Yazdır, Allahım... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ
Yazdır, Allahım...
gözəgörünməz bir ağrının səssizliyində
çürüyür addımlar -
torpaq kimi dolur ayaqlara
səni özünə çəkir
çəkmək nədir bilirsənmi?
ayaqda dayanmadan da yaşayır bəziləri
çünki yaşamaq -
bəzən sadəcə bir sükutun içində döyünməkdi
yenə bahar
yenə də dirilən yaşıllıqların içindən
keçmək olmur
çünki yaşıl -
sadəcə rəng deyil,
hər qayıdışda bir vidalaşmadır
hər tumurcuq bir niyyətin qırığıdır
açılan hər çiçək -
keçmişdə saxlanılan bir pıçıltının cavabıdır
çöldə bitən o tək gül var ha -
heç kimə görünməyən
quruyub saralmış olsa da
kökündə dualar yatır
və sən bilirsən,
dualar bə'zən göyə deyil
torpağın ən unudulmuş qatına səpilir
səni Tanrıya yaxın edən
nə ibadət, nə söz, nə niyyət
səni Tanrıya yaxın edən
sürüyə bilmədiyin ayaqlarındı
gəzə bilmədiyin yollar
dilə gətirmədiyin arzular
qaranlığında sönməyən
içindən çıxmaq istəmədiyin
o dərin yuxular
bəzən
bir qarışqaya pıçıldayırsan adını
onun daşıdığı çörək qırıntısı kimi
daşıyır səni
Tanrıya doğru
çünki sən həmişə bilmisən:
küçənin kənarına atılmış bir gül
bəzən min minbərdən ucadan danışar
və sən gözləyirsən
paraşütlər açılanda
səni daşıyan diləklərin
yumşaq, təmiz bir ovuca
toxunmadan enəcəyini
hər şeyin səssiz, zərif bir toxunuşla
yerini tapacağını
o anı görənlər
bəlkə də dua oxuduğunu sanar
amma sən bilirsən -
dualar çoxdan üfürülmüş gül ləçəkləri altındadı
qismətlər çoxdan çəkilmiş gül suyundadı
can çoxdan azaddı gözləmələrdən
çünki sən hürrsən
və Tanrının bütün qulları qardaşdır deyə
heç kimdən gizlətmirsən göz yaşını
heç kimə gizli saxlamırsan
yaralı içini
səni anlamayanlar
sənə baxıb susanlar
sənin azadlığını
gücsüzlük sayacaqlar
amma sən bilirsən -
əl qaldırmadan da dua etmək olur
ayaq basmadan da yer dəyişmək
bir "amin" demədən də bağışlanmaq
və bir gün
hər şeyə tikan-tikan olmuş vücudunla
səssizcə gözləyərkən
paraşütlər açılanda
özünü havada deyil,
yaxşıca islanmış torpaqda tapacaqsan
yuxu ilə yuxusuzluq arasında
dözüm ilə təslim arasında
bir işıq süzüləcək sənin içinə
və o zaman son sözlərin
bir dua olmayacaq -
bir xatırlatma olacaq:
“Allahım, yazdır…
amma bu dəfə
heç oxunmayacaq yerə...
yəni mənim içimə.”
Nə gözəldi o itki...
Səni görmədən də
səni tanıyırdım –
ruhuma yazılmış
bir qədim dua tək,
bir ahəng, bir nida,
gözlərimi yandıran işıq idin sən...
Mən səni
ruhumun ən dərin
sükut qatında dinlədim,
hər gecə səsin gəlirdi –
nə küləkdi, nə də nəğmə –
elə bil nəfəsindi,
məni yaşadan...
Sən mənə
özümü unutdurdun,
adımı, yolumu,
bir vaxtdan sonra
sənin varlığında itirdim məni...
Və nə gözəldi o itki,
nə şirinmiş yox olmaq,
səninlə dolub,
səndə ərimək...
İndi mən
sənsizliyə belə minnətdaram –
çünki sənsizlik də sənsən,
çünki səndən
qaçan yolların da
məkanı sənsən...
Ruhumdan axırsan,
sükutumda titrəyirsən,
və mən danışıram –
səninlə,
sənin dilində,
sənin adından…
Bir gecə, sükutun içində itdiyim an,
qərib bir pıçıltı oyatdı məni –
Sanki ulduzlar danışırdı,
sanki külək dua edirdi
bir unutqan bəndənin yerinə...
Dedim:
— İlahi, bu nə oyundu?
Nəfəs alıram, amma yaşamaq deyil,
gülürəm, amma içimdə bir boşluq
uçurum tək böyüyür hər səhər.
Sən bu dünyanı
torpaqla göy arasında
niyə belə yorğun saxlamısan?
Bir az işıqdan ver,
bir az yuxusuz mələklər göndər,
bu duman içində
qəlbim yol tapa bilmir…
Bəzən sənə inanıram –
özümü unutduğum qədər.
