Bia.Az

Makrona Fransa ermənilərinin dəstəyi lazımdır

Gündəm
 2-10-2020, 20:39     554

Azərbaycan Ordusunun beynəlxalq hüquq və tanın ərazilərimizi işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn təminatçısı qismində çıxış etməli olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransada qeyri-adekvat reaksiya doğurub.

Uzun illərdir problemin həlli üçün BMT Təhlükəsizlik Şurasından mandat almış və missiyası problemi sülh yolu ilə həll etməli olan bu ölkə, ötən illər ərzində heç bir real addım atmamış, əksinə problemin həlli ötən dövr ərzində daha da mürəkkəbləşmişdir. İndi isə Fransa münaqişənin həlli istiqamətində real addımlar atıldıqda və beynəlxalq hüququn tətbiqi ilə bağlı Azərbaycan öz suveren hüququndan istifadə etdikdə, Fransa tərəf kimi çıxış etməyə başladı və bəlli oldu ki, ötən illər ərzində ATƏT-in Minsk Qrupunun uğursuzluqlarının əsasında məhz Fransanın davranışları durur.

 Bu gün Fransa işğalçı ölkənin müttəfiqi kimi çıxış etməklə problemin həllinə maneçilik törədir. Onun etdiyi çağırışlar bir daha sübut edir ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətdə neytrallığını itirib və ona görə də dərhal həmsədrlikdən istefa verməlidir, ya da Minsk Qrupu institutu onun ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı dərhal qəti addımlar atmalıdır. Sərgilənən bu cür mövqe Fransa prezidenti Emmanuel Makronun timsalında bu ölkədə beynəlxalq hüquqa münasibətdə ikili standartların tətbiq olunduğunun göstəricisidir və beynəlxalq hüquqla sinxron hərəkət edə bilməyən, onun tələbləri qəbul edə bilməyən bir ölkə bundan sonra ATƏT-in Minsk Qrupuna həmsədrlik etməyə mənəvi baxımdan layiq deyil. Ona görə də problemin öz həllini tapması üçün məhz bu cür işğalçı ölkə tərəfindən çıxış edən Fransanın mütləq prosesdən uzaqlaşdırılması beynəlxalq hüququn və bütün sabitliyin təmin olunması üçün vacib şərt kimi ortaya çıxıb.

Fransa prezidenti Emmanuel Makronun açıq-aşkar Ermənistanın təcavüzkar siyasətinə dəstək göstərməsi heç bir siyasi nüfuza, diplomatik dəyərlərə ucalıq gətirən, yaxud üstünlük verən hal deyil və o, işğalçıya "səninləyəm" deməklə əslində özünün siyasəti ətrafında çox utancverici hal yaradıb. Makron ATƏT-in bütün müvafiq tələbləri pozmaqla, birtərəfli bəyanatlar səsləndirməklə, qurumun balans siyasətinə də xələl gətirib və faktdır ki, onun belə bir addıma getməsi öz siyasi ömrünü uzatmağa hesablanıb. Çünki Fransa növbəti prezident seçkiləri ərəfəsindədir və fəaliyyəti dövründə heç bir ciddi siyasi nailiyyətlər əldə edə bilməyən Makron seçici qıtlığından zərər çəkəcəyini yaxşı anlayır. Ona hər hansı bir uğur qazanması üçün Fransa ermənilərinin dəstəyi lazımdır və o da bu dəstəyi əldə etmək üçün beynəlxalq tələbləri belə ayaq altına almaqdadır.

Tural HÜSEYNLİ,
iqtisadcı, Nəsimi rayonu.
скачать dle 12.1