Bia.Az

Gələn ilin dövlət büdcəsi-hara, nə qədər xərclənəcək...

İqtisadiyyat
 26-10-2022, 09:14     295

Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin layihəsi rəsmi mətbuatda dərc edilib. Sənəddən aydın olur ki, gələn il ölkə xəzinəsinə 30 milyard 720,7 milyon manatın daxil olması, 33 milyard 300 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bu isə büdcə gəlirlərinin 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən 5,2 faiz, büdcə xərclərinin isə 3,1 olacağı deməkdir. Nəticədə dövlət büdcəsində illik müqayisədə 16,95  faiz az olmaqla 2 milyard 579,3 milyon manat kəsir yaranacaq.

Hökumət dövlət büdcəsi kəsirini özəlləşdirmədən əldə olunan vəsaitlər, daxili və xarici borclanma, 2023-cü ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirməyi planlaşdırır. Bu zaman daxili borclanmanın yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici borclanmanın yuxarı həddi (limiti) 750 milyon manat olacaq. Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 1 milyard 100 milyon manat, xarici borclanmanın yuxarı həddi isə 600 milyon manat olub. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 800 milyon manat məbləğində təsdiq edilib.
2023-cü il dövlət büdcəsi neftin 1 barelinin qiyməti 50 dollar olmaqla hazırlanıb. Hökumət bunu əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma ilə izah edir. Büdcə layihəsinə görə, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır.
Gələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək. Bu, 2022-ci illə müqayisədə 23 faiz artım deməkdir. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Gələn il büdcə gəlirlərinin mənbələr üzrə proqnozlaşdırılması maraq doğurur. Belə ki, Azərbaycan hökuməti gələn il dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların 20 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25  faiz çoxdur.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi üzrə daxilolmaların isə cari ildəkindən 11.1 faiz çox - 10 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların cari ildəkindən 13,1 faiz çox olmaqla, 1 milyard 680 milyon manat təşkil edəcəyi gözlənilir. Hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 21,3 faiz çox olmaqla 6 milyard 417 milyon manat proqnozlaşdırılır. Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 28,3 faiz çox - 302,8 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.
2023-cü ildə Azərbaycanda builkindən 5,1 faiz çox - 6 milyard 10,3 milyon manat əlavə dəyər vergisi (ƏDV) toplanması proqnozlaşdırılır. Bunun 2 milyard 814,3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 6,9  faiz və 3,6 faiz çoxdur.
Sadələşdirilmiş vergi üzrə büdcəyə daxil olacaq vəsaitlərin isə bu ilin proqnozundan 18,6 faiz çox olmaqla 278,6 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

