Bia.Az

Azərbaycan liderinin İrəvana mesajı: Bakının sülhlə bağlı tələbi konkretdir - GƏLİŞMƏ

Gündəm
 15-02-2024, 19:24     307

Növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında Azərbaycan-Ermənistan sülh sazişi məsələsinə toxunub. Prezident bildirib ki, məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ölkə başçısının sözlərinə görə, Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər: “Öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik”.

“Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik”.

Ekspertlər hesab edirlər ki, Prezident Əliyev bu sözləri ilə Ermənistan və onu dəstəkləyən güclərə mesajını bir daha çatdırmış oldu. Analitiklərin qənaətincə, Azərbaycan lideri sülhün şərtlərini bir daha diqqətə çatdırmış oldu.

Azad Demokratlar Partiyasının rəhbəri, analitik Sülhəddin Əkbər AYNA-ya müsahibəsində deyib ki, Prezident həm də üç gün əvvəl şərti sərhəddə törədilən snaypert təxribatına dolayısı ilə münasibət bildirmiş oldu:

- Bu təxribat niyə törədildi, kimin bu təxribatda əli var, sifarişi kim verib – bunları bilmək üçün kəşdiyyat məlumatlarına ehtiyac var. Ermənistan tərəfi hərbi polisin bunu araşdırmağa başladığını bildirib, amma bu araşdırmaya etibar edə bilmərik. Təbii ki, düşmən ölkədir, onların obyektiv araşdıracağına inana bilmərik. Amma bizim kəşfiyyatımız işləməlidir, hüquq-mühafizə sistemimiz işləməlidir və lazımi məlumatları toplamalıyıq, dəqiqləşdirməliyik. Bilməliyik ki, bu təxribatın arxasında hansı xarici və daxili qüvvələr dayanıb. Çünki burada ehtimallar çoxdur.

- Sizin ehtimalınız nədir?

- Bu təxribatın arxasında iki dövlət arasında münasibətlərin yaranmasını istəməyən, sülhdə maraqlı olmayan tərəflər dayanır. Yaranmış vəziyyətdən narazı qalan qüvvələr var – Rusiya, İran, Hindistan, Fransa önə çıxır. Bu dairəni genişləndirmək də olar. Təxribatın nə zaman törədildiyi də diqqətçəkən məqamdan biridir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəçiliki üçün tərəflərlə əlaqə saxlamışdı və ilkin razılaşma var idi ki, danışıqlar başlasın. Bunu ABŞ da dəstəklədiyini bildirdi. Rusiya isə Brüssel formatında danışıqlardan, müzakirələrdən narazıdır. Moskva bir tərəfdən hesab edir ki, indiyədək əldə olunan bütün razılaşmalar Rusiyanın vasitəçiliyi ilə olub və Qərb vasitəşiliyi Rusiyanın əlindən almaq istəyir. Digər tərəfdən, prosesdən kənarda qalan Fransa var. Başqa bir tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması halında türk dünyasının bütövləşməsindən, Zəngəzur dəhlizinin açılmasından narahat olan qüvvələr – İran, Hindistan var. Bütün hallarda fakt budur ki, bu təxribatın arxasında yaranmış vəziyyətdən narazı olan, status-kvonun sülh sazişi ilə hüquqi təsbit olunmasını istəməyən qüvvə dayanır. Burada həm də vasitəçilik uğrunda bir savaş gedir. Destruktiv qüvvələr fəaliyyətdədirlər və onların Ermənistan daxilində uzantıları var. Bu uzantılar vasitəsilə həmin qüvvələr təxribatın törədilməsi əmrini verib.

- Prezident Bakının vasitəçisiz danışıqlarda maraqlı olduğunu və vasitəçi olmaq istəyənlərə “gedin, işinizlə məşğul olun” mesajı verdi. Bundan sonra Ermənistanın vasitəçisiz danışıqlara razılaşması mümkündürmü?

- Azərbaycan ikitərəfli anlaşma istəyir. Amma Ermənistan tərəfi isə bunu istəmir. Hesab edirəm ki, Nikol Paşinyan hökuməti sülhdə maraqlıdır. Bakı ilə İrəvanın istəyi arasındakı fərq odur ki, Bakı birbaşa danışıqların tərəfdarıdır, İrəvan isə beynəlxalq vasitəçilərlə razılaşmanı istəyir. Çünki Ermənistan ikitərəfli danışıqlarda zəif hiss edir. Məğlub tərəf olduğuna görə, beynəlxalq təminat almaq istəyir. Məsələ burasındadır ki, vasitəçi olmaq istəyənlərin də siyahısı genişdir. Azərbaycan üçün fərqi yoxdur, vasitəçisiz, yaxud da vasitəçi ilə sülh əldə olunsun. Sadəcə Bakı gördü ki, vasitəçilərlə proses yenidən uzanır. Azərbaycan tərəfi beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh sazişinin olmasında maraqlıdır. Prezident də bildirdi ki, bu formada sülh sazişinə Bakı razıdır. Dövlət başçısının verdiyi mesaj ondan ibarətdir ki, təxribatlara baxmayaraq Azərbaycan öz yolu ilə gedəcək, mövqeyini dəyişməyəcək.

- Prezident sülhlə bağlı tələb qoydu və Ermənistanın iddialarından əl çəkməyəcəyi, qanunvericiliklərində dəyişiklik etməyəcəkləri halda müqavilənin imzalanmayacağını bildirdi. Sizcə, İrəvan bu tələbə əməl edəcəkmi?

- Mənə elə gəlir ki, bu tələb əvvəllər danışıqlarda, diplomatik kanallarla olan təmaslarda ortaya qoyulub. Ermənistan tərəfi bu tələbi ictimailəşdirdikdən sonra Azərbaycan Prezidenti də ictimai səviyyəyə qaldırdı. Söhbət Ermənistan Konstitusiyasında dəyişikliklərdən və qanunvericiliklərinə yenidən baxmalarından gedir. Hesab edirəm ki, Bakının bu tələbi əvvəldən var idi. Ermənistanın Müstəqillik Bəyannaməsində, həm də bu, Ermənistan Konstitusiyasının preambula hissəsində əksini tapıb, açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası var. Bəyannamədə “Qarabağın Ermənistana birləşdirilməsi”, “soyqırımı” məsələləri var ki, bunlar qaldığı halda sülh sazişi dayanıqlı ola bilməz. Qanunlarında dəyişiklik edilməsə, sülh sazişi imzalansa da, Ermənistanda ratifikasiya olunmayacaq. Erməni müxalifəti sazişi Konstitusiya Məhkəməsinə göndərəcək, Məhkəmə də bunun qanuna zidd olduğunu bildirəcək. Ona görə də Azərbaycan lideri sülhün qanunvericiliyə uyğunlaşdırılmalı olduğunu mesajını verdi. Ermənistan bu mesajı aldımı, məncə, bəli. Əslində dediyim kimi, bu tələb çoxdan qoyulub. Paşinyan hakimiyyəti də qanunvericilikdə dəyişiklik etmək üçün çalışır. Buna nail ola biləcəkmi, zaman göstərəcək. Ya Ermənistanda qanunvericilik dəyişdiriləcək və sülh sazişi imzalanacaq, ya da dəyişməyəcəklər, sülh sazişi imzalanmayacaq. Məsələ məncə, bu qədər açıqdır.
скачать dle 12.1