Bia.Az

“ERMƏNİLƏRİN RAYONLARDAN ÇIXACAQLARINA ŞÜBHƏM YOXDUR” – “Nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli müharibə bitməyib”

Gündəm
 18-11-2020, 16:10     26

“Milli birliyimizi qorumalı və birgə hərəkəti davam etdirməliyik”

İki aya yaxındır ki, dünya mediasını, aparıcı siyasi və hərbi analitiklərin gündəmini Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı hərbi əməliyyatlar tutur. Azərbaycanın qələbəsi və imzalanan razılaşma müxtəlif istiqamətlərdə təhlil olunur.

“AzPolitika.info” bu mövzunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, siyasi şərhçi Arif Əliyevlə müzakirə edib:
- Arif müəllim, Azərbaycan böyük qələbə qazanıb, işğal olunan ərazilərimizin böyük hissəsini işğaldan azad edib. Hazırda gündəmdə siyasi-diplomatik həll məsələsi durur. Siz indiyə qədər gedilən yolu və əldə olunan nəticələri necə qiymətləndirirsiniz?
- Müharibənin başlanılması kifayət qədər gözlənilməz oldu. Baxmayaraq ki, 27 sentyabra qədər bir neçə toqquşma olmuşdu. Amma belə genişmiqyaslı əks-hücum əməliyyatının başlanacağına əksəriyyətimiz inanmırdıq. Xatırlayırsınızsa, ordumuzun vəziyyətinə dair fərqli yanaşmalar, hətta tənqidlər vardı. Sözsüz ki, belə bir çətin dövrdə, yüzlərlə amilin içərisində müharibə addımı atmaq böyük siyasi iradə tələb edirdi. Düşünürəm ki, Azərbaycan rəhbərliyi müharibə üçün çox uğurlu zaman seçdi, ortaya lazım olandan da artıq qətiyyət qoydu, kifayət qədər güclü dövlətlərlə anlaşıqlı vəziyyət yaratdı. Açığını deyim ki, ordumuzun durumu da təəccübləndirəcək dərəcədə müsbət oldu. Müharibə 44 gün çəkdi. Bütün ciddi ekspertlər, hərbi araşdırmaçılar qeyd edirlər ki, Azərbaycan Ordusu özünü XXI əsrin ordusu kimi göstərdi, buna xas hərəkət nümayiş etdirdi. Öz vəzifəsini həm yüksək texnologiya, həm döyüş hazırlığı, həm də taktika baxımından mükəmməl şəkildə yerinə yetirdi. Bunlar açıq etiraf olunur.
Eyni zamanda, informasiya sahəsində dayanıqlı vəziyyət nümayiş etdirildi, uğurlu addımların şahidi olduq. Qeyd edə bilərəm ki, informasiya sahəsindəki uğurun minimum 50 faizi Prezident Əliyevin və köməkçisi Hikmət Hacıyevin ayağına yazılmalıdır. Biz, media olaraq bu prosesdə çox böyük uğurlarla öyünə bilmərik.
İkincisi, bizim sosial şəbəkə əhlinin müharibə dövründə fəallaşması, yeni-yeni “Teleqram” kanallarının yaranması, resursların sürətlə üzə çıxması əhəmiyyətli rol oynadı. Qeyd edilən uğurlar, bizim sona qədər gedəcəyimiz haqda bəyanatlar, ordumuzun sürətlə irəliləməsi cəmiyyətdə böyük gözləntilər yaratdı və biz, bu məsələnin birdəfəlik həllinə yaxın olduğumuzu düşündük. Amma sonda baş verən hadisələr, prosesə başqa dövlətlərin qarışması yeni bir reallıq yaratdı. Düşünürəm ki, biz hələ bu problemin həlli üçün işləməli olacağıq. Sözsüz ki, yeddi rayonu və Şuşanı qaytarmışıq, status məsələsinin əvvəlki formada qoyuluşu ortada yoxdur, qaçqınların geri qayıtması problemi bilavasitə həll nöqtəsinə yaxınlaşır. Amma qarşıda görüləcək işlər hələ çoxdur. 
