Süni DOLLAR HƏYƏCANI... - Vətəndaşa dolğun məlumat verilsə...
Ölkədə keçirilən hərracların nəticəsi, eyni zamanda mübadilə məntəqələrindəki canlanma onu göstərir ki, ölkədə dollara olan tələbat yüksək səviyyədədir. Məlumata görə, ötən həftələrdə bankların dollara olan tələbi 150 milyon dolları ötərək, rekord səviyyəyə qalxıb.
Dollara olan kəskin tələbatı hansı amillərlə şərh etmək olar?
Ölkənin dollardan asılılığına şərait yaradan, manatın dəyərini aşağı salan önəmli səbəblər hansılardır? Ən önəmlisi, bu vəziyyətin ən pik həddi necə ola və hansı şəkildə sonlana bilər?
Dollara olan kəskin tələbatın qarşısını hansı iqtisadi tədbirlərlə ölkə səviyyəsində almaq mümkündür?
Bəzi insanların fikrincə, bir çoxları dolları yığır və onu dövriyəyə buraxmır, bu da dollara olan ehtiyacı artırır. Bu fikir həqiqəti əks etdirirmi?
Hansısa pul vahidini toplayıb, əldə saxlamaq ona tələbatı gücləndirə bilərmi?
Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının suallarını şərh edib.
"Ölkədə valyutaya olan tələbatın kəskin artmasının bir neçə səbəbi var. Obyektiv səbəb ondan ibarətdir ki, büdcə xərcləmələri yanvar ayında açılır və bəzi büdcə xərcləmələri, məsələn, xaricdən hansısa maşın və avadanlıqların alınması nəzərdə tutululur, sifarişləri verilir və həmin vəsait valyutaya çevrilib, sifarişçi şirkətlərə köçürülməsi prosesi baş verir. Bu, özü elə həm də işğaldan azad olunmuş torpaqlarda təmir-bərpa, quruculuq işlərinin görülməsi üçün lazım olan avadanlıqlara və xarici şirkətlərdən alınan bəzi tikinti materiallarına ehtiyacın yaranmasından qaynaqlanır.
İkinci məsələ; Novruz bayramı, həmçinin elə digər bayramlarla bağlı sahibkarların xarici sifarişlərinin artmasıdır ki, bu da valyutaya olan tələbatı artırır. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəb ondan ibarətdir ki, ölkədə valyuta ilə bağlı bir ajiotaj var. Düşünürəm ki, bu ajiotaj Mərkəzi Bank və dövlət tərəfindən doğru idarə edilmir. Çünki ictimaiyyətə zamanında və tez-tez gərəkli açıqlamalar verilmir, hansısa təxminedici münasibət bildirilmir. Bu da ajiotajın artmasına səbəb olur. Nəticə etibarilə insanlar da yaxın keçmişdə olan devalvasiyaları - 2015-ci ili xatırlayırlar. Beləliklə, əllərində olan sərbəst vəsaitin valyutaya çevrilməsinə çalışırlar. Bu, təbii ki, normaldır və heç kim burada qınanıla bilməz. Kiminsə əlində sərbəst manat varsa və istifadə etmirsə, nəyə görə o vəsaiti elə manatda saxlasın? Onun valyutaya çevrilməsi daha məntiqlidir. Burada bir məsələ də var ki, indiki inzibati məzənnə rejimi də qala bilməz. Artıq doqquz ildir ki, inzibati məzənnə rejimidir. Yenə qeyd edirəm ki, bu, uzun müddət belə qala bilməz. Bir qədər sonra hökumət bununla bağlı bir qərar verməyə məcbur olacaq. Bu il devalvasiya olmasa da, hansı ki, mən də bunu gözləmirəm, amma gələn ilsonuna yaxın və ya 2026-cı ilin əvvəlində belə bir addımın atılması ehtimalı kifayət qədər yüksəkdir" - deyə, iqtisadçı-ekspert qeyd edib.