Bia.Az

Ölümün Kitabı... - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 7-09-2025, 09:29     1 152

Ölümün Kitabı


I. MÜJDƏ

Qardaşlar,
ölüm mənimçün
bir qapı deyil,
bir müjdədir yalnız - 
kürəyimi babaların kürəyinə söykəmək,
anaların ayaqları altına qoymaqçün.
Ölüm -
Tanrının nəfəsində gizlənmiş
bir an,
sözlərin arasındakı
müqəddəs sükutdur.
Doğuluş - nəfəsin içəri alınması,
ölüm - nəfəsin çölə buraxılması,
aralarında qalan hər şey
bizim ömrümüzdür.

II. YOL

Ramiz Rövşənin şeirlərində
ölüm - qara qanadlı quşdur,
bizim üzərimizdə
kölgə salır.
Vaqif Bayatlıda isə
ölüm - şirin meyvədir,
dodağa toxunur,
adamın lap ölməyi gəlir.
Çünki ölüm - 
qapanış deyil,
sonsuzluğa açılan
ikinci doğuluşdur.
Onda qorxu yoxdur,
onda yalnız işıq var.
Bizim qəlbimizdəki qaranlıq
orada şüşə kimi sınır,
və hər qırıntıdan
bir ulduz doğulur.

III. NƏFƏS

Mən - ölüm,
qara libas geymirəm,
qorxulu deyiləm.
Mən Tanrının əlində gizlənmiş
sözəm.
Mən sizə düşmən deyiləm.
Mən sizi parçalamağa yox,
bütövləşdirməyə gəlmişəm.
Sizi babalarınızın kürəyinə,
analığınızın ayaqlarına aparmağa gəlmişəm.
Bilin ki,
şairlər məni daha yaxşı tanıyır.
Çünki hər şeir - 
ölümün kölgəsindən doğulan işıqdır.
Hər misra - 
Tanrıya bir salamdır.
Əslində,
sözün özü də ölümdür.
Çünki hər söz deyildiyi anda ölür,
amma mənaya çevrilib
sonsuzluqda yaşayır.
Mən - ölüm,
nə sonam, nə də başlanğıc.
Mən - ən saf avazam, səsəm.
Mən Tanrının dilində
sonuncu,
amma unudulmaz
nəfəsəm.

Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1