Bia.Az

Yeni təşkilat, yeni dönəm, yeni görəvlər

Gündəm
 15-11-2021, 09:55     275

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi 12 il içində mümkün oldu. Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda alınan qərarla qurulmuşdu. Nə təvafüqdür, Ermənistanın üzərində Zəngilandan Naxçıvana avtomobil və dəmir yolunun çəkilməsi öhdəliyi yaratmış 44 günlük müharibə də türk dövlət və hökumət başçılarının VIII Zirvəsində gündəm idi.

Zirvəyə evsahibliyi edən Rəcəb Tayyib Ərdoğanın Azərbaycanlı həmkarını məhz Müzəffər Ali Baş Komandan adlandıraraq və Qarabağda qazandığı Zəfəri də səbəb göstərərək, Türk Dünyasının ən ali Ordeni ilə təltif etməsi Zirvənin Zirvə hadisədir.
Türkdillidən Türkə, Şuradan Təşkilata cevrilmək məhz Azərbaycanın tarixi Zəfərinin ardından baş verdi. Bəli, yalnız Azərbaycan-Ermənistan münasibətləri deyil, Qafqazlar, Türk dünyası, Avrasiya da yeni dönəmə girib. Tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan Türk dünyasının ümumi problemidir.
Azərbaycan Qarabağda işğalçıya ağır zərbə vurmaqla, onu öhdəliklərə vadar etməklə, Türk dünyasının önünü açıb: "Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur". (R.T.Ərdoğan).

Hələ Naxçıvan Zirvəsində Azərbaycan Prezidentinin Zəngəzurla bağlı dediklərini xatırlamaq yetərlidir: "Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə Türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq"...

TDT-nin Vlll Zirvə Görüşünün Bəyannaməsi

"İstanbul Bəyannaməsi"ndə nələr var?
Bəyannamə:
-Naxçıvan Sazişinin məqsəd və prinsiplərini əsas götürüb;
-Türk xalqların ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan işbirliyi və həmrəyliyin dərinləşdirilməsinə, genişləndirilməsinə sadiqliyi ifadə edib;
- Türk dövlətlərinin müstəqillik əldə etdikdən sonra nail olduğu önəmli siyasi və sosial-iqtisadi irəliləyiş yüksək qiymətləndirilib. - Nəzərə alaq ki, bu il 5 qardaş ölkə öz dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd etdi və bu 30 il heç də asan keçmədi. Hər birimiz bir daha gördük ki, "Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" (H.Əliyev). Azərbaycanın torpaqlarının işğalı və bu işğalın az qala müstəqilliyimizlə yaşıd olmasi bizim müstəqilliyimizə bəlli güclərin (konkret halda Rusiyanın) dözümsüzlüyünün ifadəsiydi. Başqa türk dövlətləri, məsələn, Qazaxıstanla bağlı Rusiyanın müxtəlif rəsmi dairələrinin dəfələrlə səsləndirdiyi sərsəm fikirlər də bir daha göstərir ki, VIII Zirvədə dövlət müstəqilliyinə vurğu edilməsi yüksək qiymətə, təqdirəlayiq haldır. Bu vurğu qardaş dövlətlərin müstəqillik mövzusunda eyni mövqeni paylaşmağının təntənəsidir;
- "Biz birlikdə daha güclüyük!" - bu Türk Dövlətləri Təşkilatının şüarıdır və bir şüardan daha artıq, daha mənalıdır.
Bəyannamədə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə, ozəlliklə də suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək ifadə olunması (bir öncəki cümlələrdə dediklərimizin qüvvətləndirilməsi), biləvasitə bu mövzuda daha çox problem yaşamış ölkəmizin ərazi bütövlüyünə dəstək ifadəsidir. - Yəni 44 günlük qalibiyyətli müharibənin sonucları qeyd şərtsiz qəbul olunmalı, hər kəs öz ohdəliyinə sadiq qalmalıdır.

"Yüksəl, Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur." (Atatürk)

Əlbəttə, VIII Zirvənin Yekun Sənədi, orada verilmiş ismarıclar hələ çox müzakirə ediləcək, çox dostu sevindirib, dost ola bilməyənləri çox pərt edəcək. Burada Bəyannaməni başdan başa təkrarlamadan və ya tam şərh etmədən, onu xüsusi vurğulayaq ki,
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adının “Türk Dövlətləri Təşkilatı”na çevrilməsi yalnız addəyişimi deyil: bununla qurumun statusu yüksəldi, üfüqü genişləndi, missiyasi dərinləşdi!
Yukəldikcə üfüqötəsini görəcək, insanlığa yeni qatqida bulunacağıq. Dünyaya Günəş kimi doğan Türkün Yanar Ürəyinin istliyindən dördyana səfəq yayılacaq...
Hikmətə baxın:
44 günlük muharibədən az sonra Azərbaycan və Türkmənistan birimizin "Kəpəz", birimizin "Sərdar" dediyi yatağı "Dostluğ"a cevirmişdi, budur, İstanbul Zirvədində Türkmənistan TDT-yə müşahidəçi dövlət kimi qoşuldu.
2019-cu ildə Özbəkistan da məhz Bakıda keçirilmiş VII Zirvədə Şuraya (indiki TDT) qoşulmuşdu...
Azərbaycanın bu ortaq ali türk qurumuna rəhbərliyi qəbul edib, təhvil verməsi 2 yeni qoşulma ilə süsləndi, bu əziz qurumu cazibə mərkəzinə çevirdi.
Türk Şurası Türk Birliyinə çevriləcək » Reyting.az

Uzaqdakı yaxın Macarıstan

Yeri gəlmişkən, uzaqdakı qardaşımız Macarıstanın bütün türk dövlətləri ilə əlaqələrini strateji səviyyəyə yüksəltməsi, üzv dövlətlərdə diplomatik nümayəndəliklər təsis etməsi, eləcə də, TDT-də müşahidəçi dövlət olaraq iştirakı yüksək sözlərə, övgüyə layiqdir. İnanırıq ki, Macarıstan gələcəkdə müşahidəçilikdən tam hüquqlu üzv statusuna keçəcək və Macarıstanın tutumu başqa əqraba xalqlara, dövlətlərə də yol xəritəsi cızacaq. - Ukrayna, Gürcüstan, Moldova, Bosniya-Hersoqovina, Pakistan, Əfqanıstan, Qətər və b. ölkələr TDT ilə işbirliyinin mümkün formulunu bulmaqda maraqlı olacaq. Pakistan zatən qardaş kimi qardaşdır, hər halda TDT ilə işbirliyi formullarının aranması, bulunması çox zaman almamalıdır...
Macarıstanın TDT sıralarında olması "İslam ixracı"nı özünə "Anayasa görəvi" bilən İranın məscidlərə donuz dolduran işğalçı Ermənistanla işbirliyi fonunda çox manidardır. Xristian Macarıstan Qarabağda Azərbaycanın Zəfərinə sevinir, Azərbaycanla bir Zirvədə iştirak edir, Müzəffər Ali Baş Komandanımızı alqışlayır, İran rəhbərliyisə Zəfərimizə az qala Ermənistan rəhbərliyindən daha pəjmürdə şəkildə davranır...

"Azərbaycan Ürəyimdə bir şah damardır!" (Y.B.Bakilər)

Azərbaycanın ali türk qurumuna rəhbərliyi biri (pandemiya) bəşəri, digəri (vandal Ermənistanın işğalına son qoymaqla yanaşı) bəşəri sonuclarla ifadə olunan iki müharibə ilə də yaddaşlarda qalacaq. Azərbaycan da, qardaşlarımız da bəşəri tərəqqi üçün çalışdı. Azərbaycan da, qardaşımız da xarakter etibarı ilə xeyirxahlıq, yardımlaşmaq, mehriban qonşuluq, birgə yaşayış kimi yüksək prinsiplərə sadiqdir - tarixdə belə olub, günumüzdə belədir, gələcəkdə belə olacaq.
Türk dövlət və hökumət başçılarının VIII Zirvəsi, Zirvədə imzalanan Bəyannamə, Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məşhur sözlərini xatırladır: "Əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk".
- Bu sözlər Azərbaycan və Türkiyə dövlət başçısıları tərəfindən "Şuşa Bəyannaməsi" imzalanarkən deyilmişdi. Mənə elə gəlir, 12 noyabr 2021-ci il tarixli "İstanbul Bəyannaməsi" bütün digər məziyyətləri ilə birgə 15 iyun 2021-ci tarixli "Şuşa Bəyannaməsi"nin də davamıdır...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QoşalıFacebook
Bizim Facebook səhifəmizə abunə olunскачать dle 12.1