Bia.Az

Əliyev Paşinyanın planlarını "yandırır": Ermənistan "barıt çəlləyi"nə çevrilir

Gündəm
 23-10-2022, 14:28     209

Paşinyan hakimiyyəti israrla Rusiyanın bir-biri ilə ziddiyyətdə olan bütün düşmənlərini Ermənistan ətrafında toplamağa, Azərbaycana qarşı müdafiə və təhlükəsizlik mexanizmləri yaratmağa çalışır... Rəsmi Bakı Avropa məkanına "qaz vurduqca" isə, Paşinyan hakimiyyətinin qurmağa çalışdığı "planlar" bumerang effekti verir, Ermənistanı daha qəliz və çıxılmaz "geopolitik labirintə" salır...

Ermənistanın "xarici siyasət kursu" bu dövlətin gələcək taleyi üçün ən ciddi təhdid rolunu oynayır. Rəsmi İrəvan mövcud situasiyadan ən az itkilərlə çıxmaq əvəzinə, daha çox mənfəət ilə yayınmaq yolunu tapmağa çalışır. Halbuki, Ermənistan kimi kiçik və zəif, üstəlik, heç bir geopolitik, geoiqtisadi, geostrateji tərəfdaşlıq əhəmiyyəti olmayan ölkə üçün bu, yolverilməz seçimdir.
Əslində, bunun məhz belə olduğu açıq-aşkar müşahidə edilir. Rəsmi İrəvan bir-birinə düşmən və ya rəqib olan dövlətlər arasında manevr etməyə çalışdıqca, Ermənistanı daha çıxılmaz "geopolitik labirint"in içərisinə salır. Paşinyan hakimiyyətinin son dövrlərdə yürütdüyü "xarici siyasət kursu"nu Ermənistanı daha əngəlsiz şəkildə "geopolitik bataqlığın" dibinə yuvarlamaq taktikası da hesab etmək olar.
Məsələ ondadır ki, Ermənistan hər şeydən öncə Rusiyanın hərbi müttəfiqidir, Kremlin patronajlığı altında olan KTMT-nın da üzvüdür. Ancaq buna baxmayaraq, hazırda rəsmi İrəvan Rusiyadan və KTMT-dan uzaqlaşmaq kursu götürməklə, birbaşa Kremlə xəyanət yolu tutub. Rusiyanın düşmənləri - ABŞ və Qərb ilə yaxınlaşmağa çalışır.
 
