Bia.Az

Qarabulud gəldi yenə... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ

KÖŞƏ YAZARLARI
 31-08-2025, 12:31     1 521

Qarabulud gəldi yenə...

Qarabulud gəldi yenə,
göy üzünü pərdə kimi örtdü,
amma bu dəfə qorxmadım.
Çünki bilirdim —
hər qaranlığın altında
gizli bir işıq var,
hər buludun sinəsində
yanmış bir ürək yatır.
Yağış başladı...
sanki göy ağlayırdı,
amma göz yaşı yox,
sevda tökürdü yerə —
sakit, şəffaf,
və bir az da
sənə bənzəyən…
Ey mənim gecə buludum,
qara paltarlı düşüncəmin yuxusu,
nə zaman gəlsən,
küləklə gələrsən,
və mən səndə
içimdən keçənləri görərəm.
Bir zamanlar kişilər sözləri ilə
körpü salardılar ürəklərə —
tək bir baxışla,
tək bir "getmə" deməklə
dünyaları saxlayardılar.
İndi isə sözlər yorulub,
və susqunluq bir dil olub
arxasında gizlənirik.
Amma sən gəl...
bulud kimi yox,
özün kimi…
Səni sevdiyim kimi —
qorxusuz,
qaranlıq içində belə
işıq tapa-tapa.
Bu yağış da sənin kimi
soyuq görünür,
amma içi —
isti…

Qara çamadanım...
Qara çamadanım qapıya söykənib,
orada nə libas var, nə də yük -
orada yalnız gizlədilmiş bir sirr yatır.
Bilirəm, o sirr mənim deyil,
amma onsuz da mən də sirrin içindəyəm.
Özümü bu yoldan qaytara bilmirəm,
çünki yol məni aparan daşlı torpaq deyil,
yol - nəfəsimlə nəfəs alan
Görünməz Biridir.
On ildir geyinib qurtarmadığım paltar
mənim faniliyimdir,
onu soyunsam
bəlkə də nur içində çılpaq qalacağam.
Amma hələ qorxuram -
çünki nur da yandırır,
nur da kəsir,
nur da hamını özünə çəkir.
Kiməm mən?
Bir damla suyam okeana dönmək istəyən,
amma hələ daşların arasında
dolaşan bir bulaq.
Bir nəfəsəm - 
amma nəfəs aldığım hər an
Başqa Birinin nəfəsini içimə çəkirəm.
Torpaq mənim addımlarımı udur,
amma torpağın altında qulaq asan
başqa bir həyat var.
O həyat məni tanıyır,
adımı eşidəndə titrəyir,
amma mən o həyatı görə bilmirəm.
Qara çamadanım - 
bəlkə də qiyamət gününə saxlanılmış dəftərdir,
oraya yazılan mənim addımlarım deyil,
ürəyimin gizli zikrləridir.
Mən hər addımda itmirəm,
hər addımda Ona daha da yaxınlaşıram.
Varlığım sual kimi qalır:
“Haradan gəlirəm, hara gedirəm?”
amma bir səs içimdən cavab verir:
“Gəldiyin Yerdən başqa yer yoxdur,
getdiyin Yer də Gəldiyin Yerin özüdür.”
Mən yolam.
Mən axtaranam.
Mən itənəm.
Mən tapılanam.
Mənim qara çamadanım -
əslində ruhumun qapısında gözləyən
İlahi sirrin möhürüdür.
Qara çamadanım - 
sanki keçmişimdən qopmuş bir məzar daşı,
gələcəyimə daşınan bir qapı.
Mən bu yoldan geri dönə bilmirəm,
çünki dönsəm də
yenə içimdə yol qalacaq.
Baş götürüb qac...
Baş götürüb qac,
çünki səssizlik bəzən
qışqırıqdan ucadır...
çünki susmaq —
əgər səni boğursa —
çalınmamış siren kimidi içində...
get...
öz addımının səsinə qulaq as,
yad küçələrin nəfəsində
öz nəfəsini tap...
sən-sənmi deyə
güzgülərlə danış bir az...
bəlkə də unutmusan öz səsini,
öz baxışını...
Baş götürüb qac,
daşlaşmış baxışların altından,
hər kəsin hər kəsə bənzədiyi o
təkcə rəngli, amma hissiz
pəncərə şəhərlərdən...
qopmaq —
itmək deyil,
qopmaq — tapmaq üçündü...
bir üz, bir kəlmə,
bir “mən” — unudulmuş yerdə
səni gözləyir hələ də...
baş götürüb qac
düş yuxusuzluğun dalınca,
bir fincan köhnə tanışlıq,
bir çimdik yadlıqla...
Baş götürüb qac...
Səni gözləyən SƏNƏ,
ən sonda səni xatırladacaq
o bircə cümləyə qədər...
Baş götürüb qac...
çünki yolların yaddaşı var —
orada unudulmuş addımların
səni gözləyir hələ...
bir tin başında dayanmış
uşaqlıq nəfəsi,
bir də gəncliyinin
heç yazılmamış məktubu...
açılmamış qapılar var hələ də,
üzünə deyil,
ürəyinə baxan insanlar var hələ...
amma bu şəhərdə yox,
bu tərs baxışlarda yox,
nə də bu “niyə gülmürsən?” deyən
soyuq tanış səslərdə...
qaç,
çünki durmaq —
sənin deyilsə bu torpaq,
bir zəncir kimidi ayağına dolanar...
tənha labirintlərdə itmək,
kütlə içində yox olmaqdan yaxşıdır...
Baş götürüb qac...
səninlə danışan yelə,
içində səslənən o sükuta,
bir də —
səni gözləyən özünə qac...

Ədalət Qarabulud.
BİA.az
скачать dle 12.1