- Rusiyanın prosesə müdaxiləsini müşahidə etdik. Sizcə, Rusiya son nəticədə öz məqsədlərinə nal oldumu?
- XXI əsrin müharibələr tarixinə, məsələn, 2001-ci ildə Balkanlarda gedən müharibənin son mərhələsinə, ərəb və Asiya ölkələrində olan müharibələrə baxaq. Burada biz iki kiçik ölkənin bir-biri ilə uzun müddət müharibə etməsinə və ona böyük dövlətlərin qarışmamasına rast gələ bilmərik. Hətta Azərbaycan-Ermənistan müharibəsi birinci müharibə idi ki, uzun müddət qarşı-qarşıya davam etdi. Belə düşüncə var idi ki, əvvəl-axır böyük dövlətlər bu prosesə qarışacaqlar. Mən Rusiyanı nəzərdə tuturam. Bu dövlətlərin bölgədə öz maraqları var.
Həm də Azərbaycanın bu müharibədən yüz faiz qalib çıxması regionda çox şeyi dəyişə bilərdi - siyasi münasibətləri və digər istiqamətləri. Belə bir mərhələdə təəccüblü o idi ki, Rusiya proseslərə uzun müddət təmkinlə yanaşırdı. Düzdür, bunun səbəbləri var, bəzi şərhçilərə görə, Rusiyanın sakit davranışı Ermənistana dərs vermək istəyindən, eyni zamanda Azərbaycanla kifayət qədər ortaq strateji maraqlarının olmasından doğa bilərdi. Əslində, 3 ay əvvəl bu ölkədə heç sorğu keçirməyə də ehtiyac yox idi, kimdən soruşsan deyəcəkdi ki, Qarabağın açarı Rusiyanın əlindədir. Sonda Ermənistanın tam məğlubiyyəti mərhələsində Rusiya müharibəni dayandırmaq üçün gedişlər etdi. Bunlar o dərəcədə ciddi gedişlər oldu ki, bir gün ərzində vəziyyət dəyişdi. İndi bundan narazı olanlar da, bunun qaçılmaz olduğunu deyənlər də var.
Ermənilərin etirafına görə, Azərbaycan ordusu Xankəndinin 2 kilometrliyində idi, bəlkə də bir gün bəs edərdi ki, ermənilərin əsas ordusu mühasirəyə düşsün və hər şey bununla tam həll olunsun. Biz bir şeydə razılaşmalıyıq ki, heç bir dövlətin rəhbəri qələbə ovcunun içində olduğu vəziyyətdə məsələnin bir hissəsinin həll edilməmiş saxlanmasını istəməz. Görünür, situasiya mürəkkəb olub, elə şərait yaranıb ki, cəmiyyətin özü üçün gözlənilməz olan bu qərar bir gündə qəbul edilib. Əlbəttə, biz burada əlavə faktorlardan danışa bilərik. Ancaq görünür, bütövlükdə götürdükdə həmin gecə məlum qərar güclü faktorlar qarşısında qəbul edilib. Bununla da biz problemin tam həlli prosesini uzatmağa məcbur olmuşuq.
- Sizcə, regiona sülhməramlıların gəlməsinin bizim üçün hansı mənfi və əgər varsa, müsbət tərəfləri mövcuddur?
- Müsbət və ya ziyanlı tərəfləri deyəndə nəzərə almalıyıq ki, sülhməramlılar artıq gəliblər. Onları etiraz və ya tənqidlərlə çıxarmaq da mümkün deyil. İndiki şəraitdə biz üç böyük rayonu - Kəlbəcəri, Laçını və Ağdamı, şükürlər olsun ki, qan tökmədən azad edə biləcəyik. Bunlar həm də çox böyük ərazilərdir. Tək Kəlbəcər rayonu bizim nəzarətimizdən kənarda qalan torpaqların yarısından böyükdür. Sülhməramlıların xeyri belə ola bilər ki, biz gələcəkdə diplomatik təmaslar zamanı bu amildən istifadə edə bilərik. Rusiyanın özünün də müəyyən maraqlarının bu prosesdə təmin edilməsi məsələsi ortaya çıxır. Ziyanı odur ki, ölkə ərazisində başqa dövlətin ordusunun olması bir çox narazılıqlar yaradır. Həm də problemi birdəfəlik çözməyə yaxın olduğumuz şəraitdə onun diplomatik həlli məsələləri ilə məşğul olmalıyıq.
