Bia.Az

"20 yanvar və 31 mart faciəsi Azərbaycan xalqını milli istiqlal uğrunda apardığı mübarizədən çəkindirmədi"

Gündəm
 20-01-2024, 15:15     310

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri var. Lakin çox nadir hallarda bu iki məqam, yəni faciə və qəhrəmanlıq səhifələri üst-üstə düşüb. 1990-cı ilin 20 yanvar tarixi tariximizin belə səhifələrindəndir. 1990-cı ilin 20 yanvar hadisəsi faciə ilə nəticələnsə də, bu hadisə Azərbaycanın XX əsr tarixinin əzm, iradə və qəhrəmanlıq səhifəsidir. 20 yanvar tarixi Azərbaycan xalqının həm də tarix qarşısında sınağa çəkildiyi bir tarixdir və bu sınaqdan xalqımız üzüağ çıxmağı bacardı. Dünyanı lərzəyə salan sovet imperiyasının tankları qarşısına əliyalın çıxaraq müstəqillik uğrunda mübarizədə xalqımızın nümayiş etdirdiyi əzm və iradə Azərbaycan xalqını bütün dünyaya məğrur bir xalq kimi bir daha tanıtdı.

20 yanvar hadisəsi niyə baş verdi? Əliyalın xalqın üzərinə tanklarla hücum etməkdə məqsəd nə idi və bunun nəticəsi nə oldu?

Tarixçi Vasif Qafarov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, xalqımız XX əsrdə iki dəfə müstəqilliyinə qovuşub. Bunlardan biri yüz ildən çox davam edən müstəmləkə əsarətindən sonra 28 may 1918-ci il tarixində istiqlalımızı əldə etməyimizdir. Digəri isə, 70 illik sovet işğal rejiminə son qoyulduqdan sonra 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etməyimiz. Biz bu hər iki hadisəyə gedən yola nəzər salsaq görərik ki, hər iki hadisənin qarşısını almaq və Azərbaycanın istiqlalına qovuşmasına imkan verməmək üçün xalqımıza qarşı qanlı cinayət əməllərinə əl atılıb. Azərbaycanın 28 may 1918-ci il tarixinə gedən yolda 1918-ci ilin 31 mart tarixində Bakıda Azərbaycan xalqına qarşı soyqırım hadisəsi törədildi.
Vasif Qafarov 
Vasif Qafarov

Vasif Qafarov bildirib ki, bu hadisənin törədilməsində məqsəd Azərbaycanın istiqlal mübarizəsini qanla boğmaq və onun müstəqilliyinə imkan verməmək idi. Lakin faciəli mart hadisələri Azərbaycan xalqının milli istiqlal mübarizəsinə yeni bir təkan verdi və bu mübarizə iki ay sonra – 1918-ci il mayın 28-də istiqlalımızın elan olunması ilə nəticələndi.

“20 yanvar 1990-cı il hadisəsində də məqsəd eyni idi, yəni Azərbaycanın müstəqilliyinin qarşısını almaqdan ibarət idi. 20 yanvar hadisəsi də 31 mart hadisəsi kimi faciə ilə nəticələnsə də, bu hadisəni törədənlər öz məqsədlərinə nail ola bilmədilər, Azərbaycan xalqını istiqlal uğrunda mübarizədən çəkindirə bilmədilər. Əksinə, bu hadisə də xalqımızın istiqlal mübarizəsinə yeni bir təkan verdi və nəticədə xalqımız 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi”-deyən Qafarov qeyd edib ki, həm 31 mart 1918-ci il, həm də 20 yanvar 1990-cı il tarixləri ümumxalq faciə günü xatırlansa da, əslində bu tarixlər xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

20 yanvar şəhidlərimiz Azərbaycanın istiqlalı uğrunda canlarını fəda edən qəhrəmanlarımızdır. 20 yanvarda xalqımıza qarşı edilən təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, bu təcavüzü törədənlər xalqımızın mənliyini tapdalaya bilmədi, qürurunu və əzmini, eyni zamanda iradəsini sındıra bilmədi. 20 yanvar nəinki xalqımızın, dünyanın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.скачать dle 12.1