Bia.Az

"BİZİM QARŞIMIZDA ERMƏNİSTAN YOXDUR, STRATEJİ PLANDA RUSİYA VAR..." - “Hər şey Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin nəzarətində baş verir”

Gündəm
 16-11-2021, 23:37     51

Sülhəddin Əkbər: “Paşinyan hökuməti sülh istəsə belə, Rusiya buna imkan verməyəcək...”

"Azərbaycan “küp strategiyası”nı həyata keçirməlidir... "K
üpün" perimetri boyunca Türkiyə ilə birlikdə hərbi postlar qurmalıyıq"

Qarabağda və Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar davam edir. Şuşa yaxınlığındakı Azərbaycan ordusunun postuna qumbara atılmasından və uğursuz Qaragöl həmləsindən sonra düşmən Kəlbəcərdə avtomobillərimizi atəşə tutub, eləcə də bəzi yerlərdə postlarını irəli çəkməyə çalışıb. Rus sülhməramlılar isə nədənsə yalnız ermənilər çətinə düşəndə “missiyalarını” yerinə yetimək üçün fəaliyyətə keçirlər. Artıq əksər analitiklər hesab edirlər ki, vəziyyət gərginləşməyə doğru gedir və Bakı təxribatçılara qarşı qəti ölçülər götürməsə, durum xoşagəlməz hal ala bilər.

“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib.

