Bia.Az

MİNİMUM ƏMƏKHAQQI ARTIMI: KİMƏ XEYİR, KİMƏ ZİYAN... - Hazırkı sosial sığorta və pensiya sisteminin daha bir fəsadı

İqtisadiyyat
 6-11-2021, 12:47     327

Əlbəttə ki, minimum əməkhaqqı artımı ilə bağlı istənilən xəbər cəmiyyətdə müsbət qarşılanır və hər kəs də bundan fayda götürəcəyini düşünür. Lakin iqtisadiyyat, maliyyə, inflyasiya, monetar siyasət, pensiya sistemi və s. bu kimi adi vətəndaşın dərinliklərini bilmədiyi sahələr düzgün tənzimlənməyəndə, qanunverici baza mükəmməl olmayanda, bu cür artımlar müsbət cəhətlərlə yanaşı, xeyli fəsadlar da doğurur...

Artıq bəyan edildiyi kimi, Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı da 170 manatdan 200 manata qaldırılır.
Qeyd edək ki, bu qərarın xüsusilə dövlət sektorunda işləyən yarım milyona yaxın vətəndaşın məvacibində özünü göstərəcəyi gözlənilir. Bu baxımdan sözügedən qərarın verilməsi sözsüz ki, təqdirəlayiq haldır.
Özəl sektora gəlincə isə burada məsələ bir qədər fərqlidir. Xatırladaq ki, minimum əmək haqqı dövlətin əlində özəl sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizmdir. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq heç kəs öz işçisnə bu məbləğdən aşağı maaş verə bilməz. Ancaq zatən də real olaraq, hazırda Azərbaycanda hansı sahəyə aidiyyatından asılı olmayaraq işçiyə 300 manatdan az maaş verən sahibkarlıq subyekti yox hesab ediləcək qədər azdır. Bu səbəbdən minimum əməkhaqqının artımı reallıqda özəl sektorda çalışanların maaşına əksər hallarda heç bir təsir göstərməyəcək. Ancaq əvəzində, işəgötürənlərin xərcləri xeyli dərəcədə artacaq. Söhbət xüsusilə də xırda sahibkarlardan və fərdi torpaq payçılarından gedir.
Belə ki, 2018-ci ilin sonlarında təsdiqlənən və 2020-ci ilin yanvarından qüvvəyə minən sosial sığorta qanunvericiliyinə görə, iqtisadiyyatın əksər sektorlarında çalışan fərdi sahibkarlar hər qeydiyyatdakı işçiyə görə minimum əmək haqqının 25%-i qədər aylıq sosial ayırma etməlidirlər. Bundan başqa işsizlikdən sığorta və icbari tibbi sığorta ilə bağlı üst-üstə daha 3 faiz də əlavə ödəniş edilməlidir.
Beləliklə də sahibkar hər işçiyə görə minimum əməkhaqqının 28 faizi məbləğində sosial ödəniş edir. Bu isə o deməkdir ki, minimum əməkhaqqı 300 manat olandan sonra sahibkarın hər işçi üçün ödədiyi sığorta haqqı 84 manata çatacaq. Bu isə əvvəlki ilə müqayisədə 14 manat çoxdur. Əhalinin alıcılıq qabiliyyətinin və ümumilikdə kiçik və orta biznesin durumunun heç də ideala yaxın olmadığı indiki dövrdə hər işçiyə görə ən azı 84 manat sosial sığorta haqqı ödəmək isə asan olmayacaq.
Bununla yanaşı, qanunla fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də minimum əmək haqqının 6%-i qədər sosial ayırma etməlidirlər. Bu, o deməkdir ki, sözügedən kateqoriyaya aid olanların ödəmələri artaraq, adambaşına 18 manata çatacaq.

Deməli, minimum əməkhaqqının artırılması özəl sektorda nə sahibkara, nə də işçiyə xeyir vermir. Bundan qazanan isə yalnız Dövlət Sosial Müdafiə Fondu olur. Bütün bunlar bir daha biznesə aid sosial ayırmaların minimum əməkhaqqı əsasında müəyyən olunmasının məqsədəuyğun olmadığına dair qənaəti gücləndirir.
Minimum əməkhaqqının artmasına paralel olaraq sosial xərclərin də artması istər-istəməz kiçik və orta biznesi “kölgə iqtisadiyyatı”na meylləndirir. Belə ki, maliyyə hesabatlarında sahibkarlar işçilərin sayını və əməkhaqqını az göstərməyə məcbur olurlar. Bu isə biznes mühitinin daha da “çirklənməsi” deməkdir. Odur ki, sosial ödəmələrin minimum əməkhaqqının məbləğinə bağlanması üsulundan imtina edilməsi daha doğru addım olardı.
Eyni mənzərə pensiya sisteminə də aiddir. Minimum əməkhaqqı və ehtiyac meyarının artırılmasının ardınca minimum pensiya məbləğinin də artırılması qaçılmaz görünür. Bu, təbii ki, hazırda pensiyada olan vətəndaşlarımız üçün yaxşı xəbər ola bilər. Lakin onlardan fərqli olaraq, hələ pensiyaya çıxmayan, hazırda çalışan şəxslər üçün o qədər də sevindirici hal deyil. 
Çünki minimum pensiyanın artımı pensiya kapitalının minimum həddi üçün nəzərdə tutulan məbləği də artıracaq. Onsuz da əmək pensiyası almaq üçün tələb olunan pensiya kapitalı yüksək idi. 2018-ci ildə 16743 manat olan bu minimum göstərici hazırda 28800 manata çatıb. Yaxın zamanda minimum pensiya misal üçün 250 manat olarsa, pensiya kapitalı 36000 manat, 300 manat olarsa, 43200 manat olmalıdır. 

Belə böyük məbləğləri toplamaq isə əhalinin əsas hissəsi üçün fantastik görünür. Bu da gələcəkdə xeyli sayda, bəlkə də milyonlarla vətəndaşın əmək pensiyasız qalması təhlükəsini yaradır. Ona görə də istər-istəməz pensiya kapitalının bir hissəsinin dövlət tərəfindən ödənilməsi qaçılmazdır və bu gedişlə hökumət nə zamansa həmin addımı atmalı olacaq.
Ümumiyyətlə, Azərbaycanda artıq çoxdan bəri yaşayış minimumunun və yoxsulluğun hesablanması qaydalarına yenidən baxılması zərurəti yaranıb, Səlim Müslümovun banisi olduğu pensiya sisteminə də onun kimi.
İqtisadiyyat Şöbəsiскачать dle 12.1