Bia.Az

Arifə Hüseynova: "Türk dünyası birliyinin gələcəyi ortaq keçmişə deyil, həm də ortaq gələcəyə söykənir"

Gündəm
 24-05-2025, 00:49     715

"Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü təşkilat daxilində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu Zirvə görüşü yalnız siyasi və mədəni əlaqələrin deyil, eyni zamanda iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsində əlamətdar hadisəyə çevrildi". 

Bu sözləri BİA.az-a Turan Dövlətləri Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilcisi, professor Arifə xanım Hüseynova deyib. 

O, qeyd edib ki, Türk Dövlətləri Təşkilatı özündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan (müşahidəçi statusu ilə) və Macarıstanı (müşahidəçi) birləşdirir. Təşkilatın məqsədi ortaq dil, tarix, mədəniyyət və dəyərlərə əsaslanan birliyi möhkəmləndirməklə yanaşı, siyasi və iqtisadi əməkdaşlığı da inkişaf etdirməkdir:"Zirvə görüşündə əsas diqqət nəqliyyat-logistika marşrutlarının genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına, enerji və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdi. Xüsusilə Orta Dəhliz–Çin və Avropa arasında alternativ ticarət və nəqliyyat yolu kimi – müzakirələrin mərkəzində yer aldı. Bu dəhliz, Şərqdən Qərbə yük daşımalarında daha çevik və etibarlı marşrut kimi çıxış edir və TDT üzv ölkələri üçün strateji əhəmiyyət daşıyır. Budapeşt Zirvəsində bu dəhlizin texniki və hüquqi infrastrukturlarının uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi kimi konkret addımlar razılaşdırıldı. Bu əslində TDT-nin İqtisadi əməkdaşlıqda yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirməlidir. Zirvə zamanı imzalanmış sənədlər iqtisadi əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərdi. TDT daxilində ortaq investisiya fondunun yaradılması təşəbbüsü irəli sürüldü ki, bu da regionda birgə layihələrin maliyyələşdirilməsini asanlaşdıracaq. Bu fond vasitəsilə kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, innovasiya layihələrinin maliyyələşdirilməsi və kənd təsərrüfatında ortaq layihələrin təşviq edilməsi planlaşdırılır. Eyni zamanda rəqəmsal platformaların inteqrasiyası və elektron gömrük sistemlərinin sinxronlaşdırılması kimi məsələlər də gündəmdə idi. Bu addımlar üzv ölkələr arasında ticarətin sürətlənməsinə və rəqabət qabiliyyətinin artmasına səbəb olacaq."

Professor Arifə Hüseynova Zirvə görüşündə Macarıstanın rolu və Avropa bağlantısı barədə də fikirlərini bölüşüb:"Macarıstanın müşahidəçi statusunda olsa da, TDT daxilində oynadığı rol əhəmiyyətlidir. Budapeştin ev sahibliyi etdiyi Zirvə görüşü Avropa ilə Türk dünyası arasında əlaqələrin daha da yaxınlaşmasının göstəricisidir. Macarıstan, Avropa İttifaqı üzvü kimi təşkilat üzvü olan ölkələrin Avropa bazarına çıxışında körpü rolunu oynaya bilər. Bu kontekstdə Macarıstanın təşəbbüsü ilə təşkil edilən Türk İnvestisiya Fondu və Budapeştdə açılan TDT İqtisadi Əlaqələndirmə Ofisi, gələcək əməkdaşlıq üçün yeni imkanların əsasını qoyur."

Turan Dövlətləri Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilcisi sonda bildirib ki, Azərbaycan bu Zirvə görüşündə də fəal iştirak edərək regionda iqtisadi layihələrin əsas təşəbbüskarlarından biri kimi çıxış etmişdir. Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı kimi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat-logistika layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi təşkilat üzvü olan ölkələrin iqtisadi inteqrasiyasına ciddi töhfə verir. Bununla yanaşı, həmcinin Azərbaycanın alternativ enerji sahəsindəki təcrübəsi və tranzit imkanları da üzv dövlətlər üçün strateji əhəmiyyət kəsb edir.

"Ümumiyyətlə Budapeşt Zirvə görüşü TDT-nin təkcə mədəni və tarixi birliyi deyil, həm də iqtisadi güc kimi formalaşmağa başladığını göstərdi. Əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan konkret addımlar, qarşılıqlı maraqlar əsasında qurulan layihələr və strateji təşəbbüslər gələcəkdə təşkilatın region və dünya miqyasında daha böyük təsir gücünə malik olmasına zəmin yaradacaq.

Zirvə görüşünün nəticələri bir daha göstərdi ki, Türk dünyası birliyinin gələcəyi yalnız ortaq keçmişə deyil, həm də ortaq gələcəyə söykənir. İqtisadi əməkdaşlıq bu gələcəyin əsas təməl sütunlarından biri olacaq."- deyə A. Hüseynova bildirib.

BİA.az
скачать dle 12.1