- Sizcə, Azərbaycana gəlişi gözlənilən Türkiyə hərbi qüvvələri ehtimal olunan rus təhlükəsini neytrallaşdıra bilərmi?
- Türkiyə bu prosesdə Azərbaycana çox böyük dəstək oldu. İstər diplomatik, istər mənəvi, istərsə də texniki tərəfdən. Bu da Ermənistan və onu dəstəkləyən qüvvələr tərəfindən fərqli yozulmağa başladı. Amma aydındır ki, müharibənin nəticəsi Azərbaycan Ordusunun qələbəsidir. 44 gün müharibə getdi, amma şəhid olanlar arasında nə bir türk əsgərinə, nə də bir ərəb terrorçusuna rast gəlinmədi. Bunlar sadəcə söz yığını idi və bu ittihamların arxasında faktlar yox idi. Azərbaycan Ordusunun və rəhbərliyinin qətiyyətilə qələbə əldə edildi. Böyük dövlətlərin iştirakı olmadan XXI əsrdə hələ belə hadisə baş verməyib. Biz qələbə qazansaq da, anlayırıq ki, dünyanın reallıqları var. Bu reallıq odur ki, rus əsgərinin Azərbaycanda olduğu şəraitdə türk ordusu balans rolunu oynaya bilər. Bir daha qeyd edim ki, heç bir ölkə istəməz ki, onun ərazisində başqa dövlətin ordusu olsun, amma bu şəraitdə Türkiyənin burada iştirakı bizim üçün mühümdür. Əlbəttə, bugünkü vəziyyətə görə, Türkiyə və Rusiya hərbi qüvvələri regionda eyni səviyyədə iştirak etmirlər. Sənədlərdə də qeyd olunur ki, sülhməramlı missiyanı əsasən rus ordusu yerinə yetirir, türk hərbi mütəxəssisləri paritet əsaslarda monitorinq mərkəzlərində fəaliyyət göstərəcəklər, ruslarla birlikdə müşahidə aparmalı olacaqlar. İndi bizim bildiyimiz məlumatlara əsasən söhbət bundan gedir. Biz gördük ki, rus və türk hərbçilərinin uzunmüddətli danışıqları oldu və hələlik bu danışıqların bir qisminə bələd deyilik. Amma prosesin gedişində artıq müəyyən dəyişikliklər baş verməkdədir və bundan sonra da baş verəcək, çünki bir çox detallar var ki, iki səhifəlik bəyanatda öz əksini tapmayıb.

İkincisi, 10 noyabrda imzalanan sadəcə bəyanatdır, sülh müqaviləsi deyil. Odur ki, müqavilənin hazırlanması prosesində çox hadisələr baş verəcək. Bildiyiniz kimi, artıq Fransa Minsk Qrupu çərçivəsində danışıqların bərpasına çalışır. Qeyd edim ki, Paris bu məsələdə mümkün qədər Ankaranı uzaqlaşdırmağa çalışsa da, anlamır ki, Türkiyə ilk gündən həmsədrlik institutunda təmsil olunmasa da, Minsk Qrupunun üzvüdür. Reallıq da onu göstərir ki, artıq Türkiyənin buradakı rolu və sülh prosesinə qatqısı 3 ay əvvəlkindən qat-qat güclüdür. Odur ki, proseslər getdikcə bunlar nəzərə alınacaq və Türkiyənin rolu artacaq.
- Sizcə, ermənilər məlum razılaşmaya tam əməl edəcək və işğaldakı 3 rayonu da qaytaracaqmı, yoxsa bu sənədin tələbləri də pozulacaq?
