Bia.Az

Bu il də bir bank daha sektordan "ayrıldı"... Say azaldı, 22-yə düşdü

İqtisadiyyat
 21-06-2024, 11:26     399

Bankların bağlanması ölkədə bu sektorun imicinə ciddi zərbə vurur. Bunu əvvəllər də yazmışıq. İnsanlar belə hallardan sonra banklara əmanət etibar etməyə çəkinirlər. Halbuki etimadı doğruldan banklar da var. Amma belə maliyyə müəssisələrinin bir-bir sıradan çıxarması heç yaxşı gələcəkdən xəbər vermir. Son illər say iki dəfəyə yaxın azalıb.


Bizimyol.info xəbər verir ki, “Naxçıvanbank” fəaliyyətini dayandırıb. Açıq səhmdar cəmiyyəti ilin ilk rübündə 12 milyon manata qədər kiçilibmiş. Bu dövr ərzində bankın əsas gəlir mənbəyi olan kredit portfeli 21 faizə qədər azalıb. Bank öhdəlikləri də azaldığından, ilin əvvəlindən müəssisənin bağlanmaq ehtimalı müzakirəyə çıxarılmışdı.


Mərkəzi Bankın rəhbəri Taleh Kazımov 2008-ci ildə yaradılmış bankın bağlanmasını faicə saymadığını göstərib. Onun dediyinə görə, kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Taleh Kazımov “Naxçıvanbank”ın əmanətçilərinin sayının azlığını da xüsusi qeyd edib.

Əslində, əmanətçi məsələsi çox ciddi nüansdır. Keçən ilin payızında “Muğan Bank” fəaliyyətini dayandıranda əmanətlərlə bağlı problem çox qabarmışdı. Hələ də məsələ tam həllini tapmayıb. Fiziki şəxslərə məxsus 76 milyon manata yaxın vəsaitin taleyi qaranlıq qalmışdı. Çünki qanunvericilik həmin vəsaitlərin sığortalanmasına imkan vermirdi. Qanun deyir ki, fiziki şəxslərin 100 min manatadək və illik 12 faizədək olan depozitləri sığortalana bilər. Bəzi müştərilər banka daha çox güvənmişdi. Yəni “Muğan Bank”a daha böyük məbləğlər etibar olunmuşdu. Heç kimin ağlına gəlməzdi ki, bank belə sürətlə süquta uğrayar. Çünki maliyyə hesabatları işlərin qaydasında olduğunu deyirdi. Təsəvvür edin, “Muğan Bank” 2023-cü ilin qış, yaz və yay aylarında müştərilərə 450 milyon manata qədər kredit ayırmışdı.


2023-cü ilin əvvəllərində “Günay Bank” da fəaliyyətini dayandırmışdı. Onda əmanətçilərin sayının çox olmaması vəziyyətin mürəkkəbləşməsinə imkan verməmişdi. Amma yenə də nəzərəçarpan problem yaranmışdı.


Ümumiyyətlə, bankların sayının hər il azalması bu sektora ümidi sarsıdır. Cəmi 22 bank qalıb. Halbuki sayın 40-ı keçdiyi günləri görmüşük. İnsanlar bu hallarda bir az da qapanır, yerli maliyyə müəssisələrinə güvənməməyə başlayır. Çünki uzunmüddətli konsepsiya yoxdur. Bank bir məmura, oliqarxa güvənirsə, adi günlərdən birində bağlanması da təbiidir.

скачать dle 12.1