Bia.Az

Gələcək Tarixin başlanğıcı

Gündəm
 12-01-2024, 12:11     152

...Və ya yeni mərhələnin "referendum"una önsöz əvəzi

Prezident İlham Əliyev yerli telekanallara geniş müsahibə verdi. Bu, artıq bir ənənə halını alıb. Əvvəllər tez-tez belə sual eşidirdik: "Prezident niyə xarici media orqanlarına müsahibə verir, ancaq yerli mediaya yox?!" Bu sual da haqlı idi.

Prezidentin komandasından bu suala belə cavab verilirdi ki, beynəlxalq aləmdə Azərbaycana qarşı informasiya müharibəsi aparılır, ona görə də resurslar daha çox o savaşda qalib gəlmək üçün yönləndirilir. Buna da haqq vermək olardı; zaman da bu strategiyanın doğruluğunu, prinsipcə, göstərdi.

44 günlük Vətən müharibəsi zamanı da əslində bir deyil, üç cəbhədə savaş gedirdi. Biri birbaşa hərbi əməliyyatlar teatrında - Qarabağda və Şərqi Zəngəzurda hərbi vasitələrlə aparılırdı. İkincisi, siyasi-diplomatik müstəvidə idi. Üçüncüsü isə, informasiya platformalarında cərəyan edirdi. Hər üç müharibənin bir Ali Baş Komandanı var idi (ki, yenə də var). Çünki diplomatiya və informasiya sferalarında işlər hələ də gedir.

Hələ ki Ermənistanla sülh müqaviləsi qarşı tərəfin yubatması üzündən imzalanmayıb. Hələ də sərhədlərlə və anklavlarla bağlı məsələ həllini tapmayıb və hələ də "Zəngəzur dəhlizi" açılmayıb. Hər üç istiqamətdə Azərbaycan tərəfi həm birbaşa Prezidentin özü, həm Prezident Administrasiyası, həm də Xarici İşlər Nazirliyi dayanmadan iş aparır. İlkin nəticələr də var. Ancaq yekun nəticələr hələ ki əldə olunmayıb. Bu səbəbdən Prezidentin son müsahibəsində: "Sakitləşmək olmaz" ifadəsi diqqəti ayrıca cəlb edir. O demək istəyir ki, arxayınlaşmaq olmaz; hələ başa çatdırmadığımız işlər var. Prezident Fransanın, eləcə də, başqa güclərin Ermənistan cəmiyyətində revanşizm əhvalını qızışdırmağa çalışdığını açıq vurğuladı. Prezident dedi ki, yeni müharibənin olmaması üçün əlindən gələni edəcək. Ancaq buna baxmayaraq, arxayınlaşmaq da olmaz.

Tamamilə doğru fikirdir. Ölkə Prezidentinin bu çağırışı informasiya mübarizəsi üçün də keçərlidir.

Elə haqqında danışdığım müsahibənin özü də informasiya mübarizəsində çox mühüm bir həmlə idi. Çünki bu müsahibədə, əslində, bütün nöqtələr "yüksəkdəqiqlikli informasiya silahı" ilə vuruldu.

Məsələn, niyə Ermənistan sülh müqaviləsini imzalamağı yubatmağa çalışır? Cavabı var. Niyə sərhədlərin delimitasiyasında 70-90-cı illərə aid xəritələrin əsas götürülməsinə çalışırlar?! Çox açıq, aydın, dəqiq cavabı var. Konkret faktlara söykənən izahdır.

Prezident dedi ki, 1918-ci ildə İrəvanın Ermənistana verilməsindən sonra Sovet dövründə də bu torpaq bağışlama davam edib; Zəngəzur mahalı Ermənistana verilib. Sonrakı dövrlərdə də bu "hədiyyələr" davam etdirilib. Nəticədə Azərbaycanın ərazisi Xalq Cümhuriyyəti dövründəki 114 min kvadrat kilometrdən 86,6 min kvadrat kilometrə düşüb. 1969-cu ilin mayında sonuncu belə "hədiyyə" olub.