- Sülhəddin bəy, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Şuşa ətrafında erməni təxribatları kəskin şəkildə artıb və bu, Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edir. Hazırda yaranmış bu durumu necə qiymətləndirmək olar?
- Bu hadisələr təbii və gözləniləndir. Qeyd edim ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalandığı günün axşamı sənədin ilkin dəyərləndirməsi zamanı fikrimi ifadə etmişdim. Tövsiyə edərdim ki, oxucularınız bir daha həmin sənədə diqqət etsinlər. İndiki vəziyyətdə hər şey sanki SSRİ-nin dağılması ərəfəsindəki sıfır vəziyyətinə geri dönür. Çünki yenidən Rusiya ordusu Qarabağa qayıdır, separatçı rejim yerindədir, Rusiya onu öz himayəsinə götürür, qanunsuz erməni birləşmələri torpağımızdadır və Laçın dəhlizi vasitəsilə onların Ermənistan, habelə Gümrüdəki rus bazası ilə birbaşa əlaqələri saxlanılır. Bunun tarixi arxa planını - Cənubi Qafqazda erməni dövlətinin qurulmasını, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılmasını və Azərbaycan torpaqlarının Ermənistana verilməsini də nəzərə alsaq, burada gözlənilməz heç nə yoxdur. Mən dəfələrlə cəmiyyətimizə bu fikirləri təkrarlayıram ki, Rusiyanın Azərbaycan, bütövlükdə cənub siyasəti strategiyasını başa düşmək üçün rus imperiyasının yaranma tarixi və Azərbaycan siyasətinə baxmaq lazımdır. Bir daha qeyd edim ki, Rusiya imperiyası rəsmən 1721-ci ildə elan olunub və onun ilk hərbi yürüşü bizim torpaqlarımıza olub.
- I Pyotrun Xəzər sahillərinə yürüşünü nəzərdə tutursunuz?
- Bəli, I Pyotrun Xəzəryani ərazilərə yürüşündən bəhs edirəm. Bu imperiya yaranar-yaranmaz cənub siyasətini həyata keçirmək üçün məhz bizim torpaqlarımıza yürüş edib. Və Azərbaycanın bir hissəsinin - həm birinci, həm də ikinci Rus - Qacar döyüşləri zamanı, Qacarlar məğlub olduqdan sonra isə faktiki olaraq Gülüstan və Türkmənçay müqavilələri ilə Şimali Azərbaycanı işğal və ilhaq ediblər. 1828-ci ildən sonra isə Rusiya bizim torpaqlarımızda 4 mərhələli strategiya həyata keçirib. I mərhələdə əsasən Osmanlı və İran ərazisindəki erməniləri bizim torpaqlarımıza köçürüb. II mərhələdə erməni vilayəti yaradıb. III mərhələdə erməni dövləti yaradıb. IV mərhələdə də erməni dövlətini yaratdığı gündən indiyə qədər onu genişləndirə-genişləndirə gətirib, bu vəziyyətə çıxarıblar.
Elə bu strategiya əsasında da zamanında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, Qərbi Zəngəzur ermənilərə verilib. Bunun nəticəsidir ki, indiki vəziyyət yaranıb. İndiki vəziyyəti anlamaq üçün bu məqamları təkrarlamağa ehtiyac var. Ötən il Azərbaycan Xankəndinin qapısına dayananda nə üçün rus ordusu “sülhməramlı” adı altında bu əraziyə soxuldu? Çünki Rusiya gördü ki, 300 il ərzində “əmək sərf etdiyi” bu strateji planı müzəffər Azərbaycan Ordusu qardaş Türkiyənin dəstəyi ilə məhv edir. Neoimperialist Putin Rusiyası 300 illik “əməyin” boşa getməsinə imkan verə bilməzdi. Odur ki, gəlib orada yerləşdilər. Vəziyyəti SSRİ-nin dağılması ərəfəsindəki sıfır vəziyyətinə qaytardılar. Son 30 ildə dünyada, regionda, elə Azərbaycanda da vəziyyət dəyişib. Ruslar da dəyişən şəraitə uyğun olaraq, şərtlər nəzərə alınmaqla, durumu sıfır vəziyyətindəki halına qaytara bildilər. Siz indi tarixə baxın, Qarabağ hadisəsi başlayan vaxt nələr baş veribsə, indi də vəziyyət və şərtlərə uyğun olaraq həmin hadisələr həm Qarabağ ətrafında, həm də Ermənistanla sərhəddə baş verir və verəcək də. O ana qədər ki, bu problem birdəfəlik və qəti həll ediləcək.