2023-cü ildə hökumət aksizlərdən cari ildəkindən 7,5 faiz çox - 1 milyard 373 milyon manat toplamağı hədəfləyir. Bunun 1 milyard 201 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 172 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 8,5 faiz və 1,2 faiz çoxdur.
Azərbaycandan tranzit yükdaşımaların ciddi şəkildə artacağı gözlənilən 2023-cü ildə yol vergisi üzrə daxilolmaların cəmi 7,4 faiz artımı proqnozlaşdırılır. Bu artımla yol vergisindən büdcəyə 135,9 milyon manat daxil olmalıdır. Bunun 85,9 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 50 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 12,3 faiz çox və eynidir.
2023-cü ildə hökumət cari ildəkindən 13 faiz çox olmaqla, 160,4 milyon manat mədən vergisi, 2,5 faiz çox olmaqla, 1 milyard 332 milyon manat gömrük rüsumu toplamaq niyyətindədir. Qeyri-vergi orqanlarının xətti ilə toplanılan sair daxilolmaların 13,1 faiz çox olmaqla, 219,1 milyon manat, ölkədə istehsal edilən, qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərq üzrə yığımların 17,9 faiz çox olmaqla, 112 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Hökumətin artımla proqnozlaşdırdığı gəlir mənbələrindən biri də səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərdir. Bu mənbədən hökumət büdcəyə cari ilin proqnozundan 3 dəfə çox - 321,21 milyon manat əldə etmək istəyir. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə daxilolmalar 2022-ci ilin dövlət büdcəsi layihəsində 106,5 milyon manat nəzərdə tutulub ki, bu da 2021-ci ilin müvafiq göstəricisindən 61,6 milyon manat azdır. Azalmanın əsas səbəbləri “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə (20 milyon manat) və iri dövlət müəssisələri üzrə (41 milyon manat) proqnozun azaldılması, “Aqrarkredit” QSC BOKT, “Azərlotereya” ASC və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzrə dividenddən dövlət büdcəsinə daxilolmanın proqnozlaşdırılmaması ilə bağlıdır.
Qeyd edək ki, 2021-ci ildə iri dövlət şirkətlərindən alınacaq dividentlər 5 şirkət (ARDNŞ, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC) üzrə nəzərdə tutulduğu halda, ilin 8 ayında bu mənbədən dövlət büdcəsinə vəsait daxil olmayıb, 2022-ci ilin büdcə layihəsində yalnız “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 5 milyon manat nəzərdə tutulub. Hesablama Palatası bu istiqamət üzrə məlumatların təhlili əsasında belə qənaətə gəlib ki, bir çox dövlət müəssisələri dövlət büdcəsinə divident ödənişində maraqlı deyillər: “Belə ki, həmin müəssisələrdən bəzilərinin əvvəlki illərdə maliyyə hesabatlarına baxdıqda xalis mənfəət əldə olunmasına baxmayaraq, həmin dövr üzrə dövlət büdcəsinin gəlirlərin bu mənbəsi üzrə daxilolmanın formalaşdırılmasında heç bir paya sahib olmamışlar”.
 
2021-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə daxilolmalar 127 milyon manat olub. İri dövlət müəssisələrindən yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 5 milyon manat (proqnoz 5 şirkət üzrə 46 milyon manat idi) ödəyib. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC və “Azər-Türk Bank” ASC üzrə isə dövlət büdcəsinə divident ödənilməyib.
2023-cü ildə büdcə xərclərinə gəlincə, ümumi dövlət xidmətləri xərcləri 2022-ci ilin proqnozu ilə müqayisədə 13,1 faiz azalmaqla 3 milyard 786,7 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 4,6 faiz artırılmaqla 5 milyard 320,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 10,5 faiz artımla 2 milyard 742,8 milyon manat, təhsil xərcləri 13,8 faiz artmaqla 4 milyard 423,1 milyon manat, səhiyyə xərcləri 11,6 faiz artmaqla 1 milyard 906,4 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 18,4 faiz artmaqla 4 milyard 415,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət xərcləri 21,5 faiz artmaqla 562,8 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 28,3 faiz artmaqla 349,9 milyon manat, kənd təsərrüfatı xərcləri 20,5 faiz artmaqla 1 milyard 202,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 27 faiz artmaqla 371,1 milyon manat, iqtisadi fəaliyyət xərcləri 2,5 faiz azalmaqla 6 milyard 891,2 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər 67,6 faiz artmaqla 1 milyard 327,9 milyon manat təşkil edəcək.
2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat  ayrılacaq
Gələn il səhiyyə sahəsinə ayrılan vəsaitlərin 1 263 820 170 manatı icbari tibbi sığortaya yönəldiləcək.
Kənd təsərrüfatına ayrılan vəsaitin 625,2 milyon manatı ölkədə ərzaq təhlükəsizliyinin təminatına sərf olunacaq. Bu, 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur. Büdcə layihəsinə əsasən bu məbləğ işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası nəzərə alınmaqla proqnozlaşdırılıb.
2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manat,yəni  2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çox vəsait xərclənməsi nəzərdə tutulur.
Hökumət deyir ki, 2023-cü ilin dövlət büdcəsi sosialyönlü olaraq proqnozlaşdırılıb: 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur./“Yeni Müsavat”/скачать dle 12.1