Ermənistan ona görə 1975-ci ilin xəritəsinə istinad edir, Azərbaycanın da buna razılıq verməsini istəyir ki, həm Xalq Cümhuriyyəti dövründə, həm Sovet dövründə Azərbaycandan qoparılıb Ermənistana verilmiş torpaqları özününkü kimi təsbit etdirsin. Məsələ bitsin.

Azərbaycan buna getmir, gedə bilməz, çünki hələ də bu iki dövlət sülh müqaviləsi imzalamayıb. Həm də bu, Azərbaycanın tarixi torpaqlarının birdəfəlik Ermənistana verilməsinə razılaşmaq olardı.

Doğrudur, Azərbaycan prezidenti dəfələrlə deyib ki, Ermənistana ərazi iddiası yoxdur və bu, belədir. Bununla yanaşı, Prezident: "Biz o torpaqlara qayıdacağıq" cümləsini qurmuşdu. Sanki ilk baxışdan kontrast kimi görünə bilər. Ancaq burada ziddiyyət yoxdur; Prezident İlham Əliyev əvvəl də, indi də o mövqeyində qalır. Sülh müqaviləsi imzalandıqdan sonra, Zəngəzur dəhlizi açıldıqda, Qərbi Azərbaycandan olan soydaşlarımız indiki Ermənistana qayıdıb məskunlaşdıqca biz o tarixi torpaqlara qayıdacağıq deməkdir.

"Sülh müqaviləsi nə üçün lazımdır?

Bizim başqa qonşularımızla sülh müqaviləmiz yoxdur, niyə Ermənistanla olmalıdır?" kimi suallar çıxa bilər. Cavabımız qısaca belə ola bilər: Ermənistandan başqa heç bir yaxın və ya uzaq dövlət bizim ərazimizə hücum etmıyib, işğal etməyib. Bunu Ermənistan etmişdi (hə, arxasında duranlar, Ermənistanı bir xalqdan, ölkədən, dövlətdən bir proksiyə çevirmişlər, o başqa söhbətin mövzusudur). Biz Ermənistana müharibədə qalib gəlmişik. Bu dövlətin gələcəkdə də eyni əməlləri törətməyəcəyinə zəmanət yoxdur. Sülh müqaviləsi, əvvəla, bu zəmanətləri almaq, qarşı tərəfin üzərinə çəkindirici öhdəliklər qoymaq üçündür ki, gələcəkdə revanşist ovqata qapılmasın. Kiminsə əlində Azərbaycana qarşı oyuncaq olmasın. İkincisi, iki dövlət bir-biri ilə normal qonşuluq etsin, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa başlasın. Bölgəyə sabitlik və inkişaf gəlsin.

Prezidentin müsahibəsində sülh müqaviləsi haqda dediyi fikirlərin və verdiyi məlumatların ana xətti məhz budur.

Sülh (əlbəttə, ədalətli sülh müqaviləsi) əslində, Azərbaycandan daha çox Ermənistana lazımdır. Yenidən bölgədə vəziyyət gərginləşərək qarşıdurma səviyyəsinə çatsa, təbii ki, Azərbaycan bundan ziyan çəkər, ancaq Ermənistanın özünün dövlət kimi varlığı şübhə altına düşər. Bunu elə Ermənistanın özündə də nəinki media, ekspert dairələrində, hətta siyasi platformalarda belə müzakirə edirlər. Reallığı görə bilənlər bu təhlükə haqqında açıq danışırlar.

Prezident İlham Əliyevin müsahibəsindəki fikirlər, revanşizmdən çəkindirici çağırış və xəbərdarlıqlar da bu baxımdan mühümdür, maraqlıdır.

