Bia.Az

“DƏHLİZ MƏSƏLƏSİNDƏ ƏN MARAQLI TƏRƏF ERMƏNİSTANDIR” – “Əgər erməni tərəfi buna razı deyilsə, biz də razı deyilik...”

Gündəm
 5-11-2021, 10:13     236

Bir neçə gündən sonra 44 günlük Vətən müharibəsinin başa çatmasının bir ili tamam olacaq. Bu müharibədə məğlub olan Ermənistan üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirməyib. Bir çoxları hesab edir ki, bunun səbəbkarı Rusiyadır. Çünki Rusiya indiki mərhələdə regionda vəziyyətin olduğu kimi saxlanılmasında maraqlıdır və bu səbəbdən də İrəvana ciddi təzyiqlər etmir.

“AzPolitika.info” bu mövzunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib.

- Tofiq müəllim, müharibənin başa çatmasının bir ili tamam olur, amma Ermənistan üçtərəfli razılaşmayla üzərinə götürdüyü öhdəliklərin əksər hissəsini hələ də yerinə yetirməyib. Ermənistan ordusu və qanunsuz silahlı dəstələr Qarabağdan çıxarılmayıb, Zəngəzur dəhlizinin açılması yönündə ciddi addımlar atılmayıb. Çoxları bu məsələdə Rusiyanın mövqeyinin həlledici rol oynadığını deyir...
- Bilirsinizmi, dəhliz məsələsinə yanaşmamız dəqiq olmalıdır. Birincisi, elə əvvəlcədən elan olunurdu ki, dəhlizin işə salınması azı bir il vaxt tələb edir. Təkcə tikinti işlərini götürsək, görərik ki, ciddi işlər görülməlidir. Bununla bağlı təkcə bizim ərazimizdə olan 137 kilometrlik yolun bərpasını qeyd etmək kifayətdir. Bu yolun elə hissəsi var ki, onun ətrafında zamanında ermənilər sədlər tikiblər. Dəhlizin Ermənistan hissəsinə düşən təxminən 48 kilometrlik yolun da hansı vəziyyətdə olması hələlik bilinmir. Bu baxımdan dəhliz məsələsi istər-istəməz vaxt tələb edən layihədir.
Digər yandan Ermənistanın dəhlizlə bağlı mövqeyi qeyri-müəyyən idi və İrəvan deyirdi ki, dəhliz istəmirəm. İndi isə onun mövqeyində dəyişiklik baş verib. Bu da onunla bağlıdır ki, onlar dəhlizə nəzarət məsələsində rus sərhədçilərilə hansısa ortaq mövqeyə gəliblər. Bu da, zənnimcə, bizə yaxın mövqedir.
Burada əsas məsələ təhlükəsizliklə bağlıdır. Bəzən deyirlər ki, dəhizdə gömrük rüsumu necə olacaq, tərəflər bundan nə qazanacaq və s. Amma aydındır ki, orada gömrük ödənişi yalnız tranzit rüsumu formasında ola bilər. Azərbaycanın da mövqeyi və vəziyyəti ona görə yaxşıdır ki, orada bizim ərazimizdən keçən digər yol var. Hansı ki, indi orada gömrük postumuz qurulur, İranın yük avtomobillərindən tranzit rüsumu alınır. Əgər ermənilər bundan sonra bizim ərazimizdən istifadə edərək hansısa malları ixrac etmək niyyətinə düşsələr, bu da dünya təcrübəsində kilometrdən asılı olan rüsum almağa imkan yaradır. Bunlar praktik mövzulardır.
Rusiyanın mövqeyinə gəlincə, mən inanmıram ki, Moskvanın regionla bağlı mövqeyində dəyişiklik olsun. Çünki əsas elementlər olduğu kimi qalacaq. Ərazidə təhlükəsizliyi təmin edən Rusiya Sərhəd Qoşunlarının personalı olacaq. Rusiyanın mövqeyində dəyişiklik yoxdur. Heç ermənilərin də mövqeyində dəyişiklik gözləmirəm. Çünki dəhliz məsələsində ən çox maraqlı tərəf elə onların özləridir. Biz dəhliz deyirik. Dəhliz eks-territorial xüsusiyyətlərə malik yoldur. İndi eks-territoriallıq təhlükəsizliyi təmin edən qüvvələrə bağlıdır. Məncə, bu təcrübəni biz də Laçında tətbiq etməliyik. Yəni təhlükəsizliyi sülhməramlılar buyurub təmin etsinlər. Amma sərhəd və gömrük xidmətlərimiz orada öz fəaliyyətini qurmalıdır. Əgər ermənilər Zəngəzir dəhlizində heç bir imtiyaz istəmirlərsə, biz də Laçın dəhlizində istəməyəcəyik.