Bəzən şübhə edirəm –
özümü çox xatırladığım qədər.
Səssiz ağrılar var içimdə,
adını çəkməyə qorxduğum.
Sənə yönəlmir,
amma sənə çırpılır hər düşüncə.
Qorxuram, ilahi,
səni ancaq ehtiyac olanda çağırmaqdan.
Qorxuram,
səni sadəcə dərdimin gölgəsində tanımaqdan.
İstərdim bir gün –
səni sevinclə axtarım,
bir gülüşlə danışım adını,
bir səadət səssizliyində
susaraq ibadət edim.
Bilirsən,
bəzən səmaya baxıb dua etməyə utanıram –
çünki göy də yorulub cavabsız səslərdən.
Amma yenə baxıram...
çünki sən orda olmaya da bilərsən,
amma oraya baxanda –
səni içimdə tapıram.
QIRMIZI DONDA RUH...
Ədəbim,
sürünün qabağında deyil,
qəlbinin içində ucalırsa -
nə xoş, sənə.
Çünki ədəb bir çiçək kimi
özünü göstərmir,
özünü gizlədir.
Bir çoban əl çalırsa,
bəlkə də çomağını yerə qoyub
bir anlıq səssizliyə qulaq asıb.
O səs...
qoyunlardan gəlmir,
şeirə bürünmüş
bir mələk nəfəsidir,
bəlkə də İsa’nın göydə unutduğu bir ah.
Çoban gülür,
amma gülüşü
tikanlı qamçıdır içindəki Tanrı qorxusuna.
Sən isə...
Ey içində oddan da parlaq bir ruh gəzdirən,
sən heç bu qırmızı donu
göy üzünə paltar kimi taxdınmı?
Sonsuz bir gecədə
o donla ay işığında çılpaq ruhuna
güzgü tutdunmu?
Əgər hələ də "mən kiməm?"
deyə soruşursansa -
deməli, hələ də canlısan.
Bədənini deyil -
öz içini bəzədinmi onunla?
Küçənin daşları səssizdir,
amma altında
çoxdan ölən şairlərin ayaq izləri var.
Onlar da bu qırmızı donun kölgəsində
bir vaxtlar nəfəs almışdı...
Sürünün gözündə
dəlisən sən,
şair,
mələklə danışan,
çomaqla döyülməyə layiq
ağılın sərhədini keçmiş bir nəfəs...
Çünki ağıllılar
çoxdan susub,
amma dəlilər
göyün altına səs səpirlər.
Amma səssizcə gəzənlər var,
səni izləyənlər,
ağzında dua kimi
sənin adını çəkənlər var.
Onlar bilirlər:
şeir bir dil deyil -
bir hallı haldır,
duyğu ilə ilhamın
qovuşduğu yerdə doğulan
görünməyən qığılcım.
Qırmızı don,
bir tənə parça deyil,
ruhun qiyafəsidir -
dəli görünürsən, çünki
çılpaq həqiqət gəzdirirsən içində.
Bu donla rəqs et,
qanadın yoxsa da,
uç içindəki boşluğa doğru.
Orada nə yer var, nə zaman.
Sadəcə, ruhun kəsilməyən
həzin bir "niyə?"si dolaşır.
Və unutma:
Əgər ƏDƏBİ SÜRÜ
sənə doğru gəlirsə -
o artıq sürü deyil,
o da RUH axtarır.
Bəlkə də, sən onda
ilk dəfə insan görəcəksən.
Qapısız ev...
Bu evdə
artıq divarlar danışmır,
yalnız saat tıqqıltısı –
heç bir yerə çatmayan zamanın səsi.
Pəncərə kənarında
bir fincan soyuq çay,
yanında bir az susqunluq,
bir az da keçmişin yarımçıq cümlələri.
Sükut –
çoxdan üzünü tanımadığımız bir qonaq,
ayaq səslərini udan xalça,
və uşaq gülüşlərinin arxasında gizlənən
dərinsiz kədər.
O, çıxmaq istədi.
Amma çıxış nədir –
qapı haradadır ki?
İçində qapanıb qalan adam
hansı dəhlizdən keçə bilər özündən?
Balasına baxa bilmədi –
çünki gözləri
yalnız suyun içindəki balıqları tanıyırdı artıq,
səssiz, şəffaf,
nə arzu deyirlər,
nə acı...
Paltonun yaxalığında
bir qış saxlanılırdı,
ayaqqabılar –
bir ömrün tozunu daşıyırdı.
Çemodan isə
içində nə vardısa,
hamısı keçmişdən gələn
bir azlıq, bir çoxluq.
Qapını tapmadı.
Çünki bu ev –
onsuz da uzun zaman öncə
öz içində bağlanmışdı.
Ədalət Qarabulud.








