Bia.Az

“BRÜSSELDƏ HƏR HANSI QƏRAR OLMAYACAQ” - "Bayden və Putin razılaşdılar ki, postsovet məkanı Moskvanın nəzarətində qalır..."

Gündəm
 14-12-2021, 11:55     235

Dekabrın əvvəlində baş tutan Bayden-Putin müzakirəsi və əldə olunan razılaşmalar haqqında müxtəlif fikirlər səsləndirilir. ABŞ tərəfinin görüşdən sonra Ukraynaya 200 milyon dollarlıq hərbi ləvazimatın çatdırılmasını təxirə salması Baydenin Ukraynanın maraqlarını Putinə güzəştə getməsinə dair şübhələrə əsas yaradır. Bəzi ekspertlər isə düşünür ki, ABŞ bütövlükdə keçmiş Sovetlər Birliyi regionunda Rusiyanın dominantlığını qəbul edib və əsas diqqətini geopolitik toqquşmanın ana xətti olan Hind-Sakit okean hövzəsinə cəmləşdirir. 

“AzPolitika.info” bu mövzu ətrafında AMEA-nın professoru, analitik Əli Abbasovla söhbətləşib.

- Əli müəllim, ABŞ və Rusiya Prezidentlərinin görüşünə dair ziddiyyətli məlumatlar yayılmaqda davam edir. Sizcə, görüşün əsas mövzusu və nəticəsi nələr idi? 
- Məncə, böyük siyasət Şərqi Avropadan, Şərqdən, Əfqanıstandan gedərək, Hind-Sakit okean regionuna üz tutur. Bu məsələdə Rusiya və ABŞ olduqca maraqlıdır. Məlumdur ki, bununla bağlı hər iki ölkə hansısa addımlar atır. Məsələn, Vaşinqton Avstraliya və Yaponiya ilə bağlı hansısa konfiqurasiya yaradır, Hindistanı bu prosesə cəlb etmək istəyir. Rusiya da bu regionda aktiv fəaliyyət göstərir. Məncə, indi tərəflər Şərqi Avropada sabitliyin yaranmasında maraqlıdır. Bunun üçün tərəflər bir-birinə güzəştə getməlidir. Biz diqqət etdikdə görürük ki, Putin-Bayden görüşündən sonra NATO-nun ən güclü ölkələri arasında komitə yaradılır, bu komitə Rusiyanın təhlükəsizlik məsələlərinə baxmalıdır.
Görünən odur ki, Rusiya və ABŞ başa düşür ki, indi əsas mübarizə nöqtəsi Hind-Sakit okean bölgəsidir. Çin bu regionda mərhələ-mərhələ istədiyinə nail olur. Yaponiya, Avstraliya, elə Hindistan da bundan qorxur. Rusiya da anlayır ki, həmin regionda olmalıdır. Təhlillər göstərir ki, Putin-Bayden görüşü çox gizli formatda olub. Görün, bu görüşlə əlaqədar nə qədər məlumat qıtlığı var. Yalnız iki Prezident danışıb. Görüşdən sonra Bayden elan etdi ki, hansısa komitə yaranıb. Məncə, Ukraynaya da hansısa formada çatdırılıb ki, o, NATO-nun üzvü ola bilməz. Elə Gürcüstana da bu mesaj verilib. Moldova məsələsi də açıq qalıb. Görünən budur ki, keçmiş postsovet məkanı hələlik Rusiyanın təsir dairəsində qalır.
Burada Putinin Hindistan Baş naziri Modi ilə görüşü də diqqətdən qaçmamalıdır.
- Yəni bu görüşdə Ukrayna Rusiyaya “qurban” verildi?
- Qurban verilməsə də, sakitliyin yaranmasına razı oldu. Təhlillər göstərir ki, həmin görüşdə Putin Ukraynanı işğal etməyəcəyini bildirib. Başqa sözlə, rus qoşunları indi toparlandığı Ukrayna sərhədlərində qalacaqlar. ABŞ da deyir ki, Ukrayna yaxın müddətdə NATO üzvü olmayacaq. Eyni zamanda, ABŞ Rumıniya, Polşa və Baltik ölkələrinə nüvə silahı gətirməyəcək. Məncə, hadisələrin gələcək inkişaf perspektivlərinə diqqət edilməlidir. Mənim qənaətimcə, tərəflər arasında Qafqazla da bağı müzakirə aparılıb. Nəzərə almaq lazımdır ki, Bayden-Putin görüşündən sonra Rusiya, Fransa və ABŞ xarici işlər nazirləri görüşüblər və elan ediblər