sən varsan.
sən getmisən,
amma buludlar səni saxlayır.
yağış gözlüm,
gəl...
sözsüz gəl,
hətta gəlməsən də -
bir az islan.
bir az da
mən ol.

Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1