Bia.Az

Qərbpərəstlər İran və Rusiyanın adamlarına niyə qoşuldu?

Gündəm
 15-11-2021, 10:04     251

Türk dövlətləri rəhbərlərinin İstanbulda keçirdikləri sammitin obrazlı şəkildə “Turan dövləti qurulur” kimi adlandırılması, reallıqdan çox, arzunun, niyyətin ifadəsidir.

Biz bu barədə 25-30 il öncədən yazırdıq. O vaxt türk dövlətlərinin siyasi xadimlərinin bir araya gələcəyi utopik görünürdü. Əslində o zamanlar yenicə müstəqillik qazanmış bu türk dövlətləri heç “türkdilli” də deyildilər, hamısı gerçəkdə “rusdilli”yd, rəhbərləri də Moskvada ali partiya məktəbi keçmiş sabiq kommunistlər idi. Onlar Rusiyaya, Kremlə cani-dildən sadiq olmasa da, ondan qorxurdular, bilirdilər ki, o yan-bu yan etsələr, Kreml onlara öz ölkələrindəncə başqa əvəzləyici tapar.
20-25 il öncə biz əsasən Türkiyə-Azərbaycan yaxınlaşmasından, bu dostluğun inkişaf edərək, konfederativ dövlətdə birləşmək səviyyəsinə gəlməsinin arzuolunan və regional təhlükəsizlik baxımından daha əlverişli olmasından yazırdıq. Ağız büzənlər, lağlağı edənlər çox idi, amma zamanla sayları azaldı.
Gün gəldi ki, vaxtilə bizə rişxənd edənlər sözün birbaşa mənasında türkçülüklərini sübut etmək üçün boqqurd ulamasalar da, sonradan qatı türkçü oldular və Azərbaycan-Türkiyə dostluğundan danışaərkən kimsəyə aman vermədilər. Çoxlarının istədiyi bu idi deyə bu haldan pəjmürdə olmadılar, olmurlar, əksinə, çox sevinirlər.
Elə hələ də “türkdilli dövlətlər” adlandırılan türk dövlətlərinin rəhbərlərinin, nəhayət, tam heyətdə İstanbulda toplaşması da ürəkaçandır. Vaxt vardı, indiki liderlərin sələfləri Türkiyəyə məhəl qoymurdular, Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyurdular. Eləsi vardı, 30 il prezident kürsüsündə oturdu, bir dəfə Türkiyəyə səfər etmədi. Ermənistandakı “genosid abidəsi”nə çələng qoyanlar, göndərənlər də vardı.
İndi bu xüsusda vəziyyət dəyişib, tendensiya yaxşlığa doğrudur.
Fəqət indi də öz ölkəmizdə türk birliyinə ağız büzənlər, istehza edənlər var.
Bu kateqoriyadan olan ictimai-siyasi fəalların içində İrana və Rusiyaya rəğbət bəsləyənlərin (eləcə də işləyənlərin) olması təəccüb doğurmur. Zatən müstəqillik qazandığımızdan bəri onlar həmişə bu düşüncədə olublar, Azərbaycanın müstəqil dövlət olması faktını həzm etməyiblər. Birincilər hesab edib ki, Azərbaycan ya İranın təkibində olmalıdır, ya da onun vassalı olub, şəriət rejimi ilə idarə olunmalıdır, ikincilər isə dağılmış SSRİ-nin xiffətini çəkə-çəkə, Azərbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çevrilməsini istəyə-istəyə yaşayblar.
Ancaq birdən-birə qərbpərəstlərin də onlara qoşulması, türk sammitini qaralamaları heyrət doğurur. Onların əsas arqumenti isə demokratiya və insan haqları ilə bağlıdır.
Bu şəxslər vurğulayırlar ki, sammitə yığışanlar demokrat liderlər deyil, hamısı öz ölkəsində avtoritar rejim qurublar, ona görə də onların formalaşdırdığı birlik effektiv ola, xalqlara firavanlıq və təhlükəsizlik gətirə bilməz, hamısı öz korporativ maraqlarını (hakimiyyətlərini möhkəmlətmək, daha uzun müddət iqtidarda qalmaq və s.) güdür.
618e3ef1bbdf4.jpg (384 KB)
Əslində isə müasir dünyada bu kimi birliklər (bir qrup dövlətin yığışaraq hansısa bir təşkilatda birləşməsi) heç bir halda demokratiyanı inkişaf etdirmək, ölkələrdə demokratik təsisatlar bərqərar etmək məqsədi daşımır. Hamısı sırf iqtisadi maraqlarını təmin etmək, regional gücə çevrilmək, imperialist dövlətlərin ekspansiyası qarşısında təklənib əzilməmək məqsədi güdür.
Türk dövlətlərini də bir araya gətirən ABŞ, Rusiya, Çin kimi güclü dövlətlərin, Avropa Birliyi kimi dövlətüstü qurumların dünyanı öz iqtisadi maraqlarına görə bölmək, nüfuz dairələrinə almaq cəhdlərinin qarşısında dik durmaq niyyətidir.
Hazırda dünyanın qlobal problemi budur. ABŞ-ın 42-ci prezidenti Bill Klintondan sonra Ağ Evin oval kabinetində oturan heç bir prezidentin dünyada demokratiyanın genişləndirilməsi kimi dərd-azarı olmayıb. Onların hamısı yalnız öz dövlətinin güclü, hegemon olmasının qayğısına qalıb. Sadəcə, bəziləri bu siyasəti pərdəli şəkildə yeridib, bəziləri də Tramp kimi seçki şüarına (“Make America great again” – “Amerikanın yenidən böyük edək” çevirib, açıq-açıq bəyan edib.
Belə bir zamanda bir araya gələrək güclərini birləşdirmək istəyən dövlətlərin rəhbərlərinin avtoritarizmi ikinci dərəcəli məsələdir. Əsas məsələ qlobal iqtisadi imperializmin qarşısında duruş gətirmək, dövlətin salamatlığını qorumaqdır. Ortada ərazi bütövlüyü təmin olunan, sərhədlərini qoruya bilən, iqtisadi inkişaf relsinə oturan bir dövlət olmalıdır ki, sonra onun daxilində demokratik dəyişikliklər həyata keçirilməsi mümkün olsun. Başqa sözlə, at arabadan öndə olmalıdır.
Ona görə də türk dövlətlərinin rəhbərlərinin uzun illərdən sonra bir araya gəlməsini qılınclamaq olmaz. “Buna da şükür” deyib irəli baxmaq lazımdır.
 
Xalid KAZIMLIскачать dle 12.1