ki, tərəflər Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları həyata keçirməlidir. Bu nə deməkdir? Bu, böyük ehtimalla mesajdır ki, Ermənistan sərhədləri açmalıdır, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Elə bununla paralel olaraq Beynəlxalq Məhkəmə hər iki tərəfə eyni mesajlar verib. Yəni, bir-birinizlə əlaqə qurun, əməkdaşlıq edin. Bəllidir ki, Azərbayan və Ermənistan qarşılıqlı formada Beynəlxalq Məhkəməyə müraciət etmişdi. Məhkəmə də bildirib ki, hələlik sakitliyi təmin edin, biz yaxın illərdə problemi həll edəcəyik. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq. Görünən budur və bütün qüvvələr bunda maraqlıdır. Dəhliz olmalıdır.
- Belə çıxır ki, Bayden-Putin görüşündə aparılan müzakirələrin nəticəsində Qərb Cənubi Qafqazda da Rusiyanın dominantlığını qəbul edib?... 
- Başqa seçim yoxdur. Məsələn, “Şimal Axını-2” layihəsinə qarşı hər hansı bir sanksiya qəbul edilmədi. Eyni zamanda Konqresdə Ukraynaya veriləcək silahların həcmini azaltdılar. Bu ona dəlalət edir ki, görüşdə hansısa razılıq əldə edilib. Burada söhbət eyni mövqedən çıxış etməkdən getmir. Tərəflər məsələni dondurur və Hindistan-Sakit okean regionuna qaçıb çatmaq xətti götürür. Hər birinin də ora çatmaq üçün öz yolu var. Bu səbəbdən razılaşıblar ki, burada vəziyyəti donduraq, müharibə olmasın. Əvəzində tərəflər diqqəti Hind-Sakit okean bölgəsinə yönəldirlər. Xüsusilə, Sakit okeanın cənub hissəsinə. Avstraliya, Hindistan, Yaponiya narahatdır. Avropanın da əli bura çatmır. Fransa ilə bağlı məsələ yəqin ki, yaddan çıxmayıb. Avstraliya Fransadan hərbi gəmilər almaqdan faktiki imtina etməklə Avropa Birliyinin bu regionda iştirakına bir növ son qoydu. Məncə, indi beynəlxalq güclər əsas diqqətini Hind-Sakit okean regionuna cəmləşdirir.
- İrəvan indiyə qədər üç bəyanatla öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Sizcə, bu dirəniş hansı ana qədər davam edəcək?
- Əvvəla, nəzərə almaq lazımdır ki, delimitasiya ilə bağlı Rusiyanın nümayəndələri bir neçə gün əvvəl İrəvana gəlib və hazırda da oradadırlar. Məncə, ermənilər düşünürdü ki, Amerika və Avropa Birliyi başqa mövqedə olacaq. Arqument də budur ki, Qarabağda olan rus qüvvələrini onlar rəsmi qəbul etmirlər. Çünki sülhməramlıların BMT tərəfindən statusu yoxdur. Amma Qərb həm də deyir ki, hansı razılaşma əldə edilibsə, yerinə yetirilməlidir. Bu nə deməkdir? Bir tərəfdən Rusiyanın oradakı qoşunlarını qəbul etməmək, digər tərəfdən kommunikasiyaların açılmasının vacibliyini söyləmək. Buradan çıxan nəticə odur ki, yolların açılması çox əhəmiyyətlidir. Ona görə də Ermənistan nə edə bilər? Heç nə. Sadəcə, delimitasiya illərin söhbətidir. Hazırda 30 ildir ki, Gürcüstanla delimitasiya prosesi aparırıq.
İkincisi, Zəngəzur dəhlizinin açılmasına nəinki Ermənistan, heç İran da razı deyil. İran düşünür ki, bu yolla onun nəfəsini müəyyən qədər kəsirlər. Amma mümkündür ki, burada İran da öz payını alsın. Diqqət edin, hazırda Vyanada İranın nüvə proqramları və 2015-ci ildə imzalanan müqavilənin yenidən qüvvəyə minməsinə dair danışıqlar aparılır. Məncə, oradakı müzakirələrin nəticəsindən də çox şey asılı olacaq. Yəni İrana nə qədər güzəştə gedəcəklər, bu maraqlıdır. Amma mümkündür ki, bir yol