Bia.Az

Yeni ərazi iddiası: İndi də Azərbaycanın bu hissəsinə göz dikiblər - NƏ BAŞ VERİR?

Gündəm
 16-02-2024, 11:47     374

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı “yeni ərazi iddiası” irəli sürür. Onun iddiasına görə, “Ermənistanın 31 kəndi” Azərbaycanın nəzarətindədir. Bu təxribat xarakterli açıqlamanı necə şərh etmək olar, söhbət hansı “ərazilər”dən gedir?

- Ermənilər hər şeyə “öz nöqteyi-nəzərləri” ilə baxırlar. Ermənistanın 90-cı illərdə Şərqi Zəngəzurda işğal etdiyi və Azərbaycanın geri qaytardığı əraziləri nəzərdə tuturlar. Bunlar da dağlıq ərazilərdir, işğal dövründə bu kəndlərin hər birində 10 adam ya yaşayıb, ya yaşamayıb. İndi Azərbaycanın öz legitim və tanınmış sərhədlərinə qayıtmasını “işğal faktı” kimi qələmə verməyə çalışırlar. Paşinyan da bu sərsəm iddia əsasında “31 kəndin qaytarılması”ndan danışır. Bu, tamamilə cəfəngiyyat və uydurmadır. Ona qalsa, Ermənistanın Azərbaycana qaytarmalı olduğu ərazilərin coğrafiyası daha genişdir. Naxçıvana qədər bütün torpaqlar qədim Azərbaycan əraziləridir.

Görünən budur ki, kimlərsə Nikol Paşinyanın puçunu burub, qızışdıraraq ortaya salıb. O da sülh prosesini əngəlləmək üçün belə uydurma vasitələrdən istifadə edir.

- Paşinyan deyir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur. Halbuki özü bundan əvvəl Konstitusiya dəyşikliyinin zəruriliyi və orada yer alan bəzi məsələlərin ölkəsinə yaratdığı təhdiddən danışmışdı. Ermənistan rəhbəri sülhə mane olan əsas məsələnin həlli fikrindən daşınırmı?

- Necə yoxdur? Ermənistanın Müstəqillik Aktı Konstitusiyasının bir hissəsidir. Həmin Müstəqillik Aktında ərazi iddiaları var və Konstitusiya bu sənədə istinad edir. Yəni Ermənistan Konstitusiyasında “Dağlıq Qarabağ”la bağlı bədnam müddəalar var və bunlar hələ də qüvvədədir. Üstəgəl, Ermənistan Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli “Dağlıq Qarabağın Ermənistan birləşdirilməsi” adlı təxribatçı və separatçı qərarı Müstəqillk Aktında öz əksini tapıb. Hələ Türkiyə ilə bağlı məsələləri demirəm.

Ermənistan Konstitusiyası başdan ayağa qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə doludur. Gələcək sülh müqaviləsinin daha etibarlı olması üçün Konstitusiya dəyişdirilməlidir. Əgər Paşinyan hesab edirsə ki, dəyişdirilməyəcək, onda status-kvo indiki şəkildə qalacaq, sülh olmayacaq, tərəflər yenə müharibəyə hazırlaşacaqlar, bölgə yenə odun içində qalacaq. Bundan ən böyük zərəri də elə Ermənistanın özü görəcək.

- Paşinyan son çıxışında sərhədin Almatı bəyannaməsi və sovet dövrünün son xəritələri əsasında müəyyən edilməsi fikrini bir də təkrarladı. Ermənistan niyə təkidlə bu mövzunun üstündə durur, Almatı bəyannaməsi və sovetin son xəritələri maraqlarımıza uyğundurmu?

- Bu xəritələr Azərbaycan üçün məqbul deyil. Azərbaycan üçün məqbul olan 1918-ci ildən sonrakı xəritələrdir. 1920-ci ildə Zəngəzur, 24-cü ildə Dərələyəz qanunsuz yolla, “sovet beynəlmiləlçiliyi” adı altında Ermənistana verilib. 1903-cu illərdə isə Göyçə mahalı bütöv şəkildə Azərbaycandan qoparılıb. 1980-ci illərdə də “əkin və biçin sahələri” adıyla 3000 hektardan çox ərazi Qazax rayonundan qoparılaraq Ermənistana verilib. Ermənistan da özünə uyğun olan xəritələrdən istifadə edərək real faktların üzə çıxmasının qarşısını almağa çalışır. Ermənistanın bu oyunu da keçməyəcək.

- Rusiya rəsmisi Mariya Zaxarova bildirdi ki, sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı Azərbaycanla danışıqlar aparılır. Rusiya bir müddətdir bu məsələni gündəmdə saxlayır. Hələ sülhməramlıların ərazimizdən çıxmaları üçün ilyarımdan çox vaxt var. Moskva niyə indidən bu məsələni gündəmə gətirir, nə kimi məqsədləri var?

- Kreml Güney Qafqazdan çıxmaq istəmir. Bu işdə də sülhməramlılarının Azərbaycanda qalmasını əsas hesab edir. Əvvəl minatəmizləmə ilə məşğul olacaqlarını söylədilər, indi də deyirlər ki, guya sülhməramlılar qayıdacaq ermənilərlə azərbaycanlılar arasında tolerant münasibətlərin yaranmasına töhfə verəcək. Ən müxtəlif bəhanələr və uydurmalarla sülhməramlıları ərazimizdə saxlamağa çalışırlar. Görünən budur ki, müddət bitdikdən sonra da çıxmaq fikrində deyillər. Amma bir il uzun müddətdir, bu dövrdə həm Güney Qafqazda, həm də Rusiya daxilində ciddi geosiyasi dəyişiklik baş verə bilər.

- Zaxarova “ermənilərin Qarabağa qayıdışı”ndan da danışdı, bunu da Bakıyla müzakirə etdiklərini söylədi. Ermənilərin Qarabağda olmaları Rusiyanın nəyinə lazımdır: yeni gərginlik, ya hərbçilərini Azərbaycan ərazisində saxlamaq üçün?

- Rusiya həmişə ermənilərdən bölgədə gərginlik yaratmaq və Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edib. 1980-ci illər və ondan əvvəl, son 30 ildə də belə olub. Ruslar indi də həmin mexanizmi işə salmağa çalışırlar. Rusiya erməniləri Qarabağa ona görə qaytarmağa çalışır ki, “sülhməramlılara ehtiyac var” deyə bilsin. Məncə, bu baş tutmayacaq. Azərbaycan bu məqsədlərin həyata keçməsinə imkan verməyəcək.
скачать dle 12.1