Bia.Az

Gürcüstan iqtisadi və siyasi sabitliyini Azərbaycana borcludur – Üç ölkəyə Bakıdan sərt təpki

Gündəm
 5-02-2024, 17:57     226

“AŞPA-dakı səsvermə geniş şəkildə analiz edilməlidir və bununla bağlı lazımi qərarlar verilməlidir. Xüsusilə orada əleyhimizə səs verən dövlətlərin bir çoxunun bizlə yaxşı münasibəti var idi. Hətta deyərdim, bizə vəfa borcu var”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Moldova və Ukraynaya çox böyük köməyi dəyib:

“Gürcüstan hesabımıza milyonlar qazanır. Bütün boru kəmərlərini Gürcüstan ərazisindən salmışıq ki, onların da qazancı olsun. Tiflisdə oturub hər il hökumət dəyişdirən cənablar düşünmürlərmi ki, Azərbaycan onları qaz və neftlə təmin etməsəydi, Rusiyanın qarşısında 1 ay belə duruş gətirə bilməzdilər və gürcü xalqı onları hakimiyyətdən qovacaqdı. Bu gün Gürcüstan tək iqtisadi yox, siyasi sabitliyini də Azərbaycana borcludur.

Ümumiyyətlə, Gürcüstanın bir dövlət kimi ayaqda qalmasının ən böyük qarantı Azərbaycandır. Ancaq biz əvəzində nə gördük? Gürcüstan Avropa İttifaqına namizədlik statusu alan kimi mövqe dəyişikliyinə getdi. Baş nazir İrakli Qaribaşvili İrəvana gedib Ermənistanla strateji əməkdaşlıq haqqında müqavilə imzaladı. Bu həm qonşuluq əlaqələrinə, həm də müttəfiqlik münasibətlərinə yaraşmayan hərəkətdir. Moldovanın da mövqeyi təəssüf doğurur. Azərbaycanla Moldova arasında çox geniş əlaqələr formatı qurulmuşdu.

Zeynal Əmrəliyev
Bakı və Kişinyov arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədə inkişaf etmişdi. Ancaq heyif ki, Moldova bunu düzgün dəyərləndirə bilmir. Enerji sahəsində geniş əməkdaşlığımız var idi. Yox, Kişinyovda oturanlar yenə Rusiyadan asılı hala düşmək istəyirlərsə, buyura bilərlər. Xüsusilə Moldova Azərbaycanla əməkdaşlıqda maraqlı olmalı idi. Onun da ərazisinin bir hissəsində separatçı qurum fəaliyyət göstərir və illərdir orada Rusiya qoşunları var.

Azərbaycan postsovet məkanında seperatçılığa tamamilə son vermiş tək ölkədir. Biz 3 ilə bunu tam bacardıq. Bu Moldova üçün də nümunə olmalı idi və onlar Azərbaycandan bunu öyrənməyə çalışmalı idilər. Ancaq çox təəsüf ki, bir çox avropalı siyasətçini ölkəsinin maraqları düşündürmür. Şəxsi maraqlar hər şeyin önünə keçir. Ukraynalı deputatlar isə Azərbaycan əleyhinə səs vərəndə, məncə, vicdan əzabı çəkməli idilər. Ukrayna Prezidenti Vladimir Zelenski özü etiraf edir ki, Azərbaycan Ukraynaya ən çox humanitar yardım edən ölkələrdən biridir. Sağ ol budur? Azərbaycan Ukraynanı heç vaxt tək qoymayıb”.

Ekspert deyib ki, Rusiya ilə hazırda çox güclü əlaqələrimiz var:
“Azərbaycan-Rusiya əlaqələri tarixin ən gözəl dövrlərini yaşayır. Ancaq biz hər şeyə rəğmən Ukraynanı müdafiə etdik, onun yanında olduq. Bu həm də Azərbaycanın dövlət siyasətidir. Dövlət başçısının da dediyi kimi, Azərbaycan ədalətsizlikdən əziyyət çəkiən ölkədir, ona görə də biz dünyada hər zaman ədalətin yanında duracağıq. Bu həm də bizim dövlət siyasətimizdir. Ona görə bu üç ölkənin hökuməti AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatlara izah etməlidir ki, yanlış hərəkətə yol veriblər. Bu yanlış təkcə bizə deyil, öz ölkələrində də edilib”.скачать dle 12.1