- Əlbəttə, qaytaracaq. Düşünürəm ki, bunu etməməklə ermənilər ən çox özlərinə pislik etmiş olarlar. Azərbaycan Ordusu əvvəlki mövqelərində qalır. Ermənistan isə yaxın aylar ərzində nəinki yeni qoşun, hətta az-çox döyüş qabiliyyəti olacaq hərbi dəstələr yaratmaq imkanına belə malik deyil. Bilirsiniz ki, hazırda erməni cəmiyyətində hansı proseslər gedir. Hərbi cəhətdən resursları və imkanları tükənib. Üstəlik ortada qarant rolunda çıxış edən Rusiya var. Bu mənada düşünmürəm ki, Ermənistanın prosesi ilk mərhələdə dayandırmağa və Rusiyaya müqavimət göstərməyə cəsarəti çatsın. Odur ki, rayonların boşaldılacağına şübhəm yoxdur. Sadəcə, orada müəyyən detallar ola bilər - sülhməramlıların postları hara qoyulacaq, Kəlbəcər rayonunun hüdudları əvvəlki xəritə ilə, yoxsa parlamentimizin sonradan qəbul etdiyi qərarlardakı detalları nəzərə alınmaqla müəyyən ediləcək? Belə məqamlar ola bilər, amma rayonların boşaldılacağı heç bir şübhə doğurmur.
Bununla yanaşı, bir məqamı xüsusi nəzərə almaq, dərk etmək gərəkdir - proses hələ davam edir, nə qədər ki, sülh müqaviləsi yoxdur, deməli müharibə bitməyib.
- Ortada rus sülhməramlısı varsa, biz hansı müharibədən danışa bilərik?
- Bəli, var, amma sülh müqaviləsi yoxdur. Rusiya sülhməramlısının olması o demək deyil ki, sülh müqaviləsi olmayacaq. Hər halda, çox şeylər baş verə bilər. Bir məlumat yayıldı ki, erməni hərbi birləşmələrinin bəzi qrupları mövqelərindən çəkilmək istəmirlər. İkinci informasiya getdi ki, sülhməramlılarla onların arasında lokal münaqişə yaranıb və s. İndidən müharibənin olub-olmayacağını söyləmək düzgün deyil. –
- Sülhməramlıların komandirləri İrəvandan Xankəndiyə qaçqın daşıyır, separatçıların saxta lideri və saxta bayrağı ilə fotolar çəkdirir. Bunlar nə deməkdir?...
- Mən yuxarıda qeyd etdim ki, hələ heç nə bitməyib. Biz bu mərhələdə ayıq olmalıyıq. Bəli, sülhməramlıların bölgədə olması və prosesə müdaxiləsi faktdır. Ona görə də, indi biz keçmişin davasını döymək əvəzinə bu prosesin nəzarət altında getməsinə və mümkün qədər bizim müdaxiləmizin güclü olmasına nail olmalıyıq. Ən əsası, buna nail olmağın ilkin şərti ölkə daxilində milli həmrəyliyi qorumaqdır. Bizim əldə etdiyimiz böyük qələbənin bir neçə resursu olub. Ordunun güclü olması, texnoloji üstünlüklər, ölkənin geniş imkanlara malik olması, həmçinin, bu resursla bərabər uğurlu diplomatiya, media, möhkəm və dönməz iradə. Mən şadam ki, Prezident də çıxışlarında dediyi kimi, ən mühüm resurs milli birlikdir. Ermənistanın ən zəif yeri onun ordusundan da çox cəmiyyətinin bölünməsidir və indi də bu proses davam edir. Ermənistanı dağıda bilsə məhz bu proses dağıdacaq, nəinki Qarabağın itirilməsi. Ona görə də biz, milli birliyi qorumalı və birgə hərəkəti davam etdirməliyik. Əgər burada çat baş versə, problemlələrimiz yaranar. Çünki birlik hələ çox problemimizin həlli üçün lazımdır. Bu mənada milli birliyin qorunub saxlanılması son dərəcədə vacib və həyati əhəmiyyət daşıyır.скачать dle 12.1