- Siz demək istəyirsiniz ki, hansısa erməni terrorçusunun gəlib Azərbaycan postuna əl qumbarası atması, əslində rus sülhməramlılarla qarşılıqlı əlaqəli şəkildə baş verir?
- Bugünkü Ermənistan Respubliaksı da, bizim hələlik suverenliyimizdən kənarda olan ərazi də Rusiyanın nəzarətindədir. Baxın, Ermənistanın hərbi sahəsinə, ümumiyyətlə təhlükəsizliyinə Rusiya cavabdehdir. Rusiya ilə Ermənistan arasında həm hərbi-siyasi ittifaq var, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Tarixi arxa planı da nəzərə alsaq, bütövlükdə erməni dövlətini yaradan, yaşadan və qoruyan Rusiyadır. Bunu anlamaq lazımdır. Onun sərhədlərini, hava məkanını, o cümlədən “dqr”-də qalan hissəni də Rusiya qoruyur. Xankəndindəki separatçılar və onların nəzarətində olan ərazi Ermənistandan daha çox Rusiyanın nəzarətindədir. Bizim qarşımızda Ermənistan yoxdur, strateji planda Rusiya var. Üstəlik, əgər rus “sülhməramlı”sı atəşkəsə görə cavabdehdirsə, deməli, baş verənlərin də məsuliyyətini ilk növbədə Rusiya daşımalıdır. Çünki hər şey Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin nəzarətində baş verir.
- Ermənistan ordusunun 60-a yaxın hərbçisi Qaragölə gələrək ərazidə postlar qurmaq istədi, az sonra elə Laçın istiqamətində də eyni hal müşahidə olundu, Kəlbəcərdə hərbi avtomobillərimiz atəşə tutuldu. Azərbaycan ordusu vaxtında tədbir görərək bu təxribatların qarşısını ala bilir. Sizcə, ermənilərin məqsədi bu əraziləri yenidən tutmaqdır, yoxsa bilərəkdən qarşıdurma, gərginlik yaradırlar?
- Məsələ yenidən siyasi-diplomatik fazaya daxil olub. Yəni II Qarabağ savaşında Azərbaycan qalib gəldikdən sonra hərbi faza bitdi və proses siyasi-diplomatik mərhələyə keçid etdi. Burada Rusiyanın başlıca hədəfi Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara və ya başqa vasitəçilərin iştirakı ilə danışıqların başlamasına mane olmaq, ən başlıcası isə iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına imkan verməməkdir. Başlıca hədəf budur. Bunun üçün də hər şey edəcəklər. Əlbəttə, yaranan durumdan kəskin narazı olan Fransa və İranın da təsirləri var, amma başlıca faktor Rusiyadır.
- Yəni son təxribatlarla bağlı ermənilərə təlimatı Rusiya verir?
- Zənnimcə, elə mərhələ olacaq ki, ABŞ, Avropa Birliyi və Böyük Britaniya kimi oyunçular Ermənistana təzyiq edib, onu Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etməyə çalışacaqlar, Ermənistan hökuməti də bu istiqamətdə addımlar atmaq istəyəcək. Necə ki, zamanında Levon Ter-Petrosyan atmaq istəyirdi. Onun aqibəti necə oldu? Devrildi. Böyük ehtimalla, indi də proseslər ona doğru gedir. Mən “dqr”-i demirəm, çünki ora tam rusların nəzarəti altındadır. Ermənistan isə müəyyən mənada, xüsusilə diplomatik-siyasi müstəvidə Rusiyanın nəzarətindən kənardadır. Bəzən Paşinyan hökumətinə müəyyən təsirlər olur, ona görə də indiki erməni hökuməti ziq-zaqlı bəyanatlar verir, hərəkətlər edir. Bu da yaranan durumla əlaqəlidir. Yəni Paşinyan hökuməti sülh istəsə belə, Rusiya buna imkan verməyəcək. Bunun üçün Rusiyanın kifayət qədər imkanları var. Ermənistan sərhədləri və hələlik bizim nəzarətimizdə olmayan ərazilərimiz tamamilə rusların nəzarətindədir. Üstəlik, Ermənistan Respublikasının Silahlı Qüvvələri, təhlükəsizlik strukturları, hava məkanı Rusiyanın nəzarəti altındadır, həmçinin Moskvanın İrəvanda “beşinci kolon”u var. Yəni rusların təsir etmək üçün həm Ermənistanın daxilində, həm dövlət sərhədində, həm də bizim nəzarətimizdən kənarda qalan ərazilərimizdə alətləri var.

