Bia.Az

“BAYRAĞIMIZ XANKƏNDİNDƏ QALDIRILACAQ, ŞÜBHƏNİZ OLMASN!” – “Rusiya ilə münasibətləri korlamamalıyıq...”

Gündəm
 2-01-2021, 12:42     312

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev gündəmdə olan mövzulara dair “Yeni Müsavat” qəzetinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

– Qüdrət bəy, uzun müddət ərzində sizin əsas təklifiniz bu idi ki, Azərbaycan söz sahibi olmayan Ermənistanla deyil, Rusiya ilə danışmalıdır. Doğrudan da, nəhayətdə, danışıqlar Azərbaycanla Rusiya arasında getdi. Amma bu gün sanki Rusiya dövləti Putinin şəxsində tamam fərqli mövqe nümayiş etdirir, sülhməramlılar isə fərqli. Sizcə, nə baş verir, Putinin siyasi iradəsinə zidd qüvvələr var?
– Putin çalışır ki, neytral mövqeyini göstərsin. Amma sülhməramlılar da daha çox erməni ictimaiyyətinin etimadını qazanmaq istəyirlər. Həm də döyülmüş tərəfə həmişə simpatiya olur, haqlı döyülsələr belə. Digər tərəfdən, bu gün erməni cəmiyyətində açıq deyilməsə belə, əhali arasında təbliğat işi aparılır, bunlar Rusiyanı xəyanətdə ittiham edirlər ki, biz sizə güvənib torpaqları işğal etmişdik, 1 milyon insanı qovmuşduq, şəhərləri dağıtmışdıq, siz axıra qədər bu cinayətin şəriki olaraq bizimlə qalmalıydınız. Odur ki, Rusiya əleyhinə böyük bir kampaniya aparırlar. Ruslar da çalışırlar bununla göstərsinlər ki, “bax, gördünüz, yenə də sizi biz xilas etdik, əks təqdirdə, bir dövlət kimi mövcud ola bilməzsiniz”. Amma əslində mövcud ola bilərlər, əgər qonşularla normal münasibətlər qursalar. Əgər “Böyük Ermənistan” xülyası, qonşulara qarşı ərazi iddiası ilə çıxış edəcəklərsə, sözsüz ki, bunlar daim əziləcəklər. Əgər sülhməramlılar orada səlahiyyətlərini ciddi şəkildə aşacaqlarsa, onda, əlbəttə ki, biz etiraz etməliyik və etirazlar da olur.
Bununla yanaşı, hər xırda məsələni də şişirtməyin tərəfdarı deyiləm, eyni zamanda hər şeyin birdən-birə rəvan gedəcəyini düşünmək də sadəlövhlük olardı. Orada insan faktoru, xristian həmrəyliyi faktoru var. Erməni lobbisi Rusiyada çox güclüdür. Biz bu müharibə dövründə gördük ki, Putinə hansı böyük təzyiqlər var idi…
– Hesab edirsiniz ki, Putin özü də erməni lobbisinin təzyiqi altındadır?
– Əlbəttə. Erməni lobbisi Rusiya daxilində bir çox dövlət və ictimai xadimləri ələ alıb, hələ xristian həmrəyliyindən çıxış edənləri kənara qoyuram. Dövlətin içindəki o qüvvələr Putinə ciddi təzyiqlər edirdilər ki, müharibəyə tez müdaxilə etsin. Əslində müdrik dövlət adamı kimi Putinin proseslərə tez qarışmaması Rusiya dövlətinin bölgədə mövcudluğunu qoruyub-saxladı, bəlkə də bir az nüfuzunu artırdı. Amma ermənilər müdaxiləni istəyirdilər. Həm də dünyanın böyük güclərindən Putinə təzyiq var idi. Onlar istəyirdilər ki, birinci müharibədə olduğu kimi, yenə də ruslar ermənilərə kömək etsin. Ruslar ermənilərə kömək edəcəyi təqdirdə, onlar da Azərbaycana sanksiya tətbiq edəcəkdilər, açıq formada Ermənistanı müdafiə edib, ona hər cür dəstək verəcəkdilər. Xatırlayın, 90-cı ilin 20 yanvar qırğını zamanı bütün demokratik Qərb Qorbaçovu alqışladı, dedi ki, “çox sağ ol, dini ekstremizmə qarşı çox effektli mübarizə aparırsan”. O vaxt heç kim bizim səsimizə səs vermədi. Yaxud Birinci Qarabağ Müharibəsində. 1992-ci ildə ABŞ bizə sanksiya tətbiq etdi – 907-ci düzəlişi qəbul etdi. Rusiyanın neytrallığı bu dəfə həmin dövlətlərin proseslərə qarışmasının müəyyən mənada qarşısını aldı. Amma Rusiya müdaxilə etsəydi, böyük dövlətlər Rusiya-Ermənistan ittifaqı tərəfindən çıxış edəcəkdi və çalışacaqdılar ki, ermənilərin dediyi kimi, bu dəfə torpaqlarımızı Kürə qədər işğal etsinlər. Ermənilərin bəziləri iddia edirdilər ki, nəinki Kürə, hətta Bakıya qədər gedib çıxacağıq. Ona görə də rusların neytrallığı kənar qüvvələrin də açıq müdaxiləsinin qarşısını aldı. Həm də Prezident hücum əmrini əlverişli beynəlxalq şəraitin olduğu dövrdə vermişdi. Dünya insanının başı həm pandemiyaya qarışmışdı, həm də ABŞ-da seçki prosesləri keçirilirdi, üstəlik, Fransada Makron “sarı gödəkcəlilər”in əlində girinc qalıb. Bu mənada əks-hücum üçün əlverişli bir zaman seçilmişdi. Qardaş Türkiyə Cümhuriyyəti açıq formada Azərbaycanın yanındaydı, dəstəkləyirdi…
Bütün bunları ona görə deyirəm ki, məncə, sülhməramlıların Putindən fərqli addımlar atması əslində çox ciddi xarakter daşımır. İnanmıram ki, onlar Putinin iradəsindən kənar hansısa ciddi addımlar atsınlar. Xırda, bəzi ürəkbulandırıcı hərəkətlər, davranışlar ola bilər. Amma onların əsas məqsədi erməni cəmiyyətinin etimadını qaytarmaqdır. Onlar maraqlıdırlar ki, münaqişənin baş verməsinin əsas səbəbkarı olan erməni icması Azərbaycanda qalsın, yoxsa hamısı qaçıb getmişdilər. Məsələlərin kökündə dayanan əsasən budur.
İstəyirəm, bizim vətəndaşlar bilsin ki, çox ağır dövrlərdə, iqtisadiyyatımızın tamamilə dağıldığı, ordumuzun olmadığı, daxili çəkişmələrin ölkəni didib-dağıtdığı bir vaxtda əgər biz ermənilərin Azərbaycan torpaqlarında ikinci dövlət qurmasına imkan verməmişiksə, indi erməni ekstremizminin, separatçılarının, erməni terrorçularının, faşizminin başını əzəndən sonra kimsə fikirləşirsə ki, Dağlıq Qarabağı bizdən qopara bilərlər, bu, məsələyə sadəlövh yanaşmadır. Biz ərazi bütövlüyümüzü tam bərpa edəcəyik, buna əminəm.
– Konkretləşdirsək, biz dövlət və millət olaraq Xankəndində olacağıq, eləmi?
– Bizim bayrağımız Xankəndində qaldırılacaq, mənim buna heç bir şübhəm yoxdur və istəyirəm ki, heç kim də şübhə eləməsin.
– Sülhməramlıların bölgədə olduğu durumda Xocavənd ərazisində ikinci terror hücumu oldu, şəhidlər verdik. Bəs bu kimi hadisələri necə qiymətləndirmək olar?
– Bu cür terror hadisələri yenə ola bilər, yenə şəhidlər verə bilərik. Amma bu kimi terror aktları vəziyyəti köklü şəkildə dəyişməyəcək. Əgər atəşkəs pozulsa, yeni müharibə başlasa, bu, Rusiyanın da nüfuzuna böyük bir zərbədir. Ona görə də Putin deyirdi ki, əgər kimsə revanş barədə düşünürsə, bu, əslində revanş yox, özünə sui-qəsd olacaq. O baxımdan hesab edirəm ki, kiçik insidentlər olacaq. Çox təəssüf ki, bəzən bu hadisələr bizim əsgərlərimizin qanı bahasına başa gəlir. Amma müharibədir və hələ atəşkəs haqqında birgə bəyanat imzalanıb, ortada sülh sazişi yoxdur. Ona görə də belə hallar olacaq, lakin zamanla öz həllini tapacaq.
– Bundan sonrakı dönəmdə hansı preventiv addımların atılmasını vacib sayırsınız?
– Bundan sonra qarşıda duran əsas məqsəd ondan ibarətdir ki, Türkiyə çalışmalıdır və biz də Ermənistana təzyiq etmələri üçün beynəlxalq güclərlə iş aparmalıyıq. Elə Türkiyə Rusiyaya təsir göstərməlidir ki, Ermənistanla sülh sazişi imzalayaq, ilk öncə Türkiyə, sonra biz. Ermənistanla Türkiyə arasında iqtisadi əlaqələr, kommunikasiyalar tam bərpa olunandan sonra, hesab edirəm ki, burada da ermənilərin hüquqları bizim digər vətəndaşlarımız kimi qorunacaq. Ticarət əlaqələri, insani əlaqələr bərpa olunandan sonra ermənilərin içərisində 5-10 ağıllı adam var ki, onlar da bu müharibənin vaxtilə SSRİ-ni dağıtmaq üçün erməni diasporunun xarici qüvvələrin əli ilə kənardan qızışdırdığını başa düşürlər. İndi də onlar təhlükəsiz Avropada oturublar, uşaqları ölmür, özləri zərər çəkmir. Amma onlar deyirlər, “siz gedin, “Böyük Ermənistan” qurun, biz də bununla fəxr edək”.
– Sosial şəbəkələrdə son təxribatlar çox geniş müzakirə olunur. Bir çoxları Azərbaycan Ordusunun Xankəndi daxil olmaqla, ermənilərin mövcud olduğu digər ərazilərdə antiterror əməliyyatı aparmasını zəruri sayırlar. Siz bununla bağlı nə düşünürsünüz?
– Yox, bu, mümkünsüzdür. Rusiya sülhməramlıları oradadır və bu, Azərbaycanla Rusiya arasında münasibətlərin tam pozulmasına gətirib çıxara bilər. Birgə bəyanatın şərtlərinə görə, sülhməramlılar bölgəyə girəndən sonra Xankəndindəki erməni silahlılar oradan çıxarılmalı idi. “Erməni silahlı qüvvələri” deyiləndə həm də Dağlıq Qarabağda yaradılan “özünümüdafiə batalyonları”ndan söhbət gedir. Ruslar indi onu başqa cür təqdim etməyə çalışırlar ki, biz demişdik, təmas xətti haradadırsa, hərbi qüvvələr orada dayanmalıdır. Bu da o deməkdir ki, digər tərəfdə qüvvələr olmalıdır. Amma bu, həmin müddəanın kökündən yanlış təfsiriydi. Hesab edirəm, Rusiya deyirsə ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, deməli, bizim dövlətin ərazisində ikinci bir silahlı qüvvə ola bilməz.
Həmçinin “bayraq” adlandırılan əski parçaları da ordan yığışdırılmalıdır. Yaxud deyilir ki, buranın statusu müəyyən olunmayıb. Status müəyyən olunmayıbsa, erməni necə orda bayraq qaldıra bilər? Statusu bəlli olmayan bir qurumun başçısı ilə bunlar necə gedib hansısa bir “bayraq” altında qucalaşıb-öpüşürlər? Bəlkə, gələcəkdə ermənilər deyəcək ki, bizə mədəni muxtariyyət verin, yaxud deyəcəklər bizə heç mədəni muxtariyyət də lazım deyil, hamı necə, biz də elə yaşayırıq?!
– Cəmi 50-60 min əhalidir, yaşamaq istəyir, yaşasın…
– Ölkənin Ali Baş Komandanı deyir ki, status veriləcək-verilməyəcək, buna gələcəkdə baxıla bilər. Belə olduğu halda, sən necə deyə bilərsən ki, burada tanınmamış respublika var, bu, faktdır və biz də bu faktla barışırıq, onunla əməkdaşlıq edirik?
Əslində bu, yenə də 10 noyabr bəyanatının kobud şəkildə pozulmasıdır. Ona görə də Azərbaycan bunu qarşıdurmaya çevirmədən həll etməlidir. Biz Rusiya ilə münasibətləri korlamamalıyıq. Həmişə demişəm, orada 2 milyon azərbaycanlı yaşayır, onlar işləyib, bura pul göndərirlər. Bizdə sosial gərginliyin aşağı olmasının bir səbəbi də odur ki, xaricdən hər il milyard dollardan artıq vəsait gəlir. Bəlkə də iki milyarddır bu məbləğ, mən rəsmi köçürmələri deyirəm hələ. Bu vəsait də ancaq kasıb ailələrə gedir və bazara çıxır. Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlını da düşünməliyik. Üstəlik, bizim kənd təsərrüfatı məhsulları üçün Rusiya böyük bir bazardır. Haradan tapacağıq o bazarı? Ona görə də biz Rusiya ilə sadəcə olaraq danışmalıyıq. Necə ki, mən hər zaman deyirdim: danışmalıyıq. O vaxta qədər danışmalıyıq ki, biz Rusiyanı inandıraq. Düşünməsin ki, onun burada mövcudluğu yalnız hərbi iştirakla müəyyən olunur. Yəni Rusiya gəlsin, buraya investisiya qoysun, biz Rusiyaya investisiya yatıraq, ciddi iqtisadi, siyasi, mədəni bağlar yaransın. Yəni Rusiyada bir qrup insan yalnız belə düşünür ki, əgər istəyiriksə Rusiyanın mövcud maraqları, mövcudluğu bu bölgədə təmin olunsun, orada mütləq ordumuz olmalıdır. Bax, Rusiyanı buna inandırmalıyıq, ikitərəfli müqavilələr bağlamaqla, dövlət səviyyəsində müəyyən təminatlar verməklə. İnandırmalıyıq ki, Rusiya maraqlı olsun və biz bu münaqişəni çözək. Yoxsa Rusiya yenə də düşünsə ki, onun bölgədə mövcudluğu üçün hərbi iştirak lazımdır – hərbi iştirak da bu münaqişə davam etdikcə mümkün ola bilər – onda Rusiya bu münaqişənin sona qədər çözülməsinə imkan verməyəcək. Amma biz bölgədə həm Ermənistan, həm Rusiyanın marağını nəzərə ala bilərik. Rusiya ilə sıx iqtisadi, siyasi, mədəni əlaqələr qurmaqla… Həmçinin Rusiyanı inandırmalıyıq ki, Moskva Ermənistanla olan problemləri yoluna qoymağa imkan versin. Bu yaxınlarda jurnalistlərdən biri məndən soruşmuşdu ki, bizim Ermənistanla sülh sazişi imzalamağımızı mümkün sayırsınızmı? Demişdim ki, bu, nə Ermənistandan, nə də bizdən asılıdır, bu, daha çox Rusiyadan asılıdır. Əgər Rusiya istəsə, bu sülh olacaq. Yox, əgər istəməsə, sülh alınmayacaq. Əgər Ermənistandakı siyasi elita hiss eləsə ki, Rusiya sülhdə maraqlı deyil, onlar, sözsüz, buna getməyəcəklər.
– Necə bilirsiniz, indiki durumda Rusiyaya növbəti müharibə lazımdır, yoxsa sülhün mövcudluğunda maraqlıdır?
– Rusiya hazırda böyük təzyiqlərlə üz-üzədir, ciddi sanksiyalar tətbiq olunub. Bu mərhələdə Rusiyaya lazım idi ki, o, dünyada əsas söz sahibi olduğunu beynəlxalq aləmə və istəyəndə sülhə töhfə verə bildiyini nümayiş etdirsin. Ona görə də hazırda Rusiya Qarabağda atəşkəsin pozulmasında, yenidən qanlı müharibənin başlanmasında maraqlı deyil. O bilir ki, belə olan təqdirdə Ermənistan tərəfdən müharibəyə qatılsa, Türkiyə də Azərbaycana dəstək verəcək. Bilir ki, Ərdoğan xarizmatik liderdir və o, sözündən geri çəkilməyəcək. Ərdoğan NATO üzvü ola-ola Rusiyaya dedi ki, mən səndən silah alıram, buna görə az qala Alyansdakı hərbi-siyasi müttəfiqləri ilə münasibətləri korlanır, amma sözündən imtina etmədi. Azərbaycana münasibətdə də cənab Ərdoğan deyib ki, Azərbaycanın ərazi bütövlüyü mənim üçün qırmızı xətdir və babamın oğlu olsa belə, heç kimə keçmərəm. Putin çox gözəl başa düşür və Ərdoğanın xarakterini də gözəl bilir. Bütün bunlar təsdiq edir ki, müharibənin miqyası genişlənsə, Türkiyə münaqişəyə birmənalı şəkildə qatılacaq.скачать dle 12.1