BİR NƏFƏS - Ədalət Qarabulud
BİR NƏFƏS
Ön söz – Dua kimi...
Ey oxucu,
bu sözlərə başlamazdan əvvəl
gözlərini yum
və nəfəsini dinlə.
Çünki hər nəfəsdə
Tanrının gizli adı var.
O ad nə divarda gizlənir,
nə zəngin səsində,
nə də əzanın çağırışında.
O ad -
sənin içindəki sükutdadır.
O sükut
min yolun sonunda açılan
bir qapıdır.
Unutma:
yollar fərqli ola bilər,
amma nəfəs birdir.
Dualar ayrı-ayrı dillərdə səslənə bilər,
amma cavab
yalnız Bir Nəfəsdən gəlir.
Oxu bu poemanı,
amma şeir kimi yox -
dua kimi,
Tanrının qulağına deyil,
öz ürəyinin içinə pıçılda...
Divar
Uçurulmuş qalanın son daşında
bir yəhudi dayanmışdı.
Əlləri duaya qalxırdı,
amma gözləri divardan o yana baxırdı.
- Mənə daş qala lazım deyil,
qəlbimin içində ucalan son divar var.
O divardan bir nur boylanır,
məni daşlara bağlama,
məni içimdən salınan səslərə bağla.
Zəng
Bir xristian gənc çiyinlərini silkələdi,
- Mənim üçün zəngləri sən çalma,
zamanımı sən seçmə.
Mən öz ömrümün saatını özüm yazar,
özüm çalaram.
Bəzən şərqi oxuyaram,
bəzən şərab içərəm.
Zəngin səsi mənim içimdədir,
məgər o səslə mənim
ruhumu bir başqasına tapşıra bilərsənmi?
Əzan
Müsəlman gənc başını qaldırdı:
- Məni əzanla çağırma,
çünki mən heç vaxt Allahdan ayrılmadım.
O ev mənim içimdədir,
qapısız, divarsız,
hər nəfəsimdə
onun nəfəsini duyuram.
Məni haraylama,
mən artıq oradayam.
Nur
Sonra ildırım çaxdı.
Asiman tən ortadan yarıldı.
Gözlər kor,
qulaqlar kar oldu.
Bir nur içində
Yaradan peyda oldu.
Əlində əsa yox,
sözündə sirr vardı.
- Mən sizi xəbərdar edirəm,
bütövü bölməyin,
özünüzü parçalamayın.
Birə qayıdın.
Yer üzünü didişmə meydanı sanmayın,
Yer - Mənim nəfəsimdir,
bir nəfəs bölünməz.
Sükut
Sonra kar bir sükut çökdü,
sanki kainatın öz qəlbi
bir an dayandı.
Üç gənc
dəfndən qayıdırdı.
Biri əzan səsinə,
biri uçuq divara,
biri kilsə zənginə sarı gedirdi.
Onlar ayrılırdılar...
Amma göyün sükutunda
bir nida səslənirdi:
- Siz ayrılmırsınız,
yalnız görünüşdə yolçusunuz.
Əslində hamınız bir yolun yolçususunuz.
Hamınız bir nəfəsdən yaranmısınız.
Hamınız bir Tanrının
küləyisiniz.
Epiloq – Bir Nəfəs
Zaman keçdi...
Üç gəncin yolları yenə ayrıldı,
amma torpağın altında
qəbir daşları da eyni sükutu paylaşdı.
Birinin məzarında əzan oxunmadı,
digərinin başında zəng çalınmadı,
üçüncünün divarı uçub dağıldı.
Çünki torpaq
bütün səsləri öz sinəsində birləşdirdi.
O an ruhlar göylərə qalxdı,
üç fərqli yolun sonu
bir işıqda görüşdü.
Orada nə məscid vardı,
nə kilsə,
nə də qala divarı.
Orada yalnız Bir Nəfəs vardı -
hər şeyi var edən,
hər şeyi birləşdirən,
adını dillə demək mümkün olmayan.
Və o nəfəs dedi:
- Mən siz idim,
siz də Mən oldunuz.
Bölünmədiniz,
toz olmadınız.
İndi bir bütöv kimi
sonsuzluqda yaşayacaqsınız.
Üç yol birləşdi,
bir nəfəs oldu,
bir sükut oldu,
bir işıq oldu...
Ədalət Qarabulud.