- Sülhməramlılar hansı əsaslarla Azərbaycan postuna əl qumbarası atan erməni terrorçunu saxladıqdan sonra qondarma quruma təslim etdilər?
- Bu, faktiki olaraq terrorizmin və terrorçunun himayə edilməsi və qorunması, üstəlik, “”dqr” hələ yaşayır və mənim himayəmdədir” deməkdir. Onun “dövlət qurumları fəaliyyət göstərir” mesajıdır, ““dqr”in legitimliyini mən tanıyıram” deməkdir. Bir dövlətin terrorçunu qondarma quruma verməsi nə deməkdir? O deməkdir ki, onu dövlət kimi tanıyır, legitimliyini qəbul edir. Əks halda, onu necə verər, sənədləşmə hansı formada aparıla bilərdi? O, heç olmasa Ermənistana da yox, qondarma rejimə təhvil verilib. Məncə, bu, “narahat olmayın, burada hər şey qaydasındadır, mən buradayam və onların təhlükəsizliyinə zəmanət verəcəyəm” mesajıdır.
- Qəribədir ki, son təxribatlar bir növ rus sülhməramlıların düşərgəsindəki “Rusiya şöhrət xiyabanı”nın açılmasından sonraya təsadüf edir. Bundan əvvəl isə sülhməramlıların düşərgəsində kilsə inşa edilmişdi. Nəhayət, heç bir ölkədə ləyaqətlə və beynəlxalq qanun əsasında fəaliyyət göstərən sülhməramlıya heykəl qoyulmadığı halda, burada heykəl də ucaldılıb. Bütün bunları normal qəbul etmək olarmı?
- Bu, o deməkdir ki, “bura bizim torpağımızdır, mən buradayam və buradan da getmək fikrim yoxdur”.
- Kifayət qədər gərgin vəziyyətin yarandığı, ermənilərin əvvəlki aylarla müqayisədə fəallaşdığı hiss edilir. Üstəlik, Rusiyanın da ciddi təzyiqlər edib sonda istəyinə nail olmaq strategiyasını nəzərə alsaq, Azərbaycanın kontur addımları necə olmalıdır?
- Azərbaycan “küp strategiyası”nı həyata keçirməlidir. Bu, nə deməkdir? Gözünüzün qarşısına xəritəni gətirin. Hələlik bizim nəzarətimizdə olmayan, rus-erməni birliklərinin nəzarətində qalan tarixi ərazilərimiz küpə oxşayır. Bu küpün ağzı Azərbaycan-Ermənistan dövlət sərhəddinin bizim nəzarətimizdə olmayan 5 kilometrlik hissəsidir. Küpün boynu -boğazı Laçın dəhlizidir, gövdəsi isə rus-erməni hərbi birliklərinin nəzarətində olan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin hələlik bizim nəzarətimizdə olmayan ərazisidir. Birinci, bu küpün ağzı bağlanmalıdır. Dövlət sərhədi nəzarətə götürülməlidir. Dövlət sərhədi sənin nəzarətində deyilsə, bu əraziyə kimin gəlib-getdiyindən, nə aparıb-gətirildiyindən məlumatın yoxdursa, buraya necə nəzarət edə bilərsən? Üstəlik də, üçtərəfli bəyanata görə, Laçın dəhlizinin təhlükəsizliyinə Azərbaycan Respublikası cavabdehdir. Sən sərhəddə yoxsan, Sərhəd Xidməti, Gömrük Komitəsi orada fəaliyyət göstərmir, oradan kimin keçib getdiyini bilmiriksə, sən dəhlizdə yoxsansa, dəhlizin təhlükəsizliyinə necə cavabdehlik daşıya bilərsən? Odur ki, ilk növbədə biz sərhədi bağlamalı, orada sərhəd və gömrük xidmətini təşkil etməliyik. Əsas iş budur. Bu olmayınca, heç bir təhlükəsizlik təminatı yoxdur.
İkincisi, "küpün" perimetri boyunca Türkiyə ilə birlikdə hərbi postlar qurmalıyıq. Yəni Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin postları qurulmalıdır. Necə ki, daxildə ruslar təhlükəsizliyi təmin etmək üçün çoxsaylı postlar qurublar, biz də yeni yaranan təmas xətti boyunca postlar qurmalı və bu postlarda Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən iki dövlətin bayrağı dalğalanmalıdır. Həmçinin bu postlar arasında post-patrul xidməti təşkil olunmalıdır.
Üçüncüsü, biz tələb etməliyik, ya Rusiya özü sazişdə tələb olunduğu kimi qanunsuz erməni silahlı birləşmələrini, terrorçuları təmizləməlidir, ya da Azərbaycan anti-terror əməliyyatları aparmalıdır.
Ancaq buna qədər də Azərbaycan, xüsusilə, Xocalı başda olmaqla, BMT-nin Qaçqınlar Komissarlığı ilə birlikdə öz məcburi köçkün vətəndaşlarını geri qaytarmağa başlamalıdır. Həm Şuşa şəhəri üzrə, həm də Xocalıda. Köçkünlər qayıtmadan biz orada Azərbaycanın suverenliyini təmin edə bilməyəcəyik. Məcburi köçkünlər geri qayıtdıqca orada Azərbaycanın yerli və mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti bərpa olunmağa başlayacaq. Və artıq oralar hissə-hissə bizim yuridiksiyamıza keçəcək.
- Sadaladığınız tədbirləri həyata keçirməyi mümkün sayırsınızmı?
- Mümkündür. Heç olmasa, Azərbaycan olaraq tələb etməliyik ki, ölkə daxilində bütün kommunikasiyalar açılmalıdır. Biz bunu birbaşa Rusiyadan tələb etməliyik. Hazırda Ermənistanın üzərinə düşmüşük ki, sən kommunikasiyaları aç, amma ölkə daxilində kommunikasiyaların açılmasını demək olar, tələb etmirik. Hansı səbəbdən Ağdamdan birbaşa Şuşaya, Ağdərədən Kəlbəcərə gedə bilməməliyik? Bunlara nail olmağı tamamilə mümkün hesab edirəm. Bu, həm Azərbaycanın qanuni haqqıdır, həm də bunu tələb etmək üçün Azərbaycanın gücü var. Azərbaycan bu tələblərin yerinə yetirilməsi üçün qarşı tərəfi məcbur etməlidir. Necə ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini yerinə yetirdik. Görünür, indi Azərbaycan məcbur olacaq ki, qarşı tərəfi üçtərəfli bəyanatın maddələrini yerinə yetirməyə məcbur etsin.скачать dle 12.1