Bia.Az

Rusiyadan axın var: turist, yoxsa səfərbərlikdən qaçanlar? - AKTUAL

İqtisadiyyat
 29-09-2022, 16:47     409

Ölkəmizə turist axını sürətlə artır. Azərbaycan mediası məhz Rusiyanı “istirahətçilərin” axını üçün istiqamətlərdən biri adlandırır. Ancaq əvvəllər belə qəribəlik suallar doğurmasa da, bu gün baş verənlərin fonunda bu faktdan yan keçmək mümkün deyil...

Bizim ictimaiyyət ölkəyə gələn turist axınının artması ilə bağlı uzun illər intensiv verilən hesabatlara öyrəşib. Bütün bu illər ərzində çox az adam istirahət edənləri yalnız özlərinə, bir də Allaha məlum olan müxtəlif məqsədlər üçün buraya gələn digər əcnəbilərin kütləsindən ayırmağa imkan verən metodologiya ilə maraqlanıb. Amma şərait dəyişib və bu faktı nəzərə almaq lazımdır.

Məlumat dərc olunur ki, bu ilin 8 ayı ərzində pandemiya elan olunduqdan sonra ilk dəfə olaraq Azərbaycana turist axını 1 milyon dörd yüz min nəfər təşkil edibsə, ötən il 791,8 min, bir il əvvəl isə 795,7 min nəfər olub. Bir sözlə, artım dinamikası, COVID-dən əvvəlki göstəricilərdən (2019-cu ildə 3,2 milyon) geridə qalmasına baxmayaraq, hiss olunur. Turist axınının strukturu belədir: 26,2%-i Rusiya Federasiyasından, 19,8%-i Türkiyədən, 11%-i İrandan, 7,9%-i Səudiyyə Ərəbistanından, 4,7%-i Gürcüstandan gəlib. Bundan əlavə, 3,2%-i Pakistandan, 2,7%-i Hindistandan, 2,5%-i Birləşmiş Ərəb Əmirliklərindən gəlib.

Bu uyğunluğu müşahidə edən digər ekspertlər nəfəs almadan qonaqpərvərlik sənayesinin canlanmasından danışırlar. Şəhərin mərkəzi küçələrində izdihamlı gəzən əcnəbiləri müşahidə edən paytaxt sakinləri təqdim olunan məlumatların belə şərhi ilə razılaşa bilərlər.

Bəs, bu və ya digər səbəbdən respublikamıza daxil olan bütün xarici vətəndaşları turist saymaq olarmı? Məsələn, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin hesabat dövrü ilə müqayisədə təxminən 70 faiz çoxdur.

Baş verənlərin fonunda yerli informasiya resursları nəhayət ki, ölkəmizə turist axınının statistikasının necə aparılması barədə düşnür. Hətta, digər media işçiləri də belə bir sualla aidiyyəti idarələrə üz tuturlar: səfərbərlikdən qaçan Rusiya Federasiyası vətəndaşları turist sayıla bilərmi? “Təbii ki, yox!”, - rəsmilər cavab verirlər. Axı, başqa nə deyə bilərlər?!

Azərbaycan Turizm Assosiasiyasının (ATA) İdarə Heyətinin sədri Əhməd Qurbanov mətbuata açıqlamasında vəziyyəti belə dəyərləndirib: “Biz bunu turizm baxımından qiymətləndirə bilmərik. Mövcud qeyri-sabit vəziyyətlə əlaqədar insanlar Rusiyanı tərk edərək Azərbaycan, Gürcüstan, Qazaxıstan kimi qonşu ölkələrə üz tuturlar. Bu səfərləri turist səfərləri adlandırmaq olmaz. Axı, turist səfərinə çıxanlar adətən otellərdə qalır, ekskursiyalarda, gəzintilərdə, səyahətlərdə iştirak edirlər. Turist kimi pul xərcləyib iqtisadiyyata fayda verirlər. İndiki vəziyyətdə biz onları turistlərlə eyniləşdirə bilmərik”.

Bütün bunlar çoxdan mövcud olan bir vəziyyətə işıq salır: əgər bu gün belə qeyri-müəyyənlik yaranıbsa, bütün bu illər ərzində ölkəyə gələn turistlərin sayı dəqiq necə hesablanıb? Və Azərbaycan sərhədini keçən əcnəbi vətəndaşlarda turisti qeyri-turistdən fərqləndirməyə imkan verən konkret metodologiya varmı?

Yadımdadır ki, hələ 2019-cu ildə, turist trafiki statistikasında rekord artımın pik nöqtəsində redaksiyamız bu sualı verdi və hətta ixtisaslaşmış strukturlara müraciət etdi. Eyni zamanda məlum oldu ki, bura daxil olan turistləri dəqiq hesablamaq üçün belə bir yanaşma yoxdur. Bir sözlə, gələn turistlərin statistikası yumşaq desək, qeyri-korrekt görünür.

Bəzi məlumatlara görə, bu statistika rəsmi olaraq mövcud deyil, lakin gələnlərlə bağlı statistik məlumatlar var, onun əsasında bizim media turist axını ilə bağlı rəqəmləri çıxarır. Həm də qəribə görünür, çünki insanlar mehmanxanada qalsalar belə, ölkəmizə müxtəlif məqsədlər üçün üz tuta bilərlər. Bəs o zaman respublikanın hər bir mehmanxana qonağının sonradan onun turist, yoxsa sadəcə iş üçün gələn şəxs olduğunu müəyyən etmək üçün, pulunun hara və hansı məqsədlər üçün xərcləndiyini kim və necə öyrənir (araşdırır)?

Bütün bunlar baş vermədi, amma bizim media resurslarımız uzun illərdir ki, ölkəyə artan turist axını barədə mütəmadi olaraq xəbərlər dərc edir. Yazılanlar qonaqpərvərlik sənayemizin sürətli inkişafı haqqında nəticələr çıxaran publik şəxslər tətərfindən də qüvvətləndirilib. İndi isə məlum olur ki, səfərbərlikdən qaçan Rusiya vətəndaşlarını turistlərdən ayırmaq statistik cəhətdən mümkün deyil...
//ayna/скачать dle 12.1