Əlbəttə, bu müsahibədəki fikirlərin hamısını bir yazıda şərh etmək çətindir. Bu, proqram xarakterli bir müsahibə idi; dediyim kimi, bütün nöqtələrə işıq salınmışdı. Xüsusilə, növbədənkənar prezident seçkiləri ilə bağlı, eləcə də, bu seçki ilə yeni dövrün başlandığının elan edilməsi ayrıca təhlil olunmalıdır. Eyni zamanda yeni birləşdirici milli ideyanın tapılması və bunun üçün ictimai müzakirələrə başlamaq haqda söylənən fikir - Prezidentin özünün şəxsən bu müzakirəni faktik olaraq açıq elan etməsi mühüm tarixi ərəfənin yetişdiyini göstərir. Bu mövzularla, eləcə də, müsahibədəki başqa fikirlərlə bağlı şərhlərimiz olacaq. Ancaq hələlik yeni milli ideya haqda onu deyə bilərik ki, qazanılmış tarixi qələbə fonunda qazanılmış siyasi kapital siyasi və iqtisadi islahatların aparılmasına və Azərbaycanın yüksək sosial rifah dövlətinə çevrilməsinə siyasi "sərmayə" ola bilər. İndiyədək əsas ideya - Azərbaycanın ərazi bütövlüyünün və bütöv ərazidə dövlət suverenliyinin bərpası idi. Prezidentin özünün də dediyi kimi, bu məqsədə nail olunub. İndi həmin bütöv ərazidə bütöv əhalinin daha yaxşı həyat sürməsini təmin etmək lazım gələcək.

Prezident dedi ki, özünün də fikirləri var. Belə hiss olunur ki, postmüharibə dövrü - yeni tarixi mərhələ köklü islahatlar mərhələsi olacaq. Hər halda proseslərin daxili məntiqi bunu deməyə əsas verir. Prezidentin yeni birləşdirici milli ideya ilə bağlı ictimai müzakirə açması atılacaq addımlara cəmiyyətdən böyük dəstək gözlədiyini göstərir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün aparılan mübarizədə cəmiyyət Prezident İlham Əliyevə tam və birmənalı dəstək vermişdi. Bu da tarixi qələbəni mümkün edən əsas amillərdən biri oldu. Hazırda mümkün sülh müqaviləsi ətrafında görülən işlərə də ictimai dəstək var. Bundan sonrakı proseslərdə də belə bir milli birlik lazımdır. Əslində 7 fevralda növbədənkənar prezident seçkisi bu strateji xəttə və İlham Əliyevin özünün dövlət başçısı kimi siyasi şəxsiyyət profilinə dair bir növ referendum xarakteri də daşıyacaq

Başqa sözlə, 7 fevralda vətəndaşlar təkcə özünə prezident deyil, yeni yol, yeni ideya, yeni tarixi hədəf də seçmiş olacaq. O səbəbdən, bu seçkidə seçici fəallığının çox yüksək olması şərtdir; özlərinin və övladlarının gələcəyinə biganə olmayan insanlar, əlbəttə, bu seçkiyə qatılacaqlar. Buna şübhə yoxdur.

Təbii ki, söhbət yeni tarixi mərhələnin başlanmasından gedirsə, daha güclü dövlət və daha firavan cəmiyyət istəyiriksə, səsvermə hüququ olan hər kəs 7 fevral günü hamılıqla məntəqələrə gələcək və gəlməlidir. Çünki bu seçkidə təkcə ölkənin prezidenti seçilmir, həm də və ən başlıcası, yeni tarixi mərhələnin lideri seçilir.

Haşiyə çıxaraq deyim ki, seçkiləri boykot etdiyini düşünən siyasi, ictimai kimliklər özlərini bu mühüm tarixi prosesdən kənarda qoymaqla, məncə, səhvə yol verirlər. Bu mövqe hazırda təkcə iqtidara və prezidentə qarşı deyil, bütövlükdə toplumun maraqlarına qarşı müxalifət deməkdir. Ancaq, əlbəttə, hər kəs öz doğru bildiyi yolu seçib. Sadəcə, bu "boykot" qərarlarının hansısa siyasi nəticələr doğuracağı, yumşaq desək, şübhəlidir. Çünki bütövlükdə Azərbaycan cəmiyyətinin, o cümlədən və xüsusilə, keçmiş köçkünlərin seçimi artıq bəllidir. Bu seçimi gəlib səsvermədə təsdiq etmək lazımdır və şəksiz ki, bu, belə də olacaq.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

скачать dle 12.1