Bia.Az

TÜRK İTTİFAQI REGİONU NƏZARƏTƏ ALIR... - Dünyada da əsas güclərdən birinə çevirə bilər

Gündəm
 2-01-2021, 12:39     65

Naxçıvan dəhlizinin açılmasıyla Türk İttifaqı Cənubi Qafqazda hegemonluğunu rəsmiləşdirmiş olacaq...

Son illərdə adətən, Türkiyə və Azərbaycanın birliyindən danışılırdı. Müxtəlif təkliflər edilirdi, bu mövzuda ideyalar irəli sürülürdü. Əsas məzmun da Türkiyə və Azərbaycanın öz hərbi-siyasi güclərini birləşdirəcəyi təqdirdə, böyük uğurların qaçılmaz ola biləcəyi ilə bağlı idi.
Əslində, tamamilə haqlı təkliflər olduğu qətiyyən şübhə doğurmurdu. Sadəcə, dünyada bəzi siyasi iradə mərkəzləri belə bir Türk ortaqlıq modelindən xoflanırdılar, buna müqavimət göstərməyə çalışırdılar. Baş tutmaması üçün əllərindən gələn hər şeyi edirdilər.

Onlar da öz maraqları baxımından, haqsız sayılmazlar. Çünki, zaman və reallıq Türk ortaqlıq modelinin nələrə qadir olduğunu bütün dünyaya göstərdi.
Əngəlləməyə çalışsalar da, bacarmadılar. Türk ortaqlıq modeli ilk mərhələdə böyük uğurlar qazandı. Və 2020-ci il dünya üçün rəsmən elan edilməsə belə, Türk ili, Türkün ili oldu.
Uzun illər boyunca haqqında danışılan Türkiyə-Azərbaycan İttifaqı rəsmən səhnəyə çıxdı. Bütün dünyaya öz gücünü və sahib olduğu hərbi-siyasi və iqtisadi potensialını göstərdi. Və dünyanı özünün həyətyanı sahəsi hesab edənlərin bu yeni güc mərkəzi ilə hesablaşmağın qaçılmaz olduğunu təsdiqlədi.
Halbuki, bəziləri fərqli planlar qurmuşdular, fərqli hesablara baş vurmuşdular. Ötən ilin iyul ayında Cənubi Qafqazda özlərinə sərfəli geopolitik oyun qaydalarının tətbiqinə can atırdılar. Ənənəvi "erməni kartı" ilə Azərbaycanı vurmaqla, regionda özlərinin nəzarət edə biləcəyi fərqli situasiyanın yaradılmasına çalışırdılar. Ancaq olmadı, baş tutmadı. Azərbaycan erməni təxribatları qarşısında geri çəkilmədi, tərəddüd etmədən əks zərbə ilə güc mərkəzinin fərqli tərəfdə olduğunu göstərdi.

Avqust ayında isə Türkiyə-Azərbaycan İttifaqı rəsmən dünya səhnəsinə çıxarıldı. Türk İttifaqının ortaq hərbi təlimləri ilə hər kəsə xəbərdarlıq mesajı verildi. Hər kəsin həddini bilməsi məsləhət görüldü.
Deyəsən, Türk İttifaqının bu mesajına lazımı qədər həssas yanaşmadılar. Bir daha sınaqdan çıxartmaq qərarına gəldilər. Və cəmisi 44 gün ərzində əllərində-ovuclarında olan hər şey, həmişəlik itirdilər.
Cənubi Qafqazda yeni situasiyanın yaranması ilə barışmalı oldular. Artıq bu regionun tamamilə Türk İttifaqının hegemonluğu altına keçməsinə şahidlik etdilər. Və hər şey dəyişdi, yeni dövr başlandı.
Belə ki, Cənubi Qafqazın Türk İttifaqının məkanı olduğu hazırda birmənalı şəkildə hər kəsin qəbul etmək məcburiyyətində olduğu yeni dövrün reallığıdır. Bu reallığı heç kim inkar edə bilməz, cəhd etsə belə, gücü yetməz.
İndi Türk İttifaqı üçün yeni mərhələ başlayıb. Belə ki, ittifaq şəriksiz hegemonluq hüququ qazandığı regionda öz hərbi-siyasi gücünü paylaşdırıb, yerləşdirməklə məşğuldur.


Ötən ilin son günündə Türkiyənin ən nüfuzlu dövlət xadimlərindən biri - qardaş ölkənin milli müdafiə naziri Hülusi Akar Bakıya gəldi. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Və bütün dünyaya növbəti mesaj verilmiş oldu.
Böyük ehtimalla bu görüşdə ötən ildə görülən işlər müzakirə edildi, qarşıda olan hədəflər dəqiqləşdirildi. Belə görünür ki, Türk İttifaqı arxayınlaşmaq, dayanıb, gözləmək niyyətində deyil. Əksinə, öz uğurlarının daha da dərinləşdirilməsi istiqamətində növbəti addımların atılmasına hazırlaşır.
Qarşıda isə görüləcək işlər kifayət qədərdir, hədəflər yetərincədir. Azərbaycan Prezidenti onlardan birini şəxsən açıqladı. Türkiyə hərbçilərinin yaxın iki həftə ərzində öz səlahiyyətlərinin icrasına başlayacağını bildirdi.
Belə anlaşılır ki, 2021-ci il də bütövlükdə Türk ili, Türkün ili olacaq. Çünki, ilk mərhələdə bu ittifaq daha çox siyasi-diplomatik sahədə qüvvələrini birləşdirə bildi. İkinci mərhələdə daha təsirli və konkret addımların atılması qaçılmaz ola bilər.
Məsələ ondadır ki, indi Türk İttifaqı üçün əsas hədəflərdən biri məhz regionda hərbi-siyasi cəhətdən yerləşməkdir. Bu baxımdan, Türkiyə hərbçilərinin Qarabağ bölgəsində fəaliyyətə başlamasının yeni mərhələyə keçid dövrü olacağı qətiyyən şübhə doğurmur.

BirincisiTürkiyə ordusu nəhayət ki, Azərbaycanda rəsmən mövcud olmaq hüququ qazanacaqlar. Bu, digərləri üçün davranış məhdudiyyətləri yaradacaq. Hər halda, Rusiya sülhməramlı qüvvələri üçün təkbaşına qərar qəbul etmək dövrü sona çatacaq. Və bölgədə atılacaq addımların Türkiyənin narazılığına səbəb olmaması ilə bağlı həssaslıq göstərmək lazım gələcək.
Onu da qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin son vaxtlar yol verdikləri bəzi davranışlar birmənalı qarşılanmır. Xüsusilə də, Rusiya sülhməramlı qüvvələrinin komandanı R.Muradovun tez-tez Qarabağ separatçısı Araik Arutyunyan ilə görüşməsi, hətta onunla qucaqlaşaraq, fotolar çəkdirməsi qətiyyən xoş görüntülər deyil. Bu, yalnız Azərbaycanda deyil, hətta Rusiya belə, bir çoxlarında haqlı təəccüb doğurur.

Son vaxtlar Rusiya sülhməramlı qüvvələrinin bəzi zabitlərinin separaçılarla tort yeməsi isə sosial şəbəkələrdə geniş müzakirə mövzusudur. Bu, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə müəyyən şübhələr yaratmamış deyil.
Təbii ki, Türkiyə hərbçilərinin bölgədə rəsmən yerləşməsindən sonra belə davranışlar o qədər də asan olmayacaq. Böyük ehtimalla separatçı tortlarının dadı tezliklə dəyişəcək, onun tikələri bəzilərinin mütləq boğazında qalacaq, vərdiş etdikləri rahatlıqla uda bilməyəcəklər.
Türkiyə hərbçiləri Azərbaycan ilə ortaqlaşaraq, bölgədə həm erməni terrorçulara, həm də terrorçu və separatçını dinc sakin ilə ayırd edə bilməyənlərə nəzarət edəcəklər. Yəni hər kəs öz həddini, səlahiyyət çərçivəsini bilmək məcburiyyətində qalacaq.

Digər tərəfdən, bütün bunların ardınca Azərbaycanda Türkiyə hərbi bazalarının qurula biləcəyi də qətiyyən istisna deyil. Tezliklə Türkiyə-Azərbaycan İttifaqı belə bir rəsmi qərar qəbul etsə, qətiyyən təəccüb doğurmaz.
Məsələ ondadır ki, belə qərarların qəbul edilməsi Azərbaycan dövlətinin suveren hüquqları çərçivəsinə daxildir. Və heç kimin buna etiraz etmək, müqavimət göstərmək hüququ yoxdur.
Hətta Rusiyada belə, artıq rəsmi Bakının Azərbaycan-Türkiyə strateji müttəfiqliyi çərçivəsində qəbul edə biləcəyi qərarlara hörmətlə yanaşmağın vacibliyi etiraf edilməyə başlayıb. Buna misal olaraq, prezident Vladimir Putinin Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin yeni geopolitik situasiyanın yaratdığı şərtlərdən qaynaqlandığını vurğulamasını göstərmək olar.
Yəni, Türk İttifaqına müqavimət göstərməyin tamamilə yersiz və təsirsiz davranış olduğunu artıq hər kəs anlamağa başlayıb. Geopolitik maraqlar baxımından, hazırda Türk İttifaqına müqavimət göstərmək əvəzinə bu birliklə əməkdaşlıq etmək daha sərfəli perspektivlər vəd edə bilər. Və anlaşılan odur ki, Kremldə sərfəli perspektivlərə daha çox üstünlük vermək niyyəti ön planda tutulmaqdadır.

Onu da qeyd edək ki, Türk İttifaqı üçün ən önəmli mərhələ Naxçıvan dəhlizinin açılmasıyla başlayacaq. Bu mərhələ Türk İttifaqının Cənubi Qafqazda hegemonluğunu rəsmiləşdirmiş olacaq. Avropa və Asiyanı birləşdirəcək Naxçıvan dəhlizinin fəaliyyətə başlaması, Cənubi Qafqaza nəzarət edən ittifaqın əlini daha da gücləndirəcək.
Hər iki qitəni bir çox taleyüklü sahələr üzrə bu ittifaqdan asılı vəziyyətə salacaq. Və bütün bunlar yaxın gələcəkdə tərkibinin daha da genişlənəcəyi ehtimal olunan Türk İttifaqına dünyada əsas siyasi iradə sahiblərindən birinə çevrilmək şansı qazandıra bilər. (musavat.com)скачать dle 12.1