Təbii ki, Rusiya rəsmi İrəvanın davranışlarını diqqətlə izləyir. Ukraynada "savaş bataqlığı"nda çabalayan Rusiya hələlik Paşinyan hakimiyyətinin davranışlarına mümkün qədər səbrlə yanaşmaq məcburiyyətində qalıb. Düzdür, vaxtaşırı rəsmi İrəvana müəyyən xəbərdarlıq mesajları da ünvanlanır. Ancaq Kreml indiki situasiyada Ermənistana xüsusi diqqət ayırmağa tələsmir, böyük ehtimalla rəsmi İrəvanın "qırmızı cizgiləri" tamamilə keçəcəyi anı gözləyir. Yəqin ki, Kreml hansısa mərhələdə hazırda mümkün qədər yumşaq davrandığı Ermənistana qarşı daha sərt addımlar atmalı olacaq. Və Rusiya bunun üçün kifayət qədər ciddi mexanizmlərə də sahibdir.
Hələliksə, rəsmi İrəvan bir tərəfdən Rusiyaya arxa çevirir, digər tərəfdən isə Kremlin düşmənlərini - ABŞ və Qərbi Ermənistanda yerləşdirməyə çalışır. Kremlin sərt reaksiyasına baxmayaraq, Paşinyan hakimiyyəti Avropa Birliyi və ATƏT-dən nümayəndələri də ölkəyə gətirə bilib. Daha doğrusu, Rusiyaya qarşı olan hər kəs Kremlin mövqeləri zəifləyən Cənubi Qafqazda özünə "künc-bucaq" tapmaq üçün Ermənistana axışır.
Ancaq rəsmi İrəvanın Ermənistanı hər kəsin xidmətinə təklif etdiyi prosesdə ciddi bir xaos da hökm sürür. Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyəyə qarşı ola biləcək, Ermənistanı müdafiə etmək ehtimalı olan hər kəsə xidmət üçün hazırdır. Ona görə də, ABŞ və Qərbin ardınca İranı da Ermənistana çəkir. Halbuki, ABŞ və Qərbin İranla eyni geopolitik məkanda yerləşə bilməyəcəyi sübuta ehtiyacı olmayan reallıqdır. Üstəlik, Ukrayna savaşına Rusiyanın tərəfində qatılan İran hazırda ABŞ və Qərbin əsas hədəfləri sırasına daxil olmağa başlayıb. Və bu ziddiyyətli situasiya ilk növbədə Ermənistanı "barıt çəlləyi"nə çevirə bilər.
Təbii ki, belə vəziyyətdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın erməni toplumuna son xəbərdarlığını xatırlamağa ehtiyac yaranır. Çünki, o, bildirmişdi ki, Ermənistanı çətin qərarların qəbulu gözləyir: "O qədər taleyüklü vəziyyətdəyik ki, bütün qərarlar bizim üçün çox pis olacaq. Ermənistanı hansı fəlakətlərin gözlədiyini Nikol Paşinyan hamıdan daha yaxşı bilir".
fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB) 
L.Ter-Petrosyan onu da bildirmişdi ki, əgər, rəsmi İrəvan ən qısa zaman ərzində Azərbaycan və Türkiyə ilə anlaşıb, sülh sazişi imzalamasa, yaxın altı ay müddətində Ermənistan dövlətçiliyi məhv ola bilər. Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan öz siyasi müəllimi L.Ter-Petrosyanın xəbərdarlıqlarına əhəmiyyət belə, verməyib. Çünki, erməni baş nazir Azərbaycan ilə mövcud reallıqlar və şərtlər daxilində sülh sazişini imzalamaqdan yayına bilmək üçün son dövrlərdə etdiyi xaotik manevrlərlə Ermənistanın düşdüyü vəziyyəti daha da qəlizləşdirib.
Məsələ ondadır ki, rəsmi İrəvan nə qədər sürüşkən manevrlərlə vəziyyəti Ermənistanın xeyrinə dəyişməyə cəhd göstərsə də, proses heç də erməni baş nazirin istədiyi kimi getmir. Əksinə, ABŞ və Qərb böyük həvəslə Ermənistana yerləşib, Rusiyanı regiondan sıxışdırmağa can atsa da, Azərbaycan-Türkiyə İttifaqını da özündən narazı salmaq niyyətində deyil. Xüsusilə də Avropa Birliyi bu ittifaqla münasibətlərini korlamaqda qətiyyən maraqlı görünmür. Çünki, bu iki Türk dövləti hazırda beynəlxalq siyasi məkanda strateji əhəmiyyət qazanıb. Azərbaycan-Türkiyə İttifaqı geopolitik iradə gücü ilə yanaşı, həm də indi Avropanın enerji təhlükəsizliyində önəmli iştirak payına sahibdir. Və bu, Ermənistan üçün sözün əsl mənasında, aşılmaz səddir.
Üstəlik, şaxtalı qış yaxınlaşdıqca, Azərbaycan-Türkiyə İttifaqı Avropa dövlətləri üçün real xilaskar statusu qazanır. Bu baxımdan, Paşinyan hakimiyyətinin nə vaxtsa, Avropadan real dəstək gələcəyini gözləməsi tamamilə mənasızdır. Rəsmi İrəvanın isə zamanı yoxdur, itirilən hər gün Ermənistanı "geopolitik bataqlığın" dibinə daha da yaxınlaşdırır. Və Paşinyan hakimiyyətinin reallığı daha aydın görməsi üçün Avropa Birliyi diplomatiyasının lideri Jozep Borrelin Azərbaycanla bağlı açıqlamasını diqqətə alması tamamilə yetərlidir.
Məsələ ondadır ki, Jozep Borrel Avropa Birliyinin Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməyəcəyini vurğulayıb: "Eyni zamanda, Avropa Birliyi Azərbaycan ilə təbii qaz müqavilələrini də ləğv etməyəcək. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Avropa Komissiyasının sədri şəxsən Bakıya getdi və enerji anlaşması ilə bağlı danışıqlar apardı. Bu, Avropaya indi olduqca vacib olan enerji resurslarına çıxış imkanları verir. Biz sərhəd bölgəsində Avropa Birliyinin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan buna razılaşdı, Azərbaycan isə yox... Biz bundan artıq nə edə bilərik? Biz hər iki tərəfin eyni vaxtda razılığı olmadan, Avropa Birliyinin ordusunu bölgəyə göndərə bilmərik".
pasha-bohran-kreml.PNG (941 KB) 
Göründüyü kimi, Avropa dövlətləri hazırda şaxtalı qışdan necə çıxmaq barədə düşünürlər. Avropa Birliyinə indi enerji resursları hər şeydən daha çox lazımdır. Bunu isə Avropa Birliyinə, problemlərdən başqa heç nəyi olmayan Ermənistan deyil, məhz Azərbaycan verə bilər. Avropa Birliyi şaxtalı qış aylarında Ermənistanın verdiyi problemlər ilə isinə bilməyəcəyini Paşinyan hakimiyyətindən daha yaxşı anlayır.
Ona görə də, Ermənistanın ənənəvi himayədarı Fransanın Avropa Birliyi daxilində güclü təsirə malik olması belə, rəsmi İrəvanın hədəfləri baxımdan, elə bir ciddi əhəmiyyət daşımır. Fransa təmsilçiləri Avropa Birliyini Ermənistana dəstək üçün Azərbaycan ilə enerji müqavilələrini ləğv etməyə çağırsalar da, onları ciddiyə alan olmayıb. Və nəticədə Fransa nümayəndə heyəti Avropa Birliyi ölkələrini Qərb prinsiplərini Azərbaycan təbii qazına qurban verməkdə suçlayıblar.
Ancaq Ermənistanı belə israrla dəstəkləyən Fransanın şaxtalı qış aylarında nə qədər tab gətirəcəyi də böyük maraq doğurur. Çünki, Fransa da bu məsələ ilə bağlı ciddi problemlər ilə üzləşməyə başlayıb. Belə ki, Fransa prezidenti Emmanuel Makron bu dəfə ABŞ-ı hədəfə alıb. O, bildirib ki, Ağ Ev sıxılmış maye qazı Fransaya ABŞ-ın daxili bazarında olan qiymətlərdən 4-5 dəfə baha satır və bu, ikili standartlar deməkdir. Və indi rəsmi Paris Fransa əhalisini şaxtalı qış aylarında "erməni problemlərinə olan sevgi" ilə isitmək məcburiyyətində qala bilər.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti israrla Ermənistan ətrafında Azərbaycana qarşı müdafiə və təhlükəsizlik mexanizmləri yaratmağa çalışır. Rəsmi Bakı isə Azərbaycanın təbii qazı ilə həmin mexanizmləri "yandırır". Nəticədə rəsmi Bakı Avropa məkanına qaz vurduqca, Paşinyan hakimiyyətinin qurmağa çalışdığı müdafiə sistemi Ermənistan üçün daha qəliz və çıxılmaz "geopolitik labirintə" çevrilir.

"Yeni Müsavat" Media Qrupuскачать dle 12.1