Bia.Az

Baş konsulumuz qaş düzəltiyi yerdə... - vurdu göz çıxardı...

Gündəm
 23-03-2020, 09:00     458

Baş konsulumuz qaş düzəltiyi yerdə... - vurdu göz çıxardı...

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qaş düzəldərkən vurub göz çıxarıb.

bia.az Ovqat.com-a istinadən xəbər verir ki, İstanbul hava limanında çarəsiz vəziyyətdə qalan azərbaycanlı tələbələri 3-4 avtobusa doldurub Naxçıvana yola salan Baş Konsulluğun bu “uzaqgörənliyi” həm hökumət, həm də təxliyə olunan vətəndaşlar üçün əlavə problemə səbəb olub. Üstəlik, təxliyə olunanlardan bəzilərinin koronavirusa yaxalanma ehtimalı Muxtar Respublika hökumətinin bəndi-bərəni bağlayaraq izoliyasiya tədbirlərinin nəticələrini də heçə uğrada bilər.

Məsələ burasındadır ki, İstanbuldakı Baş Konsulluğun bu canıyananlığından bir neçə saat sonra AZAL İstanbulda çarəsiz vəziyyətdə qalan vətəndaşlarımızın təxliyəsi üçün çarter reysləri ayırmışdı. Tələbələr həmin vaxt hava limanında olsaydılar, bəlkə də onlar rahatlıqla Azərbaycana gətirilə bilərdilər. İndisə onlar Naxçıvan ilə sərhədləri bağlanan Türkiyənin ucqar bir rayonunda sərhədlərin açılacağı günü gözləməlidirlər. Sərhədlər isə nə zaman açılacaq, bəlli deyil. Prezident Rəcəb Tayib Ərdoğan demişkən, Türkiyənin çadır dövləti olmadığını, qanunlarla idarə olunduğunu nəzərə alsaq, İğdırda çarəsiz vəziyyətdə qalan vətəndaşlarımızın köməyinə heç Qarsdakı Baş Konsulluq “xanədanının” “xanı” və “iməclik diplomatı” Nuru Quliyev də çata bilməz.

Baş Konsulluğun qaş düzəldərkən göz çıxarma əməliyyatının zərərçəkmişləri indi onların bu vəziyyətə düşməsinin günahkarını İstanbuldakı diplomatik nümayəndəmiz Məsim Hacıyevdə görürlər. Bir həftə əvvəl Praqadan İstanbula uçan və hava limanında çarəsiz vəziyyətdə qalan Nigar Mübariz də Baş Konsulun bu özbaşınalığının zərərçəkmişlərindəndir. O, mətbuata verdiyi açıqlamada bir həftədir ki, Polşa və Türkiyəni şəhərbəşəhər dolaşmaq məcburiyyətində qalmasının səbəbi barədə danışarkən deyib ki, avtobusları Azərbaycanın İstanbuldakı Konsulluğu təşkil edib və bunun üçün ödəniş tələb edilməyib: "Bizi siyahıya aldılar ki, 3-4 avtobus gəlir, onunla Iğdıra gedin. 150-dən çox adam da əlacsızlıqdan avtobusa mindi. Biz gələndən sonra eşitdik ki, bir çarter reysi gəlibmiş. Bizi konkret aldatdılar".

Nigar Mübarizlə eyni çətin vəziyyətdə qalan vətəndaşlarımızın sayı 163-dir. Onlar indi İğdırda Naxçıvana necə keçəcəklərinin yolunu axtarırlar. Tələsdiklərindən Məsim Hacıyevin təndirinə düşənləri Naxçıvanda kimin qarşılayacağı və onların Bakıya necə göndəriləcəyi də bəlli deyil. Baxmayaraq ki, Azərbaycan XİN-dən vəziyyətin nəzarətdə olduğu barədə nikbin açıqlama verirlər. Amma Türkiyədəki diplomatik nümayəndələrinə belə nəzarət edə bilməyən XİN-in bu təskinliyinə inanmaq olarmı? Zira istanbuldakı Baş Konsulluğa nəzarət edə bilsəydilər və ya aralarında telefon əlaqələri olsaydı, sözsüz ki, İstanbula təyyarə göndərilməsindən bir neçə saat əvvəl Məsim Hacıyevin 163 tələbəni avtobuslara doldurub Naxçıvana yola salınmasından xəbər tutar və qarşısını alardılar.

30 ilə yaxındır ki, Qarabağ konfliktinin mərhələli həlli variantı üzərində baş sındıran XİN deyəsən bu prinsipə elə öyrəşib ki, Türkiyədə təhsil alan tələbələrə də eyni metodu tətbiq etməyə çalışır. Hər halda nazirliyin rəsmi açıqlamaları belə düşünməyə əsas verir. "Bütün müvafiq tədbirlər görülür. Əgər vətəndaşlar İstanbuldan avtobusla çıxarılıblarsa, deməli, o biri tərəfdən də keçiriləcək, karantin qaydalarına da riayət ediləcək, digər məsələlər də mərhələ-mərhələ öz həllini tapacaq”,-nazirlikdən problemlə bağlı açıqlamada belə deyilib.

Yeri gəlmişkən, AZAL-ın tələbələri Azərbaycana gətirmək səyləri də təxliyədən daha çox gözdən pərdə asmağa oxşayır. Nədən ki, indiyədək tələbələrdən yalnız 248 nəfəri İstanbuldan Lənkərana gətirilib. Onların sayı isə minlərlədir. Digər tələbələr hələ də İstanbulda çarəsiz vəziyyətdə təxliyə olunacaqları anı gözləyirlər. Rəsmi dairələrdən onların sualına cavab verən də tapılmır. Baş Konsulluğun qaş düzəltmək əvəzinə göz çıxarmasından sonra bu quruma etibarları qalmayan tələbələr suallarını AZAL-ın İstanbuldakı nümayəndəliyinə yönəldiblər. Aldıqları cavab isə belə olub: "Bu günə də, sabaha da reys yoxdur. Nə vaxt olacağını da bilmirik". //ovqat.com//скачать dle 12.1