Üç ünvanın bir sükutu... (Nəsimi ruhuna ithaf) - Ədalət Qarabulud
Üç ünvanın bir sükutu...
(Nəsimi ruhuna ithaf)
HeykəlimBakının küləkli səmasında dayanır –
bir gözüm Xəzərdə batır,
digəri Göyçə gölündə itmiş izlərdə.
Qılınc kimi kəsir baxışlarımı
tarix və unudulmuşluq.
Mən sükutam indi –
amma içimdə əsrlərin qışqırığı
dönür divanəyə,
çılpaq həqiqətə soyunan sətirlərə.
Adım daşın üstündədir –
amma yazıldığım yer
diliniz deyil,
qəlbinizin bükülmüş
mənasız suallarında gizlənir.
Mən soruşdum:
“Ənəlhəqq” nədir?
Cavab vermədilər.
Məni parçaladılar.
Sözlərimə toxundular,
amma ruhuma yox.
Çünki mən
ətdən yox, sözdən doğuldum.
Bədənim torpaq istədi,
amma ruhum göydən imtina etdi.
İstanbulda –
əlyazmalarımda Allah var,
hərf qılıncdır, nöqtə qandır,
hər bir fəslin arasında
susqunluqla yazılmış
bir üsyan yatır.
Kağızda ilahi tənəffüs var:
bir nöqtədə kainat toplanır,
bir xəttdə ruh açıqlanır.
Mən o xətti –
göylə yer arasında gəzən
bir sirr kimi çəkdim.
O sözləri oxuyan hər kəs
məni dirildər.
Hər səsləyiş –
bir intiqam,
bir dua,
bir təmizlənmədir.
Hələbdə –
qəbrim torpağın dərinliyində susur,
üstündəki daş
mənim qədər ağıllıdır.
Küçə adımı daşıyır,
amma küçələr unutqan olur –
yadlara görünməz,
yalnız seçilmişlərə görünür
məzarımın sirri.
Orda bir uşaq böyüyür –
Hikmət Nəsimi...
Bəlkə də ruhumun
parçası ilə danışır gecələr,
“Nəsimi baba” deyir –
və mən onun nəfəsində nəfəs alıram.
Məni vətənə çağırma,
mən artıq Vətənəm.
Dəfn edilən cismimdir –
amma mən –
hər türbədə,
hər divanda,
hər könüldə
yaşayan sətirəm.
Mən öz dilimi tanrı etdim,
və o dil indi
susmaqla danışır.
Zamanın çarxı məni əzmədi,
mən çarxın özünə çevrildim.
Mənə toxunmaq istəyənlər
sözə toxunmalıdırlar.
Çünki mən
artıq daşda yox,
dildə yatıran peyğəmbərəm.
Füzuli ilə mənim aramda
qanlı bir kəlam dayanır –
Kərbəlada yanan söz,
Hələbə düşən ruh,
Bakıda susan abidə.
Biz məzarlarda deyil,
şüur qatlarında yaşayan
ölümsüzlərik.
Biz, torpağı azad edən yox –
torpağı dil edən varlıqlarıq.
Sonda...
Əgər bir gün
məzarımdan bir daş qoparıb
Bakıya gətirərlərsə –
bilin ki,
o daş sizin içindəki
həqiqət aclığının sükutudur.
Amma əgər
mənim sözümə dönsəniz –
ehtiyac yoxdur məzara.
Çünki söz,
doğru səslənəndə
torpağın özüdür.
Ənəlhəqq mən idim.
Ənəlhəqq sən ol.
Ənəlhəqq – Bizik.
Ədalət Qarabulud
BİA.az








