MAKRONUN 15 MADDƏLİK QARABAĞI İŞĞAL PLANI... - İranın da iştirak etdiyi planla bölgəni xaosa sürükləməyə çalışırlar
"Azərbaycan torpağı Qarabağa indi də Fransa göz dikib. Fransa Prezidenti Emmanuel Makron Qarabağ üçün 15 maddədən ibarət işğal planı hazırlayıb və bu baradə Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dəstək istəyib. Makron həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana danışıqlar prosesini uzatmağı tapşırıb və bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin döyüş meydanındakı uğurları, 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın əlinin güclənməsinə səbəb olur".
"AzPolitika.info" xəbər verir ki, bunu Türkiyənin "Türkiyə Qəzeti" yayımladığı "Makronun Qarabağda 15 maddəlik işğal planı" başlıqlı məqalədə bildirib.
Həmin məqələnin tərcüməsini oxuculara təqdim edirik:
"Fransa 2 min hərbçi ilə qondarma sülhməramlı qüvvə adı altında Qarabağa daxil olmaq planları qurub və pilot bölgə kimi hələ də işğal altında olan Xankəndi şəhərini seçib. Rusiyanın Ukraynada zəifləməsi, Makronun Qarabağdakı işğal planının əsas hissəsini təşkil edir.
Qərb dövlətlərinin hesablamalarına görə, Ukraynada zəifləyən Rusiyanın Ermənistan və Qarabağdakı siyasi, hərbi və iqtisadi mövcudluğu sona çatacaq. Fransa bir tərəfdən Ermənistandakı, xüsusən də Gümrüdəki Rusiya bazalarını ələ keçirməyi, digər tərəfdən isə 2000 əsgərlə Qarabağa girməyi planlaşdırır.
Paşinyanın çoxsaylı məğlubiyyətlərdən sonra hələ də Ermənistanda hakimiyyətdə qala bilməsinin səbəbi, məhz bu layihədə ona verilən rolla bağlıdır. Makron Xankəndi, Xocalı və Xocavəndə muxtariyyət verərək, bu şəhərləri Azərbaycandan qoparmaq istəyir. Makron bu şəhərlərin Avropa Birliyi daxilində ərazilər olacağını iddia edir və digər dövlətlərdən maliyyə dəstəyi istəyir.
Burada növbəti addım Fransa hərbçilərinin bölgəyə göndərilməsidir. Əsas məqsəd Qarabağı bölüb, burada yaşıl zona yaratmaqdır. Makronun hazırladığı plana görə, müstəqilliyini elan edərək, Azərbaycandan ayrılan bu şəhərlərdə bütün dövlətlərin, xüsusilə Aİ-nin siyasi və iqtisadi hərbi attaşeləri açılacaq. Yəni, Fransa burada bir növ peyk dövlət qurmaq istəyir. Bu tədbirlərin maddi-texniki bazası kimi Xocalı aeroportu seçilib. Makron Bakının qarşısını almaq üçün Aİ-nin sanksiya silahından da istifadə etmək istəyir.
Fransanın işğalçılıq planlarıyla paralel hərəkət edən daha bir ölkə isə İrandır. İranın Fransa ilə maraqlı bir əməkdaşlığı var. Bu iki ölkə bölgəni yenidən dizayn etməyin planlarını qururlar. 30 illik erməni işğalı dövründə bir dəfə də olsun sərhədə əsgər göndərməyən, hər iki Qarabağ müharibəsində erməni işğalçılarına dəstək verən İran bugünlərdə "Zəngəzur dəhlizi"nə yaxın ərazilərdə, Araz çayı boyunca hərbi təlimlərə başlayıb. Daha sonra isə İrəvan administrasiyasına birbaşa dəstək verən bəyanatlar səsləndirib.
Bu istiqamətdə Fransa və İran artıq Ermənistana silah dəstəyi verməyə başlayıblar. Bu iki ölkənin dəstəyini arxasına alan Ermənistan Azərbaycanın Daşkəsən bölgəsi ilə sərhədə qoşun yığmağa başlayıb. Xarici qüvvələr Qarabağda həyata keçirməyə çalışdıqları planla bütün bölgəni xaosa sürükləməyə çalışırlar. Əsas plan regionun alov topuna çevrilməsi, yeni bir münaqişə ocağının yaradılmasıdır.
Hazırda regionda təhlükəli bir vəziyyət yaransa da, bu məqamda unudulan bir şey var - Türkiyə-Azərbaycan birliyi faktoru. Artıq Türkiyə ilə Azərbaycan regionda sıradan oyunçular yox, məhz oyun qaydalarını təyin edən güclərdir.
Bu məsələdə Türkiyənin rolu olduqca kritik önəm daşıyır. Həm NATO, həm də Rusiya ilə qurulan bacarıqlı münasibətlər bu oyunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəli, problem böyükdür, lakin Türkiyə-Azərbaycan işbirliyi də bütün bunların üstəsindən gələ biləcək qədər qüvvətlidir".