cənubdan şimala, yəni İrandan Ermənistan üzərindən Abxaziya və oradan da Qara dənizə qədər uzana bilər. Bunun hansı formada olacağı da bilinmir. Digər tərəfdən şərqdən qərbə gedən əsas yol - Zəngəzur dəhlizi. Burada ən vacib olanı danışıqların hansı səviyyədə aparılmasıdır. Əslində bu, böyük bir oyundur və burada bir addımla heç nə həll edilmir. Gərək yuxarıdan baxıb görəsən ki, harada toqquşma var, harada güzəşt və ya kompromislər ola bilər. Məncə, danışıqlar davam edəcək və Zəngəzur dəhlizi açılacaq. Ona müqavimət ola bilər, amma qarşısını almaq mümkün olmayacaq.
- Brüsseldə Əliyev-Paşinyan görüşü nəzərdə tutulub. Bu görüşdə hansısa qərarlar verilə bilərmi?
- Məncə, burada Azərbaycan və Ermənistandan daha çox sanki Rusiya və Avropa Birliyi nəsə güdür. Hər ikisi düşünür ki, nəzarət kimin əlində olacaq. Hələlik nəzarət Rusiyanın əlindədir. Soçi görüşündə müəyyən razılaşma oldu, bundan sonra Putin-Bayden görüşü baş tutdu. Brüsseldə hər hansı qərar qəbul olunmayacaq. Əsas qərar Soçidə verilib. Ermənistan da anlayır ki, Brüsseldə onu heç kim müdafiə etməyəcək. Konkret olaraq dəhliz açılmalıdır. 
 -Moskvada baş tutan “3+2” görüşü diqqət çəkir. Gürcüstansız region ölkələrinin iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə hədəflənən bu platformanın perspektivi olacaqmı?
- Bu, normal formatdır. Hələlik orada problemlər müzakirə edilir. Anlayıram ki, Gürcüstana müəyyən təzyiqlər olub, nəticədə onlar da bu prosesdə iştirak etməmək xəttinə üstünlük veriblər. Amma Bayden-Putin görüşündən sonra, zənnimcə, Qərb tərəfindən Ukraynaya müəyyən təzyiqlər oldu.
Gürcüstan da ərazisində NATO bazasını açmaq istəyirdi. Üstəlik, Gürcüstan NATO-ya qoşulmaq prosesində Ukraynadan öndədir. Əgər Gürcüstana desələr ki, NATO məsələsi bitdi, bu zaman Tiflis 3+3 formatına qatılacaq.
Bu format Türkiyə tərəfindən irəli sürülüb, ruslar da onu müdafiə etdi. Burada söhbət regional əməkdaşlıqdan gedir. Başqa yerlərdə də regional birliklər yaranır. Çünki ABŞ kimi ölkənin gücü çatmır ki, bütün regionları nəzarətdə saxlasın. İndiki halda İran, Türkiyə və Rusiya kimi böyük ölkələrin iştirakı ilə regionda əhatəli birlik yaranır. Üstəlik, nəqliyyat dəhlizləri, yollar da bu regiondan keçir. Təbii ki, bunlar birləşsə, başqa mərkəzlərə təzyiqlər də göstərə bilər. Perspektivdə “3+3” formatı Orta Asiyanı da özünə cəlb edə bilər. Bunlar mümkün gedişlərdir.
- Dediyiniz kimi, əgər Ermənistan tədricən Avropadan da dəstəyini itirirsə, bu halda Azərbaycanla sərhəddə niyə təxribatlar törədir və məqsəd nədir?
- Əvvəla, sakitlik hökm sürsə, heç kim coğrafiyanın bu nöqtəsi ilə maraqlanmayacaq. Belə hallarla göstərilir ki, gərginlik var. Bu halda xarici qüvvələr gərginliyi aradan qaldırmalıdır. Odur ki, hər iki tərəf bu oyunu aparır. Bu ilin martından sonra bunları müşahidə etməyə başladıq. Niyə martdan sonra? Çünki yanvarın 11-də üçtərəfli bəyanat olmuşdu. Deməli, görüşdə qarşıya qoyulan problemləri həll etmək lazım gəlir. Ermənilər isə bunu etməmək üçün gərginlik yaradır. Biz də problemi həll etmək üçün addım atırıq. Bütün bunlara baxmayaraq, qənaətimcə, indi İrəvandan öhdəliklərinə əməl etməsinə dair tələblər çoxalırскачать dle 12.1