- Və ruslar da buna razı olacaq...
- Əslinə qalsa, rus sülhməramlıların vəzifəsi təhlükəsizliyi təmin etməkdir, dünyanın heç bir yerində nəzərdə tutulmur ki, sərhəd və ya gömrük funksiyalarını sülhməramlılar yerinə yetirsin. Bu baxımdan mən bir problem görmürəm.
- O zaman sual yaranır ki, Azərbaycan son bir ildə hansı səbəbdən Laçın dəhlizində gömrük postu qurmayıb?
- Hesab edirəm ki, burada bizim taktikamız ondan ibarətdir ki, bu cür vəziyyəti Zəngəzurda da təmin edək. Ola bilsin ki, biz mövzuya bu şəkildə yanaşırıq. Başqa sözlə, ermənilər bu hissəyə aid öhdəliklərdən qaçırlarsa, məntiqə uyğun olaraq biz də məsələyə yanaşmanı dəyişməliyik. Biz dəhlizlər deyəndə ilk növbədə onların funksiyalarının nədən ibarət olduğunu anlamalıyıq. Təhlükəsizlik ayrı, gömrük xidməti ilə sərhəd xidmətinin nəzarəti isə ayrı-ayrı mövzulardır. Əgər ermənilər buna razı deyilsə, biz də razı deyilik.
Nümunə üçün sizə deyim ki, buna bənzər vəziyyət Kalininqrad vilayətində də var. Yəni, dünyada buna bənzər nümunələr var və biz yeni bir şey kəşf etmirik.
- Sizcə, Rusiya regionla bağlı digər layihədə - Fars körfəzindən başlayaraq Ermənistandan keçib Gürcüstan üzərindən Qara dəniz hövzəsinə çıxacaq və Azərbaycandan yan keçəcək layihədə nə dərəcədə maraqlıdır?
- Müharibədən qabaq dövlət başçıları Şimal-Cənub dəhlizi ilə əlaqədar görüşürdülər. Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşlərini nəzərdə tuturam. Onların məqsədləri bu dəhlizin formalaşdırılması idi. Əgər Zəngəzur dəhlizi işlək vəziyyətə gətirilsə, deməli sovetlər vaxtı mövcud olan vəziyyət bərpa olunacaq. Yəni SSRİ dəmiryolları indiki halda Azərbaycan və Rusiya dəmiryolları deməkdir. İranın birbaşa Naxçıvanın Culfa rayonu vasitəsilə bu dəmiryollarına bağlantısı olacaq. Bu dəhiz artıq mövcuddur və işlək vəziyyətə gətiriləcək. Belə olan təqdirdə ruslar nə dərəcə maraqlı ola bilərlər ki, Fars körfəzindən keçən mallar Ermənistan ərazisindən keçib Gürcüstana gəlməli və bundan sona şimala qalxmalıdır. Sizcə, ruslar buna icazə və razılıq verərlərmi? Onu da unutmayın ki, dediyiniz xətdə yalnız avtomobil yolu var, dəmiryolu ümumiyyətlə mövcud deyil. Bu baxımdan ermənilər çalışırlar ki, biz gördüyümüz işlərin təkrarını etsinlər. Amma biz bu işləri çoxdan görmüşük. Hazırda Şərq-Qərb dəhlizinin bir hissəsi bizdən keçir və Şimal-Cənub dəhlizini də biz öz tərəfimizə çəkə bilmişik. Ermənilər hələ indi ayılıblar və hansısa böyük nəqliyyat layihəsi barədə danışırlar. Halbuki bu, mümkün olan iş deyil.
- Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyanın təşəbbüsü ilə Moskvada görüşərək sərhədlərin delimitasiyası, habelə Zəngəzur dəhlizinin açılması haqqında qərar verəcəklərinə dair fikirlər yayılıb. Sizcə, nədən Rusiya bu iki dövlət öncə bir-birinin ərazi bütövlüyünü tanımadan sərhədlərin müəyyənləşdirilməsi prosesinə üstünlük verir?
- Delimitasiya və demarkasiya prosesi texniki məsələdir. Dünya təcrübəsi göstərir ki, adətən böyük nümayəndə heyəti yığışır və hansısa sərhədin bir hissəsini delimitasiya edir. Əraziyə müxtəlif nazirliklərin, yerli icra qurumlarının nümayəndələri gəlirlər və bir neçə metr o yan-bu yana sərhədi müəyyənləşdirirlər. Ancaq bu texniki məsələnin bir bünövrəsi olmalıdır. Bünövrə də ərazi bütövlüyünün tanınmasıdır. Bu olmasa, delimitasiya və demarkasiya prosesi ən azı qəribə görünərdi. Reallıqda bu, mümkün deyil. Ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması prosesin bünövrəsini təşkil etməlidir.
- Rusiya Prezidenti Vladimir Putin də “Valday” Klubundakı çıxışı zamanı dövlətlərin ərazi bütövlüyünü “unudaraq”, sərhədlərin müəyyənləşdirilməsi haqqında fikirlərini açıqlayıb...
- Dövlət başçıları bu incəlikləri daim nəzərdə saxlamırlar. Düşünməyin ki, prezidentlər hansısa fikri deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşirlər və s. Putin deyib, amma bu, o demək deyil ki, elə bu cür də olacaq.
Digər tərəfdən, Ermənistana təzyiq vasitəsi əvvəllər “Qarabağ kartı” idi. Bəs, indi təzyiq vasitəsi nə ola bilər? Zəngəzur dəhlizi. İndi biz “konflikt menecmenti” deyilən prosesdə ən böyük nailiyyəti əldə etmişik. Proses bizim ərazimizdən Ermənistanın ərazisinə keçib. Söhbət ondan gedir ki, Rusiya Ermənistana təzyiq etmək istəsə, Zəngəzur dəhlizindən istifadə olunacaq. Hesab edirəm ki, biz də buna mane olmamalıyıq...
- Bu arada Türkiyə mövzusu da gündəmdə vacib yer almaqdadır. Ankara Suriyanın şimalında əməliyyat keçirmək, Kobani və Tel-Rifata nəzarəti ələ keçirmək istəyir. Orada da ya ruslar var, ya da ruslar tərəfindən dəstəklənən Bəşər Əsəd. Ukrayna isə son günlər türk dronlarından istifadə edərək Donbas cəbhəsində aktivliyini artırır. Ruslar Türkiyənin Ukraynaya dron satmasına açıq formada etiraz edir. Nəticədə həm Ukraynada, həm də Suriyada Ankara-Moskva gərginliyi yaşanır. Sizcə, bu gərginlik bizim regiona hansı formada təsir göstərəcək?
- Bu, birinci hal deyil, həmişə belə olub. Hansısa konflikt mövzular yaranır və bu mövzular yığıldıqdan sonra Putin-Ərdoğan görüşü keçirilir və tərəflər razılığa gəlirlər. Məncə, biz bu siyasi üsluba öyrəşməliyik. Yəni ölkələr arasında regional-siyasi maraqlar uğrunda oyun gedir.
Mən yaxın dövrdə regionumuzda gərginlik gözləmirəm. Əslində, Rusiya və Türkiyə yeni üslub seçiblər. Bir-birinə qarşı güc tətbiq etməyi deyil, hansısa nəticə əldə edilməsinin tərəfdarı kimi çıxış edirlər. Və buna da nail ola bilirlər. Suriya, Əfqanıstan, Liviya kimi məsələlər var. Elə Qarabağ mövzusunu da bura aid etmək olar. Amma nəticədə tərəflər razılığa gəlirlər. Hesab edirəm ki, bu mərhələdə də razılığa gələ biləcəklər.
Türkiyənin xarici siyasətinin əsas tezislərindən biri ondan ibarətdir ki, Türkiyə-Rusiya əlaqələrini Qərblə idarə edir və ya əksinə, Qərb-Türkiyə əlaqələrini Rusiya ilə idarə edir. Bu, mürəkkəb sistemdir və Türkiyə indi dünyada özü üçün yeni yol təsbit edir.
скачать dle 12.1