Bia.Az

DİPLOMATİYAMIZIN FRANSA UĞURSUZLUĞU – Səfirliklərimizdə “Elmar Məmmədyarov ab-havası” nə vaxt dağılacaq?...

Gündəm
 27-11-2020, 14:30     290

Fransa Senatının məlum ermənipərəst qətnaməsi Azərbaycanın diplomatik korpusunun uzun illərdən bəri xüsusilə Avropadakı fəaliyyətinin effektivliyilə bağlı ciddi və kəskin suallar yaradır. Fransanın ümumilikdə dövlət, cəmiyyət, hökumət olaraq hər zaman ermənipərəst olması yeni xəbər deyil və onun bugünkü mövqeyi də gözlənilən hesab edilə bilər. Lakin bunun Azərbaycan üçün xoşagəlməz nəticələr yaratmasında xarici siyasət idarəmizin, diplomatik korpusumuzun heç bir günahının olmadığını söyləmək də doğru olmaz.

Məlum olduğu kimi, Senatın məlum qətnaməsinin lehinə 306, əleyhinə isə cəmi bir senator səs verib ki, bu da Fransa-Azərbaycan dostluq qrupunun sədr müavini, xanım Silvia Gua-Çavindir. Ancaq nəzərə almaq lazımdır ki, hər halda, sözügedən dostluq qrupunun 20-yə yaxın üzvü var. Belə çıxır ki, nəinki həmin qrupun tez-tez Azərbaycana kef-damaq içində səfər edən və hökumətimizin hər zaman “qulluğunda” durduğu sıravi üzvləri, heç sədri də bu qətnamənin əleyhinə səs verməyib. Bəs onda kimə, nəyə lazım idi bu qrup, niyə bu illər ərzində Azərbaycan tərəfi onun üzvlərinin “qulluğunda” durmalı idi?
Təbii ki, Azərbaycanın Fransaya müsbət münasibəti təkcə məlum dostluq qrupuyla məhdudlaşmır. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Təkcə 2018-ci ilin iyununda ölkə başçısının Parisə səfəri zamanı aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlərdə 2,2 milyard dollarlıq anlaşmalar imzalanıb. Azərbaycan dövləti Fransada çoxsaylı mədəni layihələr icra edib.
Fransa öz fransızlığında qalsın, bəs bizim bu ölkədəki və ümumilikdə Avropadakı diplomatik korpusumuz öz işinin öhdəsindən gəlibmi?
Doğrudur, Senatın qəbul etdiyi bu qətnamə siyasi sənəddir və onun heç bir hüququ qüvvəsi yoxdur. Lakin bu “kağız parçası” həm də Fransanın siyasi elitasında həmrəyliyin göstəricisidir. Azərbaycana qarşı belə bir həmrəyliyin yaranması isə bizim diplomatiyanın, xüsusilə də Fransadakı səfirliyimizin ciddi uğursuzluğudur. Məlum olduğu kimi, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib. Onun səfir kimi vəzifəsi ölkəmizin mövqeyini ən yüksək səviyyədə çatdırmaq və senatorları Azərbaycanın haqlı mövqeyinə inandırmaq idi. Səfirimizin bu vəzifənin öhdəsindən necə gəldiyi isə səsvermənin nəticəsindən bəllidir – 305 səs lehinə, 1 səs əleyhinə. Belə çıxır ki, səfir öz çıxışıyla yalnız bir xanım senatoru inandıra bilib ki, Azərbaycan Fransa üçün önəmli ölkədir və Qarabağ məsələsində tam haqlı tərəfdir. Onu da nəzərə alaq ki, 306 senatorun arasında müsəlmanlar da olmamış deyil...

Əlbəttə ki, bu məsələdə tək səfirin həlledici rol oynadığı qənaətindən çox-çox uzağıq. Lakin hər halda, Fransadakı diplomatik korpusumuz təkcə son günlərdə deyil, ümumilikdə fəaliyyəti dövründə effektiv, səmərəli işləsəydi, ötən günkü səsvermənin nəticələri bu dərəcədə də biabırçı olmazdı – 305 səsə qarşı cəmi 1 səs...
Ümumiyyətlə, bir çox mütəxəssislərin də bildirdiyi kimi, diplomatiya sahəsində görüləcək işlər hələ olduqca çoxdur və kadr məsələlərində ciddi, radikal dəyişikliklərə ehtiyac var. Çünki xüsusilə də Qərb ölkələrindəki səfirliklərimizdə “Elmar Məmmədyarov ab-havası”nın hələ də güclü olduğu qənaəti mövcuddur. 
Təcrübə isə göstərir ki, təslimçilik, qorxaqlıq, kimlərəsə xoş gəlmək istəyi, qətiyyətsizlik, kosmopolitizm üzərində qurulan müdafiə diplomatiyası ilə heç nəyə nail olmaq mümkün deyil. Və Fransa Senatının yanaşması da bunun bariz nümunəsidir.
Yeri gəlmişkən, R.Mustafayev E.Məmmədyarov nazir olandan sonra, 2006-cı ildən başlayaraq, Xarici İşlər Nazirliyi sistemində işə başlayıb. 2017-ci ildə Fransaya səfir göndərilməzdən əvvəl isə Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri olub...

Digər yandan təəssüf ki, diplomatiyamız müharibə ərəfəsində, onun gedişində və müharibədən sonra da əsasən Türkiyə və Rusiya təmaslarına üstünlük verərək, digər istiqamətlərə bir o qədər əhəmiyyət vermədi. İndi isə həmin əhəmiyyətsiz saydığımız istiqamətlərdən Azərbaycana qarşı siyasi hücumlar və təxribatlar baş qaldırmaqdadır.
Belə ki, Fransanın ardınca Belçikada da oxşar sənədin qəbulu gözlənilir. Hələ sırada Yunanıstan və digər bu qəbildən olan ölkələr var. Bu isə Azərbaycan üçün olduqca xoşagəlməz və təhlükəli tendensiyanın başlanğıcı deməkdir. 
Odur ki, bu qətnaməyə “əşşi” deyib əl silkələmək və “boş şey” hesab etmək qətiyyən doğru deyil. Və çoxlarının görmədiyi bir məqamı da nəzərdən qaçırmaq olmaz – bu qətnamə və onun ardınca digər bəzi ölkələrin də oxşar addımları atması perspektivi Fransa və Ermənistandan da daha çox bölgəyə “sülhməramlı” adı altında gələn ölkənin əlini gücləndirir...
Nəhayət, yaranan bu durumu böyük fəlakət hesab etmək doğru olmaz. Lakin hər halda, bu ciddi diplomatik uğursuzluqdan vaxtında nəticə çıxarmaq, diplomatik korpuslarda yeni siyasi situasiyaya uyğun islahatlar aparmaq, hətta bu sahədə yeni siyasi kurs hazırlamaq lazımdır. Əks halda, döyüş meydanında qazandığımız möhtəşəm qələbəmizə qarğa-quzğun kimi çökmək istəyənlərin öz çirkin niyyətlərinə çatmasına şərait yaratmış olarıq.скачать dle 12.1