Bia.Az

Sevgi, günahın paltosunu geyinib qarşıma çıxır... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ

KÖŞƏ YAZARLARI
 4-09-2025, 01:25     1 430

MƏKAN VƏ ZAMAN...


Məkan - bədənimin həbsxanası,
Zaman - ruhumun qandalları.
İkisi arasında sıxılıram,
düşüncəm qopan kimi
öz qanımı içir.

Nadanlığın dahiliyinə boylanıram:
çünki bu bataqlıqda
üzməyin adı - hikmət,
batmağın adı - xoşbəxtlikdir.

Biz geriyə addımlayırıq,
amma bunu irəliləyiş sanırıq.
Üzümüz eyni dünyaya baxır,
amma gözümüz
başqa əsrin dumanındadır.

Oxuduğum kitablar
özümü deyil,
kölgəmi tanıdır mənə.
Kopya düşüncələr
meydan sulayır - 
poz verən saxta qəhrəmanların
şəkilində.

Eh...
nadanlığın balası deyil bu sadəcə,
öz sürüsünü də qoruyur,
öz surətini də müqəddəsləşdirir.

Biz isə -
boğulmaq qorxusu ilə nəfəs alırıq.
Hər nəfəsdə bir az daha
nadanlığa alışırıq.
Çünki bu havada
ya ölməyi öyrənəcəksən,
ya da nadanlaşmağı.

Və bəlkə də
dahiləşmək elə
o qədər nadanlaşmaqdır ki,
nəfəs aldığın bataqlığı
cənnət saya biləsən.


AZADLIQ


sən - doğma anam,
amma yad qapısında böyütdün məni.

ağ bayraq -
ümidimin son nəfəsi.

mən küləyəm,
səni yellədikcə
özümü də dağıdıram.

azadlıq - 
nəğməsiz bir səs,
sükutun içində gizli dua.

fanilik yandıqca
nur görünür.

mən yox oluram,
sən doğulursan.

və o an
Tanrı nəfəs alır içimdə.


DUA

Vaqif Səmədoğluna

Allah - 
nə var, nə yox?

məndən xəbər
sükutundadırmı,
yoxsa qəlbimdə gizlədiyin sirrdə?

gecələri
özüm sayıram.

səhərlər - 
neçə dəfə açılacaq
üzümə?

bəyənəcəksənmi məni?
yoxsa mən - 
tozdan bir zərrə,
küləyin nəfəsində yox olan?

Allah - 
özüm gəlim?
yoxsa göndərəcəksən
bir mələk,
bir dərd,
ya da
bir uşaq gülüşü?

mən hər işarədə
səni tanımaq istəyirəm.

amma sən -
hər dəfə
başqa simada gəlirsən.

Allah -
nə var, nə yox?
mən hələ də
sənin sükutunda
söz axtarıram.


DƏM

Vaqif Səmədoğluna
Günahın qapısı döyülür,
içimdəki susuzluq
başqa bir səsə çağırır məni.

Allah,
bəzən inamdan da gözəl görünür
bir cüt göz,
bəzən səcdədən də şirin
bir öpüş.

Nə millət uğrunda,
nə yurd uğrunda -
yalnız qəlbin qırmızı
təlatümündə yanmaq istəyirəm.

Həqiqət -
şərab kimi acı,
yalan kimi şirin,
amma hər ikisi də
eyni qədəhdə qarışır.

Mən içirəm,
sən baxırsan.

Cinayət də
bir dua qədər saf görünür
ürəyin zəncirlərini qıranda.

Sevgi -
günahın paltosunu geyinib
qarşıma çıxır,
mən də utanmadan
təslim oluram.

Qoy bu gecə
bir dəm olsun yanımda,
qoy sabah
utancım ömrümün alnına yazılsın.

Allah,
günaha batmağım gəlib,
məhəbbət dəmidir,
saxlama məni.


SƏNİ SECMƏK...

Səni seçdim -
sükutun içindən gələn bir səs kimi,
nə ağıl soruşdu,
nə ürəyim izah istədi.
Sadəcə... sən idin.
Gözüm dünyanı görmədən
sənin kölgəndə dayandı,
bir damla gülüşünlə
bütün acılar susdu,
amma... sən bilmədin.
Niyə səni bu qədər?
Niyə bu qədər səndə?
Gecə-gündüz adınla nəfəs alıb
bir ahla dağı dənizə qatdım,
özümə yox,
sənə çatdım.
Səni istədim - 
özün kimi yox,
səni içimdə böyütdüyüm kimi.
Tamahsız, hesabsız,
bəzən dua,
bəzən günah kimi.
Və bilirsənmi?
Səni istəməkdən qorxmadım heç vaxt,
amma itirməkdən...
heç cür alışmadım.

Ədalət Qarabulud.

BİA.az








скачать dle 12.1