Bia.Az

Əliyev təkid edir: Ermənistan Zəngəzurdan maneəsiz yol verməlidir - Rəsmi İrəvan isə...

Gündəm
 14-01-2024, 01:09     305

Ermənistanın “Sülh qovşağı” nəqliyyat layihəsi piar-aksiyadır. Bunu Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

“Ermənistan bu ideyanı Zəngəzur dəhlizinə alternativ kimi irəli sürüb və bu, əslində piar-aksiyadır”, – Əliyev deyib.

Onun sözlərinə görə, “Ermənistan Zəngilandan Ordubada maneəsiz keçidimizi təmin etməlidir və bu, onların öhdəliyidir”.

“Azərbaycandan Azərbaycana gedən insanlar, yüklər və nəqliyyat vasitələri heç bir gömrük yoxlamasına məruz qalmamalıdır. Başqa ölkələrdən gələn mallara görə isə təbii ki, gömrük rüsumu alınmalıdır. Bu, Azərbaycandan Türkiyəyə gedən yüklərə də aiddir”, – Əliyev bildirib.

O, hesab edir ki, bu məsələlərdə təkcə Ermənistanın “təminatları” kifayət deyil. “Noyabrın 10-da qəbul edilən Üçtərəfli Bəyanata əsasən, bu marşrutda təhlükəsizliyi Rusiya sərhədçiləri təmin etməlidir”, – Əliyev deyib.

O, Azərbaycanın Zəngəzur dəhlizini zorla açmaq niyyətində olması ilə bağlı iddiaları rədd edib. “Biz, Ermənistanın yolu açmaq istəmədiyini görəndən sonra qərara gəldik ki, Naxçıvana İran ərazisindən yol çəkək”, Əliyev sözünə davam edib.

Daha sonra o, ABŞ-ın Bakının İran ərazisindən keçən yol çəkmək qərarını pisləməsini tənqid edib. “Əvvəlcə yolun Ermənistan ərazisindən keçməsini təmin edin, onda başqa marşrutla getməyə ehtiyac qalmayacaq“, – Əliyev Vaşinqtona müraciət edərək deyib.

“Amerikanın bəyanatı nə deməkdir? Yəni, biz buna icazə verməyəcəyik? Onlar Zəngəzura, yaxud İrana qoşun yeridəcəklər?” – prezident davam edib.

“Əgər Zəngəzur dəhlizi açılmasa, o zaman Ermənistan həmişəlik dalanda ilişib qalacaq və biz onunla heç bir yerdə sərhədlərimizi açmayacağıq” – Əliyev qonşu dövlət üçün o qədər də xoş olmayan perspektivləri dilə gətirib.

Əgər hər şey həqiqətən də belədirsə, bu, Cənubi Qafqaza üçün çox qaranlıq gələcək vəd edir. Çünki belə bir ssenaridə Cənubi Qafqazın düz mərkəzində yerləşən Ermənistandan keçəcək bütün nəqliyyat və logistika imkanlarını tamamilə istisna etmək olacaq. Doğrudanmı Ermənistan Əliyevin proqnozlaşdırdığı bu varianta üstünlük verəcək? Bu, Azərbaycan, Gürcüstan, Türkiyə üçün hansı itkilər vəd edir?

Pressklub.az-ın suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında kommunikasiyanın açılması hər iki dövlətin strateji maraqlarına uyğundur. “Bu addım iki dövlət arasında gələcək münasibətlər üçün müsbət zəmin yarada bilər. Eyni zamanda, bu, regionda sülhün və əməkdaşlığın dərinləşməsi üçün əsas amilə çevrilir”, – o deyir.

Məmmədli hesab edir ki, Ermənistanın bu məsələyə yanaşması qeyri-konstruktivdir. “Azərbaycan ərazilərini 30 ildir işğal altında saxlayan dövlət qonşusu ilə etimadı bərpa etmək üçün ciddi addımlar atmalıdır. O, Azərbaycanı bir daha revanşist siyasətə əl atmayacağına inandırmalıdır. Nəinki rəsmi Bakı, Azərbaycanın fəal əhalisinin böyük əksəriyyəti Ermənistanın real sülhdə maraqlı olduğuna inanmır”, – ekspert hesab edir.

O, hesab edir ki, regionda etibarlı əməkdaşlığın əsasını qoymaq üçün Ermənistanın “Zəngəzur dəhlizi” layihəsinə razılıq verməsi vacibdir. “Əks halda Ermənistan növbəti dəfə özünü regional əməkdaşlıqdan kənarlaşdıracaq.

Naxçıvanı Azərbaycanın cənub-qərb bölgəsi ilə birləşdirən ən qısa və əlverişli yol bu ərazidən keçir. 35 il əvvəl burada aktiv dəmir yolu var idi. Və burada magistral yol çəkmək daha asandır. Azərbaycanın digər alternativ variantlarla razılaşmaması məntiqlidir. Əgər Ermənistan bu ən qısa və ən uyğun yola razı olmasa, deməli, onun qonşusu ilə münasibətləri normallaşdırmaq məqsədi yoxdur”, – politoloq əmindir.

Onun fikrincə, Ermənistan bu dəhlizə razı olmasa, Azərbaycan, Türkiyə, İran və Gürcüstan heç nə itirməyəcək. “Ancaq Ermənistan bu marşrutdan yayınmaqla özünə daha böyük ziyan vuracaq. Yol və ya dəhlizin təhlükəsizliyi, iş saatları tərəflər arasında müzakirə oluna və razılaşdırıla bilər. İlkin mərhələdə, etimadlı münasibətlər formalaşmayana qədər region dövlətlərinin dəhlizin təhlükəsizliyinin təmin edilməsində iştirakı istisna edilməməlidir. Yəni bu məsələləri regional dövlətlər arasında müzakirə yolu ilə həll etmək olar.

Cənubi Qafqazda əməkdaşlıq, təhlükəsizlik və sülh naminə region ölkələrinin birgə səylər göstərməsi vacibdir. Rusiya-Ukrayna müharibəsinin nəticəsi Cənubi Qafqazın gələcəyini müəyyən edəcək. Hazırda münasibətlər keçid dövründədir”, – deyə Məmmədli yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Dia-az.infoскачать dle 12.1