Bia.Az

Müdafiə Nazirliyində baş verənlər: Sülh üçün müharibəyə hazır olmalıyıq!

Gündəm
 13-01-2024, 23:18     308

Müdafiə nazirinin müavini general-leytenant Ənvər Əfəndiyevin, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin və digər zabitlərin istefaya göndərilməsi sosial şəbəkələrin Azərbaycan seqmentində geniş şəkildə müzakirə edilir.

Bunun kadr islahatı, yoxsa hər hansı mərhələyə hazırlıq olduğu dartışılır.

Maraqlıdır, istefaların, yerdəyişmələrin əsl səbəbi nədir? Başqa kimlər istefaya göndərilə bilər? Azərbaycan nəyə hazırlaşır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Müdafiə Nazirliyində həyata keçirilən dəyişikliklər Silahlı Qüvvələrdə gerçəkləşdirilən və çox güman ki, bir neçə aydan sonra daha qabarıq şəkildə nəzərə çarpacaq islahatlarla bağlıdır:
“Təbii ki, bütün bu amillər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da güclənməsinə xidmət edir. Müasir dövrdə, xüsusilə də dünyada baş verən qlobal geosiyasi dəyişikliklərin fonunda ölkənin müdafiə qabiliyyətinin artırılması mühüm faktordur. Çünki hazırda dövlətin və cəmiyyətin təhlükəsizliyi amili bütün dünyada ən prioritet amillərdən biri və birincisidir. Ardıcıllıqla götürsək, ilk sırada ölkənin müdafiə qabiliyyəti, sonra ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər, əgər ümumiləşdirsək, iqtisadi təhlükəsizlik də adlandıra bilərik, daha sonra isə enerji və ekoloji təhlükəsizlik faktorları dayanır. Bu amillər, həm də bir-biri ilə zəncirvari formada əlaqəlidirlər.


Elçin Mirzəbəyli

Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası ilə bağlı mühüm bir mərhələni başa vurub, növbəti bir mərhələyə qədəm qoyub. Təfərrüatlarına varmaq istəmirəm və düşünürəm ki, fevral ayının sonlarına yaxın ümumi mənzərə bir çoxumuz üçün daha aydın görünəcək.

Hikmət Mirzəyevin quru qoşunlarının komandanı təyin olunması da təbii qəbul olunmalıdır. Məlum olduğu kimi, Azərbaycan Ordusu Türkiyə modelinə keçid edir. Quru qoşunları yeni yaradılıb və özünü doğruldub. Komando birliklərinin döyüş qabiliyyətinin nə qədər yüksək olduğunu antiterror tədbirləri zamanı gördük. Hərbçi deyiləm, amma dəyişikliklərin ümumi fəlsəfəsi onu deməyə əsas verir ki, quru qoşunlarımız bütövlükdə xüsusi təyinatlıların missiyasını yerinə yetirəcək.

Qeyd edim ki, dəyişikliklərin yeni bir müharibəyə hazırlıq xarakteri daşıdığını düşünmürəm. Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan telekanallarına son müsahibəsində bununla bağlı bütün məqamlara aydınlıq gətirdi. Sitat: “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.

Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq.
Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər”.
Zənnimcə, dövlət başçısının iqtibas gətirdiyim fikirlərində bütün məqamlar öz əksini tapıb və nəticə çıxarmaq üçün əsas verir. Zəif, pərən-pərən düşmüş hərbi birliklərdən fərqli olaraq, güclü ordu anlayışının son həddi yoxdur. Hədəf daha və daha güclü, daim güclənən bir orduya sahib olmaqdır. Güclü ordu dövlətin, vətəndaşların təhlükəsizliyinin və yeni müharibələrin baş verməməsinin əsas təminatçısıdır. Azərbaycan da bu fəlsəfə ilə hərəkət edir”.

Deputat Hikmət Babaoğlu isə deyib ki, Müdafiə Nazirliyində qeyri-adi heç nə baş vermir:

Hikmət Babaoğlu

“Qalib ordu yenidən təşkilatlanır. Çünki Müzəffər Ali Baş Komandanımız demişdi ki, biz artıq üç il bundan öncə mövcud olan ordudan daha güclü ordu yaratmağı bacarmışıq. Güclü ordu olmaq isə güclü kadrlar tələb edir.

Azərbaycan ordusunda həm hərbi-nəzəri strateji bilikləri dərindən mənisəməmiş, həm də biliklərini real döyüş təcrübəsi olan çox saylı zabit ehtiyatı var. Ona görə də yeni təyinatlar güclü ordu üçün zəruridir.

Təyin edilən kadrlara baxdıqda görünür ki, ictimai rəydə bu məsələ təbii qarşılanır. Bu bir daha onu göstərir ki, xalq ordunu yaxından izləyir və rəsmi yerdəyişmə olana qədər kimi görmək istədiyini ifadə edir. Yəni Azərbaycan cəmiyyəti ordusunu diqqət mərkəzində saxlayır.
Diqqət etsəniz görə bilərsiniz ki, ordumuz qarşısında müharibə çağırışı yoxdur. Bunu bir daha cənab Prezident yerli kanallara müsahibə zamanı bəyan etdi. Ancaq şübhəsiz ki, biz regionda davamlı sülh əldə etmək istəyirik. Sülh üçünsə müharibəyə hazır olunmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Müdafiə Nazirliyində çoxsaylı generallar xidmət edir və onların zaman-zaman ehtiyata, istefaya göndərilməsi normal haldır:


Ədalət Verdiyev

“Bu proseslər əvvəl də olub. Böyük ehtimalla gələcəkdə də baş verəcək. Hikmət Mirzəyev Azərbaycan xalqının qəhrəman oğullarından biridir. Onun indiyə qədər olan vəzifəsi kifayət qədər yüksək idi. İndi isə onun Müdafiə Nazirinin quru qoşunlarına komandan təyin edilməsi ictimaiyyət tərəfindən dəstəklənir.

Heydər Piriyev də hörmətli generallarımızdan biridir. Bir dəfə də olsun ki, onun adı mənfi işlərdə hallanmayıb. Onun yerinə təyin edilən polkovnik Gündüz müəllimi şəxsən tanımasam da onun haqqında da müsbət şeylər eşitmişəm.

Xidmətdə maksimum yaş həddinə çatan şəxslər istefaya, ehtiyata göndərilməlidir ki, gənc kadrlar onların yerinə gəlsin. O ki qaldı bundan sonra kimlərin vəzifəyə gətiriləcəyinə, bu haqda heç nə deyə bilmərəm. Bu məsələlər birmənalı şəkidə Ali Baş Komandanın səlahiyyətindir”.

Turan Rzayev
Globalinfo.